"Müasir cəmiyyətin inkişafı insan hüquqlarına hörmətin, sosial ədalətin, bərabər imkanların təmin olunmasının və müxtəlif mədəniyyətlərə qarşı tolerant münasibətin formalaşdırılması ilə sıx bağlıdır".
Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, bu dəyərlərin qorunmasında və inkişaf etdirilməsində qadınların rolu xüsusi əhəmiyyət daşıyır. Qadınların təhsildə, elmdə, iqtisadiyyatda, dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakı bu baxımdan mühüm amildir:
"Azərbaycanın bu sahədə zəngin tarixi təcrübəsi vardır. Şərqdə dünyəvi hüquq və dəyərlərin formalaşdırılması, o cümlədən qadınlara seçki hüququnun verilməsi ölkəmizdə qadınların maarifləndirilməsinə, ictimai həyatda iştirakına və hüquqlarının tanınmasına verilən tarixi önəmin göstəricisidir. Bu ənənələr müasir dövrdə dövlət qadın siyasətinin ardıcıl inkişafı ilə yeni məzmun və hədəflər qazanmışdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti müasirliklə ənənələrin vəhdətini əks etdirir. Onun çoxşaxəli fəaliyyəti qadınların ictimai fəallığının, təşəbbüskarlığının və liderlik imkanlarının genişləndirilməsinə, milli-mənəvi dəyərlərin təşviqinə yönəlmiş mühüm addımlardandır".
Bahar Muradova qeyd edib ki, bu siyasətin nəticələri qadınların ictimai-siyasi təmsilçiliyində də aydın görünür:
"Dövlət qurumlarında, rəhbər vəzifələrdə, yerli və beynəlxalq seçkili orqanlarda, siyasi partiyalarda, vətəndaş cəmiyyəti institutlarında, eləcə də məhkəmə-hüquq sistemində qadınların təmsilçiliyinin yüksəlməsi onların qərarvermə proseslərində iştirakının genişləndirilməsi istiqamətində görülən işlərin mühüm nəticəsidir. Dövlət fəaliyyətimizin əsas istiqamətlərindən biri qadınların və qızların potensialının üzə çıxarılması, təhsil, məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, ümumilikdə iqtisadi iştiraklarının və ictimai fəallıqlarının artırılmasıdır".
Fidan Hacızadə



