Son günlər Azərbaycan mediasında Gürcüstanın Borçalı bölgəsində İranın dini amildən istifadə etməklə azərbaycanlı əhali arasında təsir imkanlarını genişləndirməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Mövzunun ictimai müzakirəyə çıxarılmasını anlaşılan hesab etsəm də, bu məsələdə təqdim olunan mənzərənin nə dərəcədə real vəziyyəti əks etdirdiyi barədə ciddi suallarım var.
Uzun illərdir Gürcüstanda müxtəlif ictimai, mədəni, təhsil və gənclər tədbirlərinin təşkilində iştirak edən, bölgənin ictimai mühitini müəyyən qədər yaxından müşahidə etmək imkanı olan biri kimi hesab edirəm ki, Borçalıda mövcud vəziyyəti bəzi media materiallarında təqdim edildiyi qədər acınacaqlı və nəzarətdən çıxmış bir mənzərə kimi təsvir etmək reallığı tam əks etdirmir.
Əlbəttə İranın regionda dini, ideoloji və mədəni təsir imkanlarından istifadə etməyə çalışması ehtimalı ciddi yanaşma tələb edən məsələdir. Bu cür fəaliyyətlərin mövcudluğu araşdırılmalı, konkret faktlar əsasında qiymətləndirilməli və zəruri hallarda müvafiq tədbirlər görülməlidir. Lakin mümkün risklərin mövcudluğunu bütöv bir bölgənin dini və ictimai həyatının xarici təsir altına düşməsi kimi təqdim etmək tamamilə başqa məsələdir.
Bir neçə mühüm məqamı xüsusi vurğulamaq istəyirəm. Birincisi Borçalı haqqında danışarkən həmin bölgəni yaxından tanımaq lazımdır. Gürcüstanda yaşayan azərbaycanlıların ictimai-siyasi, dini, mədəni və sosial həyatını bir neçə səfər, qısa müşahidə və ya ayrı-ayrı hadisələr əsasında qiymətləndirmək doğru yanaşma deyil. Borçalı sadəcə coğrafi məkan deyil. Bura Azərbaycanın tarixi, mədəniyyəti və milli kimliyi ilə sıx bağlı olan, özünəməxsus ictimai münasibətlərə və çoxşaxəli sosial həyata malik bir bölgədir. Xüsusilə qeyd etmək istəyirəm ki, Gürcüstana yalnız turizm, istirahət və ya qısa müddətli səfərlər məqsədilə gedən, bölgə ilə davamlı ictimai və institusional əlaqələri olmayan şəxslərin bu qədər həssas mövzuda qəti mühakimələr səsləndirməsi müəyyən suallar doğurur. Bu, heç kimin fikir bildirmək hüququnu məhdudlaşdırmır. Sadəcə belə məsələlərdə şəxsi müşahidə, uzunmüddətli təcrübə və yoxlanılmış faktlar arasında fərq qoyulmalıdır.
İkincisi, Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinin fəaliyyətinə münasibətdə ədalətli olmaq lazımdır. Bu gün Borçalıda baş verən hər hansı prosesdən danışarkən Azərbaycanın Gürcüstandakı Səfirliyinin fəaliyyətini ümumiləşdirilmiş şəkildə şübhə altına almaq və illər ərzində görülmüş işləri kölgədə qoymaq nə obyektiv, nə də ədalətli yanaşmadır.
Diplomatik nümayəndəliyin fəaliyyətini qiymətləndirmək üçün ayrı-ayrı iddialar deyil, onun uzunmüddətli fəaliyyəti, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına verdiyi töhfələr, soydaşlarımızla əlaqələri, ictimai və mədəni təşəbbüslərə dəstəyi, qarşılıqlı əməkdaşlıq istiqamətində gördüyü işlər kompleks şəkildə nəzərdən keçirilməlidir. Əgər konkret çatışmazlıqlar varsa, onlar faktlarla göstərilməli, müvafiq suallar ünvanlanmalıdır. Lakin sübut olunmamış iddialar üzərindən diplomatik nümayəndəliyin fəaliyyətini bütövlükdə fəaliyyətsiz kimi təqdim etmək doğru deyil. Belə yanaşma tənqiddən daha çox, illərlə formalaşdırılmış etimadın zədələnməsinə xidmət edə bilər.
