Rusiya-Ukrayna müharibəsi ilə bağlı əməliyyatlar Aralıq dənizində də davam edib. Ukrayna Prezidenti Volodimir Zelenski Liviyanın Benqazi limanı yaxınlığında iki Rusiya gəmisinə pilotsuz dəniz aparatları ilə hücum təşkil edildiyini təsdiqləyib.
Demokrat.az xəbər verir ki, Zelenski hücum nəticəsində Rusiyaya məxsus "Merkury" korvetinin batırıldığını, silah və hərbi təchizat daşınmasında istifadə edilən digər gəminin – "MV Angara"nın isə vurulduğunu bildirib.
Ukrayna liderinin sözlərinə görə, əməliyyat zamanı Ukrayna istehsalı olan yeddi dəniz pilotsuz aparatı istifadə edilib. O, X hesabında paylaşdığı açıqlamada Rusiya tərəfinin hücumu dəf etmək cəhdlərinə baxmayaraq, hərbi gəminin məhv edildiyini qeyd edib.
Zelenski baş verənləri dörd ildən artıqdır davam edən müharibənin növbəti nəticəsi kimi qiymətləndirib.
Hadisə ilə bağlı ilkin məlumatı Liviyanın yerli qurumları yayıb. Bildirilib ki, bazar günü Benqazi Hərbi Dəniz Bazasına pilotsuz aparatlarla hücum edilib. Zərbələr nəticəsində hərbi obyektdə yanğın baş verib, Rusiya gəmilərindən biri ciddi zədələnib.
"Al Jazeera"ya danışan yerli mənbələr hücum zamanı Rusiya hərbçilərinin və Liviya vətəndaşlarının həlak olduğunu bildiriblər. Liviyanın şərq və cənubuna nəzarət edən Liviya Milli Ordusu isə bazada partlayış baş verdiyini, sonradan yanğının nəzarət altına alındığını açıqlayıb.
Məlumatlara görə, Malta bayrağı altında üzən "Merkury" gəmisinin heyəti Liviya donanması tərəfindən xilas edilib. Gəminin Rusiya ilə Liviyanın şərqindəki hakimiyyət strukturları arasında əməkdaşlıq çərçivəsində yanacaq və digər təchizat almaq üçün bazaya yan aldığı bildirilir.
Qeyd edək ki, bu hücum mart ayından bəri Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli Aralıq dənizində qeydə alınan ilk hadisə kimi təqdim olunur. Kreml isə hadisə ilə bağlı hələlik açıqlama verməyib.



