Son günlər Cənubi Qafqazda proseslərin dinamik xarakter aldığının şahidi oluruq. Xüsusilə TRIPP layihəsi ətrafında ən son baş verən hadisələr Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində yeni səhifənin açıldığından xəbər verir. Noyabrın 23-də layihənin praktiki icrasına rəsmi start verilməsi və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın cənab Prezident İlham Əliyevə təşəkkür etməsi məsələnin siyasi əhəmiyyətini bir daha sübut edir.
Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, hadisələri düzgün dəyərləndirmək üçün ilk növbədə 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən görüşə nəzər yetirmək lazımdır:
"Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Cənubi Qafqazda sülhün və regional kommunikasiyaların bərpasının siyasi çərçivəsi müəyyənləşdirildi. Bu görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandı, ATƏT-in Minsk prosesinin və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciət imzalandı. Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsi razılaşdırıldı. Məhz bu məqsədlə Ermənistanın ABŞ ilə əməkdaşlığı çərçivəsində TRIPP layihəsinin yaradılması üzrə mexanizmlərin hazırlanması da nəzərdə tutuldu.
Sonrakı dövrlərdə ABŞ və Ermənistan arasında layihənin icrasına dair hüquqi və institusional mexanizmlərin formalaşdırıldığının şahidi olduq. Məsələn, 2026-cı ilin yanvarında TRIPP-in icra çərçivəsi açıqlandı. May ayında isə ABŞ və Ermənistan arasında strateji əməkdaşlıq çərçivə sazişi hazırlandı. Noyabr ayında bu sazişin ratifikasiyası və tətbiqi ilə bağlı hüquqi prosedurların irəlilədiyini gördük.
Xüsusilə bir məqamı da vurğulamaq lazımdır ki, noyabrın 23-də ictimaiyyətə təqdim olunan sənəddə ABŞ və Ermənistan arasında müştərək TRIPP Development Company şirkətinin yaradılması, şirkətdə ABŞ-nin 74 faiz, Ermənistanın isə 26 faiz paya malik olması qeyd edildi. Sənəddə Ermənistanın öz ərazisində suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını saxlaması, gömrük və sərhəd nəzarətinin isə dövlətin səlahiyyətində qalması da təsbit olunur.
Lakin burada vacib bir məqam var. ABŞ ilə Ermənistan arasında imzalanmış bu sənəd layihənin yalnız Ermənistan ərazisindəki idarəetmə və icra mexanizmlərini müəyyənləşdirir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının reallaşması isə üçtərəfli siyasi və texniki koordinasiyadan asılıdır.
Buna görə də noyabrın 7-də Azərbaycan, ABŞ və Ermənistan arasında nəqliyyat və elektrik enerjisinin ötürülməsi üzrə üçtərəfli texniki planlaşdırma qrupu yaradıldı. Bu hadisə layihənin artıq yalnız siyasi bəyanatlardan ibarət olmadığını, eyni zamanda konkret texniki məsələlər ətrafında iş aparıldığını göstərir.
Ardınca noyabrın 12-də Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirildi. Bu görüşdə TRIPP-in dəmir yolu və avtomobil yolu komponentləri, tranzit əlaqələri və regional iqtisadi əməkdaşlıq məsələləri də müzakirə edildi. Azərbaycanın ərazisindən Ermənistana 105 min ton yükün daşınması məsələsi bir daha diqqətə çatdırıldı. Bu isə regionda iqtisadi əlaqələrin praktiki mərhələyə keçdiyindən xəbər verir.
Azərbaycanın mövqeyinə diqqət yetirdikdə görürük ki, ölkəmiz öz ərazisində üzərinə düşən işləri həyata keçirir. Məsələn, Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir. Tikinti-quraşdırma işlərinin 73 faizi tamamlanıb. Naxçıvanda 194 kilometrlik dəmir yolu şəbəkəsinin yenilənməsi istiqamətində də işlər davam edir. Ermənistanla sərhədə qədər olan 7 kilometrlik hissədə tikinti işlərinə başlanılıb. Türkiyənin Qars–Iğdır–Dilucu dəmir yolu xətti ilə texniki uyğunlaşdırma da nəzərdə tutulur.
Yəni, Azərbaycan burada aktiv siyasət həyata keçirir, passiv gözləmə mövqeyində qərarlaşmayıb. Ölkəmiz öz ərazisində infrastruktur hazırlığını həyata keçirməklə bərabər, marşrutun digər hissəsinin də razılaşdırılmış şərtlər əsasında reallaşmasını gözləyir. Əsas məsələ Ermənistan ərazisindən keçən hissənin nə vaxt və hansı texniki mexanizmlərlə Azərbaycanın nəqliyyat sisteminə inteqrasiya ediləcəyidir. Çünki TRIPP-in tam fəaliyyətə başlaması üçün marşrutun bütün komponentləri bir-biri ilə əlaqələndirilməlidir.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın noyabrın 23-də Prezident İlham Əliyevə xüsusi təşəkkür etməsi də diqqətəlayiqdir. Bu, Vaşinqtonun layihənin həyata keçirilməsində Azərbaycanın siyasi razılığını və iştirakını yüksək qiymətləndirdiyini göstərir.
TRIPP-in əhəmiyyətini isə sadəcə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpası ilə məhdudlaşdırmaq düzgün olmazdı. Bu layihə Türkiyə ilə birbaşa bağlantının gücləndirilməsi, Orta Dəhlizin imkanlarının artırılması, Xəzər hövzəsi ilə Avropa arasında əlaqələrin genişləndirilməsi, yükdaşımaların artırılması və Cənubi Qafqazın regional iqtisadi inteqrasiyaya cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Əsas məsələ TRIPP-in elan olunması deyil, onun real və işlək mexanizmə çevrilməsidir. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir, infrastrukturu hazırlayır. İndi Ermənistan ərazisindən keçən hissənin də praktiki icrası təmin olunmalıdır. Bu baxımdan texniki uyğunlaşdırma və razılaşdırılmış öhdəliklərin yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Ölkəmiz öz ərazisindəki işləri vaxtında və məsuliyyətlə həyata keçirir, digər hissədə isə konkret nəticələrin əldə olunmasını gözləyir.
Regional bağlantı bir ölkənin ərazisində yolun tikilməsi ilə məhdudlaşmır və yaxud iki ölkə arasındakı münasibətlərlə çərçivələnmir. Bu, bütün marşrutların bir-birinə inteqrasiya olunması və bütövlükdə marşrutun qarşılıqlı öhdəliklər əsasında fəaliyyətə başlaması ilə mümkün olacaq".



