YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

20 yaşlı qız bacısını fenə görə bıçaqladı

20 yaşlı qız bacısını fenə görə bıçaqladı

Bakının Xətai rayonunda 20 yaşlı qız bacısına bıçaqla ağır xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsində baş verib. 2006-cı il təvəllüdlü Fazilə birgə yaşadıqları mənzildə bacısı Könülün (adlar şərtidir – red.) ona məxsus əşyalardan icazəsiz istifadə etməsi ilə bağlı aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı ona bıçaqla iki zərbə vurub.

Faziləyə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Fazilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində bildirib ki, atası Vəfadar, anası Lamiyyə, eyni mənzildə yaşayan əmisi arvadı Sürayyə və əmisi oğlu Şahinlə birlikdə yaşayır. Fazilə qeyd edib ki, evləri üç otaq və mətbəxdən ibarətdir:

"Evin mətbəxi və bir otağında mənim ailəm, digər iki otaqda isə əmimgil yaşayır. Həmin vaxtlardan əmlak üstündə ailələrimiz arasında münasibətlər yaxşı olmayıb. Üç il əvvəl bacım Könül tibb sahəsi üzrə "Çanaqqala" universitetinə daxil olaraq yaşamaq və təhsil almaq üçün Türkiyəyə getdi. Elə həmin vaxtdan bəri Könül hər il yay aylarında evə gələrək bizimlə yaşayır. Hər dəfə bacım yaşadığımız evə gələndə mənimlə heç bir səbəb olmadan aqressiv davranıb, məni ailədə nalayiq ifadələrlə alçaltmağa çalışıb. Mən isə Könülün bu davranışları barədə anama bildirmişəm. Anam hər dəfə mənim tərəfimi tutduğundan Könül dəfələrlə evdən qaçıb".

Fazilənin ifadəsinə görə, 2024-cü ilin yay aylarında bacısı Könüllə münasibətləri artıq pik həddə çatıb:

"Könül öz sözünü yeritmək və valideynlərimi qorxutmaq məqsədilə hətta öz əlini bir neçə dəfə kəsib. Həmin hadisədən sonra bacımın özünə qəsd edəcəyindən qorxan valideynlərim artıq onun bu normal olmayan hərəkətlərinə görə heç nə deməyiblər. Günün böyük hissəsində anam işdə olduğundan bacımın etdiklərini demək olar ki, görməyib. Həmin müddətdə bacım səbəbsiz olaraq mənə əl qaldırıb, hədələyib, başıma oyun açacağını deyib. Mən isə bacardığım qədər ona fikir verməməyə çalışmışam".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 3 sentyabr 2025-ci il tarixində saat 15 radələrində atası mətbəxdə olarkən Könül ona yaxınlaşaraq mətbəxdən getməsini söyüşlə tələb edib:

"Atam da münaqişə olmasın deyə sakitcə mətbəxi tərk etdi. Lakin Könül mətbəxə gedərək yemək bişirmədi, soyuducuda olan tortu və qarpızı qardaşım Samirlə birlikdə yedilər. Mənə də təklif etdilər. Mən isə ac olmadığımı Könülə dedim və telefonla oynamağa davam etdim.

Yemək yedikdən sonra Könül mənim güzgümü götürərək bəzənməyə başladı. Ondan güzgümə toxunmamasını xahiş etdim. Çünki bir neçə gün əvvəl Könül güzgümü sındırsa da, sındırdığı güzgünün şüşələrini belə yerdən yığmamışdı. Anam da evdə söz-söhbət olmasın deyə həmin güzgünün qırıntılarını mənə təmizlətdirmişdi. Bu səbəbdən Könülə güzgümdən istifadə etməyə icazə vermədim".

Fazilə bildirib ki, daha sonra Könül onun şəxsi saç düzləşdirən fenini götürərək icazəsiz istifadə etməyə başlayıb. O, bacısından şəxsi əşyalarından istifadə etməməsini xahiş edib:

"Mən yataqda oturduğum vaxt Könül yaxınlaşaraq hədə-qorxu gəldi və etdiklərimə görə cavab verəcəyini dedi. Mən isə yenə də ona fikir verməyərək sakitləşməsi üçün ondan aralanıb mətbəxə keçdim.

