YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı Özəl

Uşaqlar ilk dəfə nə zaman diş həkiminə aparılmalıdır?

Uşaqlar ilk dəfə nə zaman diş həkiminə aparılmalıdır?

Uşaqlarda ağız və diş sağlamlığının qorunması üçün ilk süd dişi çıxan kimi gigiyenik qulluğa başlanmalı, ilk stomatoloji müayinə isə ən gec 1 yaşında həyata keçirilməlidir. Mütəxəssislər bildirirlər ki, erkən yaşlarda profilaktik tədbirlərin görülməsi gələcəkdə diş çürüməsi və digər ağız boşluğu xəstəliklərinin qarşısını almaqda mühüm rol oynayır.

Uşaq stomatologiyası üzrə mütəxəssisi, professor Meltem Bakkal ağız və diş sağlamlığının insanın ümumi sağlamlığının ayrılmaz hissəsi olduğunu bildirib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, dünyada təxminən 3,7 milyard insan ağız və diş xəstəliklərindən əziyyət çəkir. Diş kariyesi, periodontal xəstəliklər, diş itkisi və ağız boşluğu xərçəngi ən geniş yayılmış problemlər sırasındadır.

Professor qeyd edib ki, ÜST-nin Türkiyə üzrə 2022-ci il Ağız Sağlamlığı Ölkə Profilində əks olunan 2019-cu il məlumatlarına əsasən, 1–9 yaşlı uşaqlarda süd dişlərində müalicə olunmamış kariyesin yayılma göstəricisi 43,8 faiz, 5 yaş və yuxarı şəxslərdə daimi dişlərdə bu göstərici 38,6 faiz təşkil edib.

Mütəxəssis vurğulayıb ki, uşaqlarda müalicə olunmayan diş çürükləri ağrı, yuxu pozuntuları və qidalanma çətinlikləri yarada, onların gündəlik həyatına və məktəb fəaliyyətinə mənfi təsir göstərə bilər.

Bakkal valideynlərə ilk süd dişi çıxan kimi ağız baxımına başlamağı, uşağı isə ən gec 1 yaşına qədər diş həkiminə aparmağı tövsiyə edib. O bildirib ki, erkən müayinə zamanı kariyes riski müəyyənləşdirilir və uşağın ehtiyaclarına uyğun qoruyucu tədbirlər planlaşdırılır.

Həkim gündə ən azı iki dəfə flüorlu diş məcunu ilə dişlərin fırçalanmasının, şəkərli qidaların məhdudlaşdırılmasının və müntəzəm stomatoloji müayinələrin vacibliyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, flüorlu lak və fissur örtücü tətbiqləri də uşaqlarda diş çürüməsinin qarşısının alınmasında istifadə olunan effektiv profilaktik üsullardandır.

Okmeydanı Ağız və Diş Sağlamlığı Xəstəxanasının uşaq stomatologiyası üzrə mütəxəssisi, həkim Hande Bacak isə süd dişlərinin əhəmiyyətinin valideynlər tərəfindən düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, süd dişləri uşağın qidalanması, nitq inkişafı və daimi dişlərin düzgün mövqedə çıxması üçün mühüm rol oynayır. Buna görə də süd dişlərində yaranan çürüklər diqqətdən kənarda qalmamalı, vaxtında müayinə və müalicə edilməlidir.

Bacakın sözlərinə görə, müalicə olunmayan ağız və diş xəstəlikləri uşaqlarda ağrı, infeksiya, yuxu və qidalanma problemləri ilə yanaşı, böyümə və inkişaf prosesinə də mənfi təsir göstərə bilər. O, xüsusi ehtiyacları olan uşaqlarda ağız gigiyenasına və müntəzəm stomatoloji nəzarətə daha çox diqqət yetirilməsinin vacibliyini qeyd edib.

Küçükçekmece Ağız və Diş Sağlamlığı Xəstəxanasının mütəxəssis stomatoloqu Buğrahan Bekçi isə ağız sağlamlığının qorunmasının yalnız dişlərin fırçalanması ilə məhdudlaşmadığını bildirib. Onun sözlərinə görə, dişlərlə yanaşı, diş ətlərinin, dilin və ağız boşluğunun mikrobioloji tarazlığının da qorunması vacibdir.

Bekçi diş səthlərində toplanan bakterial ərpin kariyes və diş əti xəstəliklərinin əsas səbəblərindən biri olduğunu bildirib. O, ağız və diş sağlamlığı problemlərinin diabet və ürək-damar xəstəlikləri ilə də əlaqəli olduğunu diqqətə çatdırıb.

Mütəxəssis xüsusilə diabet və diş əti xəstəlikləri arasında qarşılıqlı əlaqənin mövcud olduğunu qeyd edib. Nəzarət olunmayan diabet diş əti xəstəliklərinin ağırlaşmasına, aktiv diş əti infeksiyaları isə qanda şəkərin səviyyəsinin tənzimlənməsinə mənfi təsir göstərə bilər.

Bekçi ağız qoxusunun səbəblərindən birinin dil gigiyenasının yetərsizliyi ola biləcəyini də bildirib. O, siqaret və digər tütün məhsullarının diş əti xəstəlikləri, dişlərin saralması, yaraların gec sağalması və ağız boşluğu xərçəngi riskinin artması ilə əlaqəli olduğunu vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, uşaqlarda kariyesdən qorunmaq üçün topikal flüor və fissur örtücü tətbiqlərindən istifadə edilə bilər. Bu prosedurlar dişlərin çürüməyə qarşı müqavimətini artırmağa kömək edir və həkim tərəfindən uyğun hesab edilən uşaqlara tətbiq olunur.

Həkimlər valideynlərə uşaqların ağız və diş sağlamlığına ilk yaşlardan diqqət yetirməyi, süd dişlərinin müvəqqəti olmasına baxmayaraq onların müalicəsini gecikdirməməyi tövsiyə edirlər. Onların fikrincə, düzgün gigiyena vərdişləri, profilaktik tədbirlər və vaxtında aparılan stomatoloji müayinələr sağlam dişlərin əsasını təşkil edir.

NE
Nihadə Eyyubova