Ermənistanda hərbi əsir kimi saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayevlə bağlı açılmış "cinayət işi"nin istintaqı yekunlaşıb. Erməni mediasının məlumatına görə, iş artıq məhkəməyə göndərilib. Lakin məhkəmə prosesinin nə vaxt başlayacağı hələlik açıqlanmayıb. Bu arada Ermənistan parlamentinin müxalif deputatlarının Nəsimi Musayevlə görüşmək istədiyi məlum olub. Lakin Ermənistan Penitensiar Xidməti deputatların müraciətinə müsbət cavab verməyib.

Müxalif deputatlar bildiriblər ki, məqsədləri təkcə Azərbaycan əsgərinin saxlanma şəraiti ilə tanış olmaq deyil. Onlar şəxsi söhbət zamanı Nəsimi Musayevin Ermənistan ərazisində hansı şəraitdə olduğunu, məqsədini və Şəki kəndində əslində nələrin baş verdiyini öyrənmək istəyirlər.
Bəs revanşist qüvvələr bu görüş vasitəsilə nəyə nail olmağa çalışırlar? Nəsimi Musayevdən siyasi mübarizədə istifadə etmək, onun ifadələrini Paşinyan hakimiyyətinə qarşı təzyiq vasitəsinə çevirmək niyyətindədirlərmi?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, müxalif deputatların bu təşəbbüsünün arxasında siyasi məqsədlər dayanır. Onun sözlərinə görə, qanunvericilikdə deputatların cəzaçəkmə müəssisələrinə daxil olması və saxlanılan şəxslərlə görüşməsi üçün müəyyən imkanlar nəzərdə tutulur: "Əslində, qanunvericiliyə görə, cəzaçəkmə müəssisələrinə deputatların müəyyən qaydada, müvafiq məlumatlandırma aparmaqla sərbəst girişi mümkündür. Hesab edirəm ki, Ermənistanda da bu qaydalar oxşardır. Amma nəzərə alsaq ki, Ermənistandakı müxalifət revanşist qüvvələrə, yəni müharibə tərəfdarlarına xidmət edir və hazırkı sülh prosesinə yönəlmiş siyasi kursu ilə Paşinyan hakimiyyətinə qarşı çıxır, onların Nəsimi Musayevlə görüşmək istəyi, təbii ki, müəyyən məqsədlər daşıyır. Bu niyyətin xoşməramlı olduğunu düşünmürəm".
Ç.Qənizadə hesab edir ki, müxalifətin Nəsimi Musayevə marağı məhz istintaqın yekunlaşdığı və işin məhkəməyə göndərildiyi mərhələdə üzə çıxıb. Bu isə təşəbbüsün siyasi xarakter daşıdığı ehtimalını gücləndirir.
"Artıq cinayət işinin istintaqı yekunlaşıb, iş məhkəməyə göndərilir. Məhz bu mərhələdə müxalifətin birdən-birə Nəsimi Musayev yadına düşüb və onunla görüşmək istəyir. Görünür, söhbət zamanı onun bu əraziyə necə gəlib çıxması, Ermənistan sərhədini hansı şəraitdə keçməsi, Şəki kəndində necə peyda olması ilə bağlı məlumatlar əldə etməyə çalışacaqlar. Sonra isə bu məlumatlardan istifadə edərək hakimiyyətə qarşı sərt mövqe ortaya qoyacaqlar. "Sərhədlər qorunmur, təhlükəsizliyimiz təmin edilmir" kimi iddialarla Paşinyan hakimiyyətini hədəfə alacaqlar", – deyə hüquqşünas vurğulayıb.
Ç.Qənizadənin fikrincə, Nəsimi Musayevin həbsi adi bir vətəndaşın saxlanılması məsələsi deyil. "Həm də bilirsiniz ki, Nəsimi Musayevin həbsi sadə bir şəxsin, bir vətəndaşın həbsi deyil. Bu, hazırda Azərbaycan-Ermənistan arasında danışıqlar prosesinin mövzusu olan bir şəxsdir. Müxalifət də məhz bunu siyasiləşdirmək istəyir. Hesab edirəm ki, Penitensiar Xidmətin görüşə icazə verməməsinin arxasında da bu məqam dayanır. Çünki revanşist müxalifət görüşdən sonra Nəsimi Musayevdən Paşinyan hakimiyyətinə qarşı siyasi mübarizədə vasitə, fakt və təzyiq aləti kimi istifadə etməyə çalışacaq", – deyə müsahibimiz bildirib.
Hüquqşünas əlavə edib ki, Nəsimi Musayevin hansı cəzaya məhkum edilməsindən asılı olmayaraq, onun Azərbaycana qaytarılması rəsmi Bakının əsas məqsədlərindən biridir.



