Türkiyədə həvəskar futbol matçından sonra baş verən insident oyunçunun həbsi ilə nəticələnib. "Manavqat Bələdiyyəspor"un futbolçusu Cengizhan Kasap rəqibinə kəllə ataraq onu yaraladığı üçün məhkəmə qərarı ilə həbs edilib.
Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin Peşəkarlığa Keçid Liqasının (PGL) 12-ci qrupunda keçirilən "Manavqat Bələdiyyəspor" – "1955 Seydişehir Alüminyumspor" matçından sonra baş verib.
Qarşılaşma bazar günü Manavqat Atatürk stadionunda keçirilib və meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra "Manavqat Bələdiyyəspor"un zədə səbəbindən matçın iştirak ərizəsində olmayan futbolçusu Cengizhan Kasap paltardəyişmə otağına gedən rəqib komandanın üzvü Osman Çağlar Uça hücum edərək başı ilə zərbə endirib.
Nəticədə rəqib futbolçunun qaşı yarılıb və ona tikiş qoyulub. Xəstəxanada müayinə olunan Osman Çağlar Uç xəsarətlə bağlı tibbi arayış alaraq şikayətçi olub.
Hadisədən sonra jandarma əməkdaşları tərəfindən saxlanılan Kasap ifadəsi alındıqdan sonra məhkəmə qarşısına çıxarılıb. O, qəsdən xəsarət yetirmə ittihamı ilə həbs edilərək Manavqat S Tipli Qapalı və Açıq Cəzaçəkmə Müəssisəsinə göndərilib.
Məlumata görə, iki futbolçu arasında mövsümöncəsi Seydişehirdə keçirilən yoxlama oyununda da mübahisə yaşanıb.
Hadisə futbol azarkeşlərinə 2006-cı il dünya çempionatının finalında Fransa millisinin əfsanəvi futbolçusu Zinəddin Zidanın italiyalı Marko Materatsiyə başı ilə zərbə endirməsini xatırladıb. Həmin epizoddan sonra qırmızı vərəqə alan Zidan futbolçu karyerasını final matçında başa vurmuşdu.



