Pakistan vətəndaşı Məhəmməd Zişan Əli Çinin "Tiangong" orbital stansiyasına səfər edəcək ilk əcnəbi kosmonavt olacaq.
Demokrat.az xəbər verir ki, bu barədə Çinin "Sinxua" informasiya agentliyi məlumat yayıb.
Çinin İdarəolunan Kosmik Uçuşlar Proqramı İdarəsinin açıqlamasına əsasən, pakistanlı kosmonavt "Şençjou-24" kosmik gəmisinin missiyasında iştirak edəcək. O, orbital stansiyada qısa müddət qaldıqdan sonra Yerə "Şençjou-23" idarəolunan kosmik gəmisinin göyərtəsində qayıdacaq.
"Şençjou-24" kosmik gəmisinin Çinin şimal-qərbində yerləşən Tsyutsüan kosmodromundan buraxılması planlaşdırılır.
Qeyd edək ki, bu missiya Çinin kosmik proqramı baxımından mühüm hadisə hesab olunur. Belə ki, ilk dəfə başqa ölkənin nümayəndəsi "Tiangong" kosmik stansiyasına göndəriləcək.
Xatırladaq ki, Çin mayın sonunda üç nəfərlik heyətlə "Şençjou-23" kosmik gəmisini orbitə çıxarıb. Missiyanın komandiri 39 yaşlı Çju Yanqçju olub. O, Çində idarəolunan kosmik gəminin heyətinə rəhbərlik edən ilk bort mühəndisi kimi tarixə düşüb.



