YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

İşçilərin pulunu ödəmədən şirkəti bağlamaq tarixə qarışır — Yeni qayda gəlir!

İşçilərin pulunu ödəmədən şirkəti bağlamaq tarixə qarışır — Yeni qayda gəlir!

Azərbaycanda müəssisə və şirkətlərin fəaliyyətini dayandırması zamanı işçilərin əmək hüquqlarının qorunması məsələsi yenidən gündəmə gəlib.

İşəgötürən şirkətini və ya müəssisəsini bağlamaq qərarına gəldikdə, işçilərin əmək və sosial təminat hüquqları necə qorunacaq? İşçilərlə əmək müqavilələrinə xitam verilmədən müəssisənin ləğvinə icazə verilməməsi işəgötürənlər üçün hansı hüquqi öhdəliklər yaradacaq? Bu tələbə əməl edilmədikdə hansı məsuliyyət nəzərdə tutulur?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib ki, müəssisə bağlanarkən işçilərin hüquqları boşluqda qalmır.

İşçilərin pulunu ödəmədən şirkəti bağlamaq tarixə qarışır — Yeni qayda gəlir!

Onun sözlərinə görə, Əmək Məcəlləsi, xüsusilə də 77-ci maddə, işəgötürənə konkret öhdəliklər qoyur:

"Müəssisə ləğv edildikdə işçi ilə əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin "a" bəndi ilə xitam verilir. Bu zaman işçiyə həmin işəgötürəndə işlədiyi stajdan asılı olaraq işdənçıxma müavinəti ödənilməlidir. Staj bir ilədək olduqda bu, bir aylıq orta əmək haqqıdır, bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox olduqda isə ən azı iki aylıq orta əmək haqqıdır. Bundan əlavə, işçiyə işlədiyi günlərin əmək haqqı və istifadə etmədiyi məzuniyyətin kompensasiyası ödənməlidir. Qanun bu ödənişləri ləğv prosesində birinci növbəyə qoyur. Yəni şirkətin borcları bölüşdürüləndə ilk növbədə işçilərin haqqı ödənilməlidir.

Bu ilin əvvəlindən qüvvədə olan dəyişikliklərlə bu təminatlar fiziki şəxs olan işəgötürənlərə də şamil edilib. Yəni fərdi sahibkar fəaliyyətini dayandırdıqda da işçilər eyni hüquqlara malikdir.

Bəs problem haradadır? Problem qanunun özündə yox, onun icrasındadır. Praktikada belə hallar olur ki, şirkət ləğv edilir, reyestrdən çıxarılır, amma işçilərin əmək müqavilələrinə elektron sistemdə xitam verilmir. Şirkət artıq hüquqi cəhətdən mövcud olmadığı üçün onun adından sistemdə heç bir əməliyyat aparmaq mümkün deyil. Nəticədə işçi kağız üzərində hələ də o şirkətdə işləyir. Bu da onun yeni işə rəsmi qəbuluna, işsizlikdən sığorta ödənişi almasına və stajının düzgün hesablanmasına mane olur.

Hazırda müzakirə olunan maraqlı bir qanun layihəsi var və həmin qanun layihəsi məhz bu boşluğu aradan qaldırmağa yönəlib. Layihəyə görə, işəgötürən bütün işçiləri ilə əmək müqavilələrinə qaydasında xitam vermədən hüquqi şəxsi ləğv edə, fiziki şəxs isə vergi uçotundan çıxa bilməyəcək. Yəni işəgötürən əvvəlcə işçilərlə müqavilələrə xitam verməli, onlarla tam haqq-hesab çəkməli, sosial sığorta və vergi hesabatlarını tamamlamalıdır. Yalnız bundan sonra qeydiyyat orqanına ləğv üçün müraciət edə bilər. Başqa sözlə, işçilər qarşısındakı öhdəliklər yerinə yetirilmədən şirkəti bağlamaq hüquqi cəhətdən mümkün olmayacaq. Layihədə artıq yaranmış problemlər üçün də həll yolu var. Qanun qüvvəyə minənədək sistemdə açıq qalmış müqavilələr işçinin müraciəti ilə səlahiyyətli dövlət orqanı tərəfindən qüvvədən düşmüş hesab ediləcək. Belə ki, bağlanmış şirkətlərin keçmiş işçiləri də bu vəziyyətdən çıxa biləcəklər.

Məsuliyyət məsələsinə gəlincə, burada əsas mexanizm cərimə deyil, prosedur maneəsidir. Tələbə əməl edilməsə, ləğvin dövlət qeydiyyatı sadəcə aparılmayacaq. Fikrimcə, bu, cərimədən daha təsirlidir, çünki işəgötürən öhdəliyindən yayınaraq məqsədinə çata bilmir. Bununla yanaşı, ümumi məsuliyyət tədbirləri də qüvvədədir. Əmək müqaviləsinə qanunsuz xitam verilməsi və işçiyə düşən ödənişlərin verilməməsi İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə ilə nəticələnir. İşçi də ödənilməmiş məbləğləri məhkəmə yolu ilə tələb edə bilər. Ləğvetmə komissiyası ödənişlərin növbəliliyini pozarsa, mülki məsuliyyət daşıya bilər. Bu dəyişiklik işçilərə yeni hüquq vermir, mövcud hüquqların həqiqətən icra olunmasını təmin edir. Konstitusiya hər kəsin əmək və sosial təminat hüququnu təsbit edir".