YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

Qadınların dini təhsil imkanları genişləndirilir

Qadınların dini təhsil imkanları genişləndirilir

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qadınların maarifləndirilməsi, dini təhsil imkanlarının genişləndirilməsi və onların ictimai fəallığının dəstəklənməsi ilə bağlı təşəbbüsləri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirilən siyasətin mühüm tərkib hissəsidir".

Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda bildirib.

Sədrin sözlərinə görə, bu sahədə fəaliyyətlərinin əsas istiqamətlərindən biri qadınların sağlam və akademik əsaslara söykənən dini təhsil almaq imkanlarının genişləndirilməsidir:

"Komitə yanında Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan tələbələrimiz, o cümlədən qızlarımız üçün dini mənbələri akademik əsaslarla öyrənmək, dinin tarixi, fəlsəfəsi ilə bağlı biliklərə yiyələnmək üçün yaradılmış şərait bu kontekstdə xüsusi vurğulanmalıdır. Tələbələrin dini məsələlərə elmi yanaşmalarının, müxtəlif dini-fəlsəfi baxışları təhlil etmək bacarıqlarının formalaşması gələcəkdə dini maarifçiliyin intellektual səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətlidir.

Hazırda institutda 318 tələbə təhsil alır ki, onlardan 98 nəfəri qızlardır. Eyni zamanda, daha 4 qız tələbə təhsilini magistratura səviyyəsində davam etdirir. İndiyədək bu ali təhsil ocağından bakalavriat səviyyəsi üzrə 126, magistratura üzrə 13, doktorantura üzrə 5, dissertantura üzrə isə 1 nəfər olmaqla, ümumilikdə 145 qadın məzun olmuşdur. Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecində isə hazırda 19 qız tələbə təhsilini davam etdirir, bu günədək 4 qız məzun olmuşdur. Bu göstəricilər qadınların dini təhsilin müxtəlif pillələrində iştirakını, onların elmi və peşəkar hazırlığı üçün yaradılmış imkanları əks etdirir".

Ramin Məmmədov əlavə edib ki, bu prosesdə tələbələrin akademik nailiyyətlərinin təşviqi də diqqətdə saxlanılır:

"Belə ki, 2025-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün "Seyid Yəhya Bakuvi", "Məhəmməd İrəvani" və "Həmzə Nigari" adına təqaüd proqramları təsis edilmişdir. Proqramların qalibləri sırasında qız tələbələrin də yer alması onların akademik göstəricilərinin və intellektual potensialının təşviqinə verilən diqqətin bariz nümunəsidir.

Bundan əlavə, Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan tələbə qızların sosial inteqrasiyasını gücləndirmək, erkən evlilik, qızların təhsildən yayınması və ailədaxili zorakılıq kimi məsələlərdə maarifləndirmə təşəbbüslərini stimullaşdırmaq məqsədilə Fond tərəfindən "Xurşidbanu Natəvan" təqaüdü təsis edilmişdir. Bu proqram tələbə qızların akademik hazırlığı ilə yanaşı, onların sosial problemlərə həssas yanaşan, ictimai təşəbbüslərdə iştirak edən mütəxəssislər kimi yetişməsinə dəstək verir".

Fidan Hacızadə

Editor
Redaktor