Digər tərəfdən Gürcüstandakı azərbaycanlıları yalnız xarici təsirlərin obyekti kimi təqdim etmək də düzgün deyil. Borçalı azərbaycanlıları öz milli kimliyinə, tarixinə, dilinə və mədəniyyətinə bağlı olan, mürəkkəb ictimai-siyasi şəraitdə öz varlığını qoruyub saxlamış bir toplumdur. Onları kənar təsirlərə asanlıqla təslim olan, öz seçim və mövqeyi olmayan insanlar kimi təqdim etmək həmin icmaya qarşı da ədalətsizlikdir. Bu insanların dini inancları, dini mərasimlərdə iştirakı və ya müəyyən dini ənənələri yaşatması avtomatik olaraq hər hansı xarici dövlətin siyasi təsirinin göstəricisi hesab edilə bilməz. Dini etiqadla siyasi-ideoloji təsir fəaliyyətini fərqləndirmək vacibdir.
Milli təhlükəsizlik məsələlərindən ictimai narahatlıq yaratmaq üçün deyil, real təhlükələri müəyyən etmək üçün istifadə olunmalıdır. İranın, yaxud başqa hər hansı dövlətin Gürcüstanda yaşayan azərbaycanlılar arasında öz təsir imkanlarını genişləndirmək cəhdləri varsa, bu hal ciddi araşdırılmalıdır. Ancaq bunun üçün konkret faktlar, etibarlı məlumatlar, sistemli müşahidələr və peşəkar təhlillər ortaya qoyulmalıdır. Ümumi ifadələr, ayrı-ayrı görüntülər və təsdiqlənməmiş məlumatlar əsasında bütöv bir bölgənin təhlükə məkanına çevrildiyini iddia etmək cəmiyyətə fayda vermir. Əksinə həm Gürcüstanda yaşayan soydaşlarımız arasında əsassız narahatlıq yarada, həm də Azərbaycan-Gürcüstan münasibətlərinin ictimai müstəvidə yanlış qavranılmasına səbəb ola bilər.
Mən hesab edirəm ki, Borçalı ilə bağlı məsələlərdə daha çox məsuliyyət, daha az sensasiya nümayiş etdirməliyik. Həssas mövzuların gündəmə gətirilməsi vacibdir, lakin bu, faktların yoxlanılması, mövcud vəziyyətin dərindən öyrənilməsi və aidiyyəti qurumların fəaliyyətinə obyektiv yanaşma ilə müşayiət olunmalıdır.
Borçalı haqqında danışmaq üçün Borçalını tanımaq, oradakı insanlarla ünsiyyətdə olmaq, onların gündəlik həyatını və problemlərini bilmək lazımdır.
Mənim mövqeyim sadədir. Azərbaycanın Gürcüstandakı soydaşlarımızın milli kimliyinin, dilinin, mədəniyyətinin və hüquqlarının qorunması istiqamətində fəaliyyəti güclənməli, diplomatik nümayəndəliyimizin işi də obyektiv qiymətləndirilməlidir. Mövcud risklər gizlədilməməli, lakin süni şəkildə böyüdülməməlidir.
Borçalı nə sensasiya vasitəsidir, nə də kiminsə siyasi mülahizələrini əsaslandırmaq üçün istifadə edə biləcəyi mövzudur. Borçalı bizim ortaq tariximiz, milli yaddaşımız və məsuliyyətimizdir. Ona münasibətdə hər bir sözün arxasında fakt, hər bir tənqidin arxasında isə obyektivlik dayanmalıdır.
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev



