YapiKredi Müraciət Forması
Mazda CX-5
Sağlamlıq Özəl

Kartof, yoxsa düyü: Qanda şəkərin səviyyəsini hansı daha çox artırır?

Kartof, yoxsa düyü: Qanda şəkərin səviyyəsini hansı daha çox artırır?

Kartof və düyü gündəlik qidalanmada geniş istifadə olunan məhsullardır. Lakin hər ikisi qanda şəkərin səviyyəsinə təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, bu məhsulların təsiri onların növündən və hazırlanma üsulundan asılı olaraq dəyişir.

Demokrat.az xəbər verir ki, ABŞ-ın "Health" nəşri kartofel və düyünün qan şəkərinə təsirini müqayisə edib.

Məlumata görə, hər iki məhsul yüksək qlisemik indeksə malik ola bilər. Qlisemik indeks qidanın qəbulundan sonra qanda şəkərin nə qədər sürətlə yüksəldiyini göstərən göstəricidir.

Kartof qan şəkərini necə artırır?

Kartof və ondan hazırlanan yeməklərin qlisemik indeksi adətən yüksək olur. Lakin kartofun çeşidi və bişirilmə qaydası bu göstəriciyə təsir edir.

Məsələn, hazır kartof püresinin qlisemik indeksi adi püredən və qaynadılmış kartofeldən bir qədər yüksək ola bilər.

Araşdırmalara görə, bişmiş kartofun soyuducuda saxlanılması onun qlisemik indeksini aşağı sala bilər. Şirin kartofun (batat) isə adi ağ kartofla müqayisədə qlisemik indeksi daha aşağıdır. Tərkibindəki liflər qlükozanın orqanizmdə daha yavaş mənimsənilməsinə kömək edir.

2018-ci ildə aparılan araşdırmada həftədə üç və ya daha çox porsiya kartof fri istehlakının ikinci tip diabet riski ilə əlaqəli olduğu müəyyən edilib.

Düyü daha yaxşı seçimdirmi?

Qan şəkərinə təsir baxımından düyü bəzi hallarda kartofdan daha münasib seçim ola bilər. Məlumata görə, düyü məhsullarının 38 faizi yüksək qlisemik indeksli hesab edildiyi halda, kartof məhsullarında bu göstərici 58 faiz təşkil edir.

Bununla belə, düyünün növü də mühüm əhəmiyyət daşıyır. Ağ düyünün qlisemik indeksi qaynadılmış kartofla təxminən eynidir. Qəhvəyi düyünün isə göstəricisi bir qədər aşağıdır. Bu da onun qanda şəkərin kəskin yüksəlməsinə daha az səbəb ola biləcəyini göstərir.

Bəzi araşdırmalarda ağ düyü istehlakı ilə diabet riskinin artması arasında əlaqə aşkarlanıb. Lakin nəticələr qidalanma vərdişlərindən və düyünün hansı məhsullarla birlikdə yeyilməsindən asılı olaraq dəyişir. Zülal və yağla zəngin qidalarla birlikdə istehlak edilməsi onun qan şəkərinə təsirini azalda bilər.

Hər iki məhsulun təsirini azaltmaq mümkündür

Maraqlı məqamlardan biri də bişmiş düyünün soyudulması ilə bağlıdır. Kartofda olduğu kimi, düyünün də bişdikdən sonra soyuducuda saxlanılması onun qan şəkərinə təsirini azalda bilər. Qəhvəyi düyüdəki liflər də qlükozanın mənimsənilməsini tənzimləməyə kömək edir.

Beləliklə, qan şəkərinə təsir baxımından düyü, xüsusilə də qəhvəyi düyü müəyyən üstünlüklərə malik ola bilər. Ancaq hər iki məhsulun porsiya ölçüsü və hazırlanma üsulu nəzərə alınmalıdır.