YapiKredi Müraciət Forması
Mazda CX-5
İqtisadiyyat Özəl

Neft-qaza maraq böyükdür, bəs istehsala niyə yatırım azdır?

Neft-qaza maraq böyükdür, bəs istehsala niyə yatırım azdır?

Azərbaycana xarici investisiyaların həcminin artması ölkə iqtisadiyyatı üçün müsbət göstərici hesab olunur. Lakin investisiyaların hansı sahələrə yönəldilməsi və real iqtisadiyyata nə dərəcədə təsir göstərməsi də mühüm əhəmiyyət daşıyır.

İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda investisiya qoyuluşlarının əsas istiqamətlərindən biri enerji sektorudur.

Neft-qaza maraq böyükdür, bəs istehsala niyə yatırım azdır?

Onun sözlərinə görə, bu sahədə ölkəmiz həm regional, həm də beynəlxalq miqyasda mühüm mövqeyə malikdir:

"Xüsusilə ənənəvi neft-qaz sənayesi ilə yanaşı, son illərdə bərpa olunan enerji mənbələrinə də maraq artıb. Günəş və külək enerjisi layihələrinə xarici investorların cəlb olunması, yeni enerji güclərinin yaradılması və mövcud infrastrukturun inkişaf etdirilməsi bu istiqamətdə investisiya imkanlarını genişləndirir. Enerji sektoruna həm yerli, həm də xarici investorların marağı kifayət qədər yüksəkdir və bu sahəyə ciddi maliyyə vəsaitləri yönəldilir. Lakin əsas diqqət yetirilməli məqamlardan biri investisiyaların digər iqtisadi sahələr üzrə də artırılmasıdır. Xüsusilə qeyri-neft sektoruna, istehsal və real iqtisadiyyata investisiya qoyuluşlarının mövcud səviyyəsi arzuolunan nəticələrə çatmayıb. Halbuki iqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal müəssisələrinin yaradılması, məşğulluğun artırılması və ixrac imkanlarının genişləndirilməsi üçün məhz bu sahələrə investisiyaların cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır. Bunun üçün Azərbaycanda qeyri-neft sektoruna yönələn investisiyaların stimullaşdırılması istiqamətində yeni proqramların hazırlanmasına, mövcud mexanizmlərin təkmilləşdirilməsinə və sahibkarlar üçün əlavə güzəştlərin tətbiqinə ehtiyac var".