Könül də ardımca düşərək mətbəxə gəldi. Əvvəlcə əlləri ilə qollarımı sıxaraq məni divara söykədi və nalayiq ifadələrlə davamlı olaraq təhqir etdi. Cavab vermədiyimi gördükdə yumruqla sinəmə bir dəfə zərbə vurdu. Sonra başı ilə burnuma toxundu və gözümün içinə baxaraq təhqir etməyə davam etdi.

Mən də var gücümü toplayaraq onu hər iki əlimlə özümdən kənara itələdim. Könül həmin vaxt arxaya getdi, sonra isə arxası mənə tərəf əyildi. Könülün stoldan nəsə götürərək məni vuracağını düşündüm. Bu səbəbdən qəfil, özüm də bilmədən, özümü müdafiə etmək üçün mətbəxdə olan bıçağı götürdüm və Könülün sol çiyninin altından zərbə vurdum.

Könül isə çevrilərək daha da hiddətlə üstümə gəldi. Artıq həmin vaxt bıçaq əlimdə idi. Könül əlini mənə tərəf ataraq məni tutmaq istəyəndə bıçaq onun əlini kəsdi. Əlindən qan gəldiyini gördüm və otaqdan çıxaraq əmim oğlu Şahinin otağının qapısını döyməyə başladı.

Həmin vaxt özümdə olmamışam, nə edəcəyimi bilməmişəm. Qorxaraq anama zəng etdim və bacımı bıçaqla vurduğumu bildirdim. Anam isə işdə olduğunu dedi. Sonradan Könülün dostu ilə danışaraq görüşə çağırdığını eşitdim".

İş üzrə zərərçəkmiş Könül ifadəsində bildirib ki, bacısının onu bıçaqla vuracağını düşünməyib:

"Biz mübahisə etdik. Fazilədən nə üçün mənimlə aqressiv danışdığını soruşdum. O isə gərgin vəziyyətdə mətbəxdə olan bıçağı götürərək ağlaya-ağlaya nəsə dedi. Mən də Faziləni sakitləşdirdim və əlindən bıçağı almaq istədim. Bıçağı əlində bərk saxladığı üçün həmin bıçaq təsadüfən sol biləyinə dəydi, əlim kəsildi.

Faziləni yenə sakitləşdirməyə cəhd etdim. Bir daha yaxınlaşaraq əlini tutub bıçağı verməsini xahiş etdim. Lakin o, artıq özündə deyildi və əlində bıçaqla hərəkətlər etdi. Bu səbəbdən Faziləyə yaxınlaşanda həmin bıçaqla təsadüfən sol qolumu da yaraladı.

Artıq qolumdan qan gəldiyini gördüm və bir müddət nə baş verdiyini anlamağa çalışdım. Sonra oradan uzaqlaşmaq istədim. Üzümü çevirərək ağrıdan nisbətən yerə tərəf əyildim. Həmin vaxt Fazilə bıçaqla bir dəfə belimdən vurdu.

Fazilənin məni bıçaqla vuracağını gözləmirdim. Mətbəxdən çıxaraq əmim oğlunun otağının qapısını döydüm və yaralarımı göstərərək kömək etməsini xahiş etdim. Şahin də qoluma bintlə sarğı qoydu.

Sonra Şahinə xəstəxanaya gedəcəyimi, rəfiqəm Elmiranın məni qarşılayacağını deyərək evdən çıxdım. Həmin vaxt Fazilə donub yerində qalmışdı, danışmırdı və heç bir hərəkət etmirdi.

Evdən çıxdıqdan sonra saat 18 radələrində köhnə dostum Rüfətə zəng edərək yaralandığımı dedim, kömək istədim və onun yaşadığı məhəlləyə getdim. Görüş zamanı Rüfətə yaralı olduğumu bildirdim. Rüfət vəziyyətimi görərək təcili tibbi yardıma zəng etdi və təcili tibbi yardım gələnədək yanımda qaldı. Sonra isə xəstəxanaya aparıldım".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faziləyə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Hökmə əsasən, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilib və 1 il sınaq müddəti müəyyənləşdirilib.

Hökmdə qeyd olunub ki, Fazilənin üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi və müvəqqəti yaşayış yerlərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqana təhsil müəssisəsini və iş yerini dəyişdirməsi barədə əvvəlcədən məlumat vermək vəzifələri qoyulub.

Fariz Məlikli

Editor
Redaktor