Mənzilini kirayəyə verən ev sahibləri bəzən kirayə müddəti başa çatdıqdan sonra xoşagəlməz mənzərə ilə qarşılaşırlar. Belə ki, bəzi kirayəçilər mənzili təhvil verərkən mebelə, məişət texnikasına, divarlara, döşəməyə və digər əşyalara zərər vurur, hətta təmirə ehtiyac yaradan vəziyyətdə evi tərk edirlər. Bu zaman ev sahibi dəymiş zərərin qarşılanmasını tələb etmək istəsə də, hansı hüquqi addımları atmalı olduğunu bilməyə bilər.
Bəs kirayəçi mənzilə ziyan vurduqda ev sahibi dəymiş zərəri hansı qaydada tələb edə bilər? Kirayəçi ödənişdən imtina edərsə, məsələ məhkəmə yolu ilə həll oluna bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Amid Əsgərov bildirib ki, kirayəçi kirayəyə götürdüyü mənzilə ziyan vurduqda ev sahibi həmin zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür:
"Həmçinin Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Kirayəçi dəymiş zərərin əvəzini könüllü surətdə ödəmədikdə, mənzilin (evin) mülkiyyətçisi dəymiş zərərin ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Bunun üçün o, əmlakın kirayəçinin təqsiri ucbatından zədələnməsi ilə bağlı sübutlar toplamalı (foto, video çəkiliş aparmaqla, aktlaşdırmaqla və s.), zərərin məbləğini müəyyən etməli, dəymiş zərərin məbləğindən asılı olaraq dövlət rüsumu ödəyib, iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Ev sahibi mənzilə vurulan zərərin ödənilməsini tələb etmək hüququna malik olsa da, bu tələb müvafiq sübutlarla əsaslandırılmalıdır. Kirayəçinin məsuliyyəti yalnız mənzilin əvvəlki vəziyyəti ilə sonrakı vəziyyəti arasındakı fərqə görə deyil, zərərin onun təqsirli davranışı nəticəsində yaranmasının sübuta yetirilməsi əsasında müəyyən edilir. Mənzildən (evdən) istifadə nəticəsində yaranan normal aşınma kirayəçi tərəfindən vurulan zərər hesab edilmir".



