YapiKredi Müraciət Forması
Mazda CX-5
Texnologiya

"Apple" 2027-ci ilə böyük yeniliklərlə başlayacaq - Təqdim ediləcək cihazların siyahısı

Apple 2027-ci ilə böyük yeniliklərlə başlayacaq - Təqdim ediləcək cihazların siyahısı

"Apple" şirkəti 2027-ci ilin ilk aylarında bir sıra yeni cihazlarını təqdim etməyə hazırlaşır. Yeni məhsullar arasında iPhone, iPad və MacBook modelləri ilə yanaşı, yenilənmiş planşetlər də yer alacaq. Şirkətin əsas diqqətini daha münasib qiymətli cihazlara yönəldəcəyi gözlənilir.

Demokrat.az xəbər verir ki, bu barədə "Bloomberg"in jurnalisti və insayder Mark Qurman məlumat yayıb.

Məlumata görə, ilk yeniliklərin 2027-ci ilin fevral-mart aylarında, OS 27.4 yeniləməsinin təqdimatı ərəfəsində elan olunacağı gözlənilir. Həmin dövrdə şirkətin təqdim edə biləcəyi cihazlar bunlardır:

- Yeni nəsil standart iPad;
- Daha münasib qiymətli iPhone 18e;
- iPhone 18;
- MacBook Neo 2;
- Yenilənmiş MacBook Air.

Bundan əlavə, 2027-ci ilin ilk yarısında iPad Air modelinin yeni versiyasının təqdimatı planlaşdırılır. Bu cihazın seriya tarixində ilk dəfə OLED ekranla təchiz ediləcəyi bildirilir. Eyni dövrdə yenilənmiş iPad Pro və iPhone Air 2 modellərinin də bazara çıxarılması gözlənilir.

Şayiələrə görə, iPhone Air 2-də əvvəlki modelin istifadəçilər tərəfindən tənqid olunan kamera və batareya göstəriciləri yaxşılaşdırılacaq.

Bloomberg-in məlumatına əsasən, yüksək səviyyəli planşetlər və orta seqment smartfonların istehsal qrafiki daha münasib qiymətli modellərlə müqayisədə bir qədər geridə qalır. Buna görə də "Apple" yeni məhsulların təqdimatını bir neçə ayrı tədbirə bölə bilər.

Şirkətin 2027-ci ilin ikinci yarısı üçün də geniş planları var. İlin sonunadək yeni nəsil Apple Watch, ağıllı eynəklər, kameralı AirPods qulaqlıqları və yubiley iPhone 20 modelinin təqdim edilməsi gözlənilir.

İddialara görə, iPhone 20 tamamilə yeni dizayna sahib olacaq. Qurğunun ekran şüşəsinin dörd tərəfdən əyri formada hazırlanacağı və ənənəvi çərçivələrin minimuma endiriləcəyi bildirilir.

Qeyd edək ki, "Apple" 2026-cı ilin payız təqdimatında smartfon seriyasının buraxılış qrafikini dəyişərək flaqman və standart modellərin təqdimatını bir-birindən ayırmışdı. Şirkətin 2027-ci ildə də məhsul buraxılışlarını il ərzində daha bərabər bölüşdürməsi gözlənilir.