Slovakiyanın Modra şəhərində yerləşən məktəblərdən birində naməlum maddənin sızması ehtimalı ilə bağlı hadisə baş verib. Nəticədə azı 22 şagird özünü pis hiss edib.
Demokrat.az xəbər verir ki, bu barədə "Denník N" nəşri məlumat yayıb.
Hadisə ilə əlaqədar Bratislavadakı Milli Uşaq Xəstəlikləri İnstitutunun təcili yardım şöbəsinə 15-17 yaşlarında yeddi qız çatdırılıb. Daha 12 şagirdin təxliyə avtobusu ilə xəstəxanaya aparılmasının gözlənildiyi bildirilib. Onlardan birinin stasionar müalicəyə yerləşdirildiyi qeyd olunub.
Məlumata görə, səhər saatlarında məktəbdə naməlum maddənin sızması ehtimalı barədə məlumat daxil olduqdan sonra şagirdlər binadan təxliyə edilib. Mütəxəssislər ərazidə havanın tərkibini yoxlasalar da, təhlükəli birləşmələrin normadan artıq miqdarı aşkarlanmayıb.
Hadisə yerindən götürülən nümunələr əlavə laborator müayinəyə göndərilib. Polis faktla bağlı ictimai təhlükəsizliyə təhdid yaratmaq maddəsi üzrə cinayət işi açıb.
Hazırda şagirdlərin səhhətinin pisləşməsinə səbəb olan maddənin nə olduğu müəyyənləşdirilməyib.



