1992-ci il noyabrın 21-də Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoyan Yeni Azərbaycan Partiyası yarandı. Ölkənin ağır siyasi böhran, qeyri-sabitlik və ciddi dövlətçilik sınaqları ilə üzləşdiyi bir vaxtda meydana gələn YAP xalqın gələcəyə inamının, milli birliyin və güclü dövlət qurmaq istəyinin siyasi ifadəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan partiya ötən 34 il ərzində Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutaraq ölkənin inkişafı və dövlətçilik tarixinin əsas siyasi aktorlarından biri oldu.
"YAP dünənin, bu günün və gələcəyin partiyasıdır" – Ulu Öndər Heydər Əliyevin bu siyasi baxışı partiyanın ideoloji xəttini, fəaliyyət fəlsəfəsini və gələcəyə yönəlmiş strategiyasını müəyyən edən əsas ifadələrdən biri kimi bu gün də aktuallığını qoruyur. Yeni Azərbaycan Partiyasının yaranması təsadüfi siyasi hadisə deyil, ölkənin mövcud vəziyyətindən irəli gələn zərurət, Azərbaycanın gələcəyinə məsuliyyətlə yanaşan ziyalıların təşəbbüsü və xalqın siyasi iradəsinin təzahürü idi.
1992-ci ilin mürəkkəb ictimai-siyasi mənzərəsində Azərbaycanın dövlət müstəqilliyi ciddi təhlükələrlə üzləşir, ölkədə xaos, idarəetmə böhranı və siyasi qarşıdurmalar dərinləşirdi. Belə bir şəraitdə Azərbaycanın tanınmış ziyalıları, ictimai xadimləri və nüfuzlu şəxsiyyətləri ölkənin çıxış yolu tapması, dövlətçiliyin qorunması və siyasi sabitliyin təmin olunması məqsədilə Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi təşkilatın yaradılması təşəbbüsü ilə çıxış etdilər. Bu təşəbbüs cəmiyyətin müxtəlif təbəqələrində böyük dəstək qazandı və Azərbaycanın gələcəyinə dair ümidlərin siyasi platformada birləşməsinə zəmin yaratdı.
"91-lər"in 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə ünvanladığı müraciət ölkənin siyasi tarixində əlamətdar hadisələrdən biri oldu. Azərbaycanın görkəmli ziyalılarının imzaladığı bu müraciət yeni siyasi təşkilata rəhbərlik etmək çağırışı ilə yanaşı, xalqın sabitlik, güclü liderlik və dövlətin qorunması arzusunu ifadə edirdi. Heydər Əliyevin müraciətə verdiyi cavabda Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi qiymətləndirməsi siyasi proseslərin yeni istiqamət almasına təkan verdi.
21 noyabr 1992-ci ildə Naxçıvanda ölkənin müxtəlif bölgələrini təmsil edən 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda partiyanın yaradılması haqqında qərar qəbul olundu, Nizamnamə və Proqram təsdiqləndi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Siyasi Şura, İdarə Heyəti və sədr müavinlərinin müəyyənləşdirilməsi ilə partiyanın təşkilati strukturu formalaşdırıldı.
YAP-ın yaranmasından qısa müddət sonra geniş siyasi nüfuz qazanması onun cəmiyyətin müxtəlif təbəqələrini ümumi ideya və məqsədlər ətrafında birləşdirə bilməsi ilə bağlı idi. Partiya siyasi fəaliyyətində dövlətçilik, müstəqillik, azərbaycançılıq, milli birlik və siyasi sabitlik prinsiplərini əsas götürərək ümumxalq siyasi təşkilatına çevrildi. Ulu Öndər Heydər Əliyevin siyasi liderliyi və strateji baxışı YAP-ın yalnız siyasi təşkilat kimi formalaşmasına deyil, həm də Azərbaycanın dövlətçilik kursunun müəyyənləşməsində mühüm rol oynamasına imkan verdi.
Yeni Azərbaycan Partiyasının tarixində növbəti mühüm mərhələ 2005-ci il martın 26-da keçirilən III qurultayla bağlıdır. Həmin qurultayda İlham Əliyev partiyanın sədri seçildi. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun davam etdirilməsi, Azərbaycanın modernləşməsi, iqtisadi inkişafı, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sonrakı dövrdə partiyanın fəaliyyətinin əsas istiqamətlərini təşkil etdi.
