Süni intellektin iş həyatına təsiri artıq nəzəri müzakirə deyil, real insanların iş yerlərini itirməsi ilə nəticələnir. Sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gələn qadın cəmi bir ay ərzində öyrətdiyi süni intellektin onun işini əvəz etdiyini və işdən çıxarıldığını bildirib. Üstəlik, yeni iş axtararkən müsahibəsinin də süni intellekt tərəfindən keçirildiyini deyib.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellektin iş yerlərini əvəz etməsi son dövrlərdə müzakirə olunan məsələlərdən biridir:
"Xüsusilə, bəzi şirkətlərin süni intellekt tətbiqindən sonra işçi sayını azaltması, eləcə də işə qəbul proseslərində AI-dən istifadə etməsi bu tendensiyanın gələcəkdə daha da genişlənəcəyi ilə bağlı suallar yaradır. Prosesin davam edəcəyi gözlənilir, lakin bu, bütün peşələrin birdən-birə yox olması ilə deyil, işlərin mərhələli şəkildə dəyişməsi ilə müşayiət olunacaq. Əsas dəyişiklik ayrı-ayrı peşələrin aradan qalxmasından daha çox, həmin işlər çərçivəsində yerinə yetirilən tapşırıqların yenidən bölüşdürülməsi olacaq. Bu isə xüsusilə rutin və təkrarlanan işlərin avtomatlaşdırılmasına, eləcə də giriş səviyyəli vəzifələrin azalmasına səbəb ola bilər. Süni intellektin daha çox müştəri dəstəyi, kontent hazırlanması, tərcümə, məlumatların daxil edilməsi, proqramlaşdırma və HR sahələrində rutin tapşırıqları əvəz etməsi gözlənilir. Bununla yanaşı, fiziki bacarıq, yüksək məsuliyyət, qərarvermə və insanlarla etimad münasibətləri tələb edən peşələrin avtomatlaşdırılması daha çətin olacaq. Əmək bazarında əsas risklərdən biri giriş səviyyəli iş yerlərinin azalmasıdır. Süni intellekt təcrübəsiz əməkdaşların öyrənərək yerinə yetirdiyi tapşırıqları icra etdikdə, gənc mütəxəssislərin işə başlamaq və təcrübə qazanmaq imkanları məhdudlaşa bilər. Bu isə gələcəkdə təcrübəli kadrların yetişdirilməsi prosesinə də təsir göstərə bilər. Digər tərəfdən, süni intellektdən istifadə edən təcrübəli mütəxəssislərin məhsuldarlığının artması əmək bazarında fərqlərin daha da dərinləşməsinə səbəb ola bilər".
Fərid Musayev süni intellektin iş yerlərini əvəz etməsi prosesinin müəyyən amillərlə məhdudlaşdığını qeyd edib:
"Texnologiyanın tətbiqi zamanı səhvlərin məsuliyyəti, etibarlılıq, inteqrasiya xərcləri, keyfiyyətin qorunması və hüquqi tənzimləmə kimi məsələlər nəzərə alınmalıdır. Bəzi şirkətlər süni intellektə keçidin ardından xidmət keyfiyyətində yaranan problemlər səbəbindən yenidən insan əməyinə ehtiyac duyur. Eyni zamanda, bəzi müəssisələr adi ixtisarları süni intellektlə əlaqələndirə bilər. İşə qəbul prosesində süni intellektdən istifadə də müəyyən risklər yaradır. AI vasitəsilə ilkin namizəd seçimi prosesi sürətləndirsə də, qərəz, qeyri-şəffaflıq və qərarlara görə məsuliyyət kimi məsələlər ortaya çıxır. Bu səbəbdən daha məqsədəuyğun yanaşma ilkin seçim mərhələsində süni intellektdən istifadə edilməsi, yekun qərarın isə insan tərəfindən verilməsidir. Gələcəkdə bu prosesə uyğunlaşmaq üçün həm işçilərin, həm şirkətlərin, həm də dövlətin üzərinə müəyyən vəzifələr düşür. İşçilər öz sahələri üzrə biliklərini dərinləşdirməklə yanaşı, süni intellektdən düzgün istifadə bacarıqlarını da inkişaf etdirməlidirlər. Şirkətlər yalnız ixtisarlara deyil, iş proseslərinin yenidən qurulmasına və əməkdaşların yeni bacarıqlar qazanmasına diqqət yetirməlidir. Dövlət isə əmək bazarına uyğunlaşma, sosial müdafiə və rəqəmsal savadlılığın artırılması istiqamətində tədbirlər görməlidir. Beləliklə, süni intellektin əmək bazarına təsirinin davam edəcəyi gözlənilir. Əsas məsələ bu dəyişikliklərin qarşısını almaqdan daha çox, prosesin necə idarə olunacağı, yeni imkanların necə yaradılacağı və keçidin yaratdığı çətinliklərin kim tərəfindən qarşılanacağıdır. Ən böyük təsirin rutin işlərdə çalışanlar və əmək bazarına yeni daxil olan şəxslər üzərində olması ehtimal edilir".