2021-ci il martın 5-də keçirilən VII qurultay partiyanın təşkilati və proqram baxımından yenilənməsində mühüm rol oynadı. Yeni Nizamnamə qəbul edildi, idarəetmə strukturları formalaşdırıldı, Veteranlar Şurası yaradıldı. Mehriban Əliyevanın partiya sədrinin birinci müavini təyin olunması YAP-ın rəhbərliyində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, qadınların ictimai-siyasi həyatda iştirakının və dövlət idarəçiliyində rolunun əhəmiyyətini də ön plana çıxardı
Partiyanın fəaliyyət proqramında müstəqillik, dövlətçilik, azərbaycançılıq, qanunun aliliyi, varislik və təkamül, sosial ədalət, insan amili, multikulturalizm, konstruktiv əməkdaşlıq və demokratik ənənələrin inkişafı əsas siyasi dəyərlər kimi müəyyənləşdirilib. İqtisadi inkişaf, insan kapitalının gücləndirilməsi, milli-mənəvi irsin qorunması, vətəndaş həmrəyliyi, ordu quruculuğu, xarici siyasət və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış partiyanın strateji hədəfləri sırasında yer alır. Bu prioritetlər YAP-ın siyasi fəaliyyətinin ölkənin uzunmüddətli inkişaf məqsədləri ilə əlaqələndirildiyini göstərir.
Yeni Azərbaycan Partiyası bu gün geniş üzvlük bazasına, ölkənin bütün bölgələrini əhatə edən təşkilati struktura və parlament, bələdiyyə səviyyəsində təmsilçiliyə malik siyasi təşkilatdır.
2024-cü ildə keçirilən prezident və parlament seçkiləri, 2025-ci il bələdiyyə seçkilərinin nəticələri partiyanın siyasi proseslərdəki mövqeyini bir daha nümayiş etdirib. Prezident seçkilərində İlham Əliyevin, parlament seçkilərində YAP-ın əldə etdiyi nəticələr və bələdiyyələrdə geniş təmsilçilik partiyanın seçki strategiyasının və təşkilati fəaliyyətinin mühüm göstəriciləri kimi təqdim olunur. Bununla yanaşı, partiyanın siyasi gündəliyində ümummilli məsələlərdə həmrəylik, siyasi dialoq, əməkdaşlıq və dövlət maraqlarının üstün tutulması əsas istiqamətlərdən biri olaraq qalır.
2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni siyasi və geosiyasi reallıqlar fonunda baş tutdu. Qurultayda Prezident İlham Əliyev çıxış edərək ölkənin keçdiyi tarixi yolu, əldə olunan nailiyyətləri və qarşıda duran strateji vəzifələri diqqətə çatdırdı. Azərbaycanın suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olması bu tədbirə xüsusi siyasi məna qazandırdı. Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər, İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibi ilə bağlı qərarlar qəbul olundu, YAP-ın gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirildi.
"Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi" – Prezident İlham Əliyevin bu fikri partiyanın yaranma tarixini Azərbaycanın sonrakı siyasi inkişafı və əldə etdiyi tarixi nailiyyətlərlə əlaqələndirir. 1992-ci ildə mürəkkəb şəraitdə yaranan YAP bu gün Azərbaycanın yeni geosiyasi reallıqları, ərazi bütövlüyünün və suverenliyinin bərpası, azad edilmiş ərazilərin yenidən qurulması və ölkənin gələcək inkişafı kimi mühüm məsələlərin müzakirə olunduğu siyasi platformaya çevrilib.
Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti Azərbaycanın müasir siyasi tarixinin mühüm mərhələlərini əhatə edir. Təsis olunduğu dövrdə dövlətçilik böhranı və siyasi qeyri-sabitlik şəraitində qarşıya çıxan çağırışlara cavab vermək məqsədi daşıyan partiya, bu gün yeni inkişaf mərhələsinin hədəfləri və məsuliyyətləri ilə üz-üzədir. YAP-ın dünənini formalaşdıran siyasi irs, bu gününü müəyyən edən fəaliyyət və gələcəyə yönələn strateji məqsədləri onun tarixi missiyasının davamlılığını ifadə edir. Azərbaycanın yeni reallıqlar fonunda qarşıya qoyduğu hədəflər isə partiyanın qarşıdakı dövrdə də siyasi gündəmin mühüm iştirakçısı olacağını göstərir.
Hicran Əyyubova
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecinin direktoru



