Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan siyasi təşkilatlardan biridir. Dövlət müstəqilliyinin ciddi sınaqlarla üzləşdiyi, ölkədə siyasi böhranın hökm sürdüyü mürəkkəb bir dövrdə ziyalıların təşəbbüsü ilə yaradılan partiya ötən 34 il ərzində böyük inkişaf yolu keçərək ümumxalq partiyasına çevrilib.
Ulu Öndər Heydər Əliyevin "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır" tarixi kəlamı partiyanın keçdiyi inkişaf yolunun və siyasi fəaliyyətinin əsas mahiyyətini ifadə edir.
1992-ci ilin oktyabrında Azərbaycanın tanınmış ziyalıları və ictimaiyyət nümayəndələrindən ibarət 91 nəfərlik təşəbbüs qrupu Heydər Əliyevə müraciət edərək yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsini xahiş edib. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olan bu sənəd ölkədə sabitlik və güclü dövlətçilik istəyinin ifadəsi idi.
Ulu Öndər Heydər Əliyev müraciətə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi qiymətləndirərək onun müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və inkişafında tarixi rol oynaya biləcəyini vurğulayıb.
Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə YAP-ın təsis konfransı keçirilib. Konfransda partiyanın yaradılması haqqında qərar qəbul olunub, Nizamnamə və Proqramı təsdiqlənib. Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib.
Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilərək ölkədə siyasi sabitliyin və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsi və dövlətçilik fəlsəfəsi əsasında formalaşan partiya öz fəaliyyətində milli maraqların qorunmasını, müstəqil dövlətçiliyin möhkəmləndirilməsini və demokratik inkişafı əsas prioritetlər kimi müəyyən edib.
2005-ci il martın 26-da keçirilən YAP-ın III qurultayında Prezident İlham Əliyev partiyanın sədri seçilib. Bununla da Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsində yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın təşkilati strukturu və fəaliyyət istiqamətləri daha da təkmilləşdirilib.
2021-ci il martın 5-də keçirilən VII qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edilib, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının yeni tərkibi təsdiqlənib. Həmin gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edilib.
Partiyanın 2021-ci il dekabrın 29-da təsdiq edilmiş yeni Proqramında müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, sosial ədalət, milli-mənəvi dəyərlərin qorunması və konstruktiv siyasi dialoq əsas prinsiplər kimi müəyyənləşdirilib. Sənəddə, həmçinin güclü iqtisadiyyatın qurulması, insan kapitalının inkişafı, milli maraqların qorunması, ordu quruculuğu və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış partiyanın strateji hədəfləri sırasında yer alıb.
Bu gün 769 min 811 üzvü olan Yeni Azərbaycan Partiyası Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla yanaşı, Cənubi Qafqazın da aparıcı siyasi qüvvəsi hesab olunur. Prezident İlham Əliyev YAP-ın VIII qurultayında çıxışı zamanı partiyanın ölkənin inkişafında rolunu xüsusi vurğulayaraq bildirib: "Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var".
YAP-ın siyasi fəaliyyətində cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsi, siyasi dialoqun inkişafı və ümummilli maraqlar ətrafında birliyin təmin olunması da mühüm yer tutur. Prezident İlham Əliyevin "Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz" fikri bu yanaşmanın əsas mahiyyətini ifadə edir.
Son illərdə keçirilən seçkilərin nəticələri də partiyanın siyasi mövqeyini nümayiş etdirir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev seçicilərin 92,12 faizinin səsini qazanıb. Həmin il sentyabrın 1-də keçirilən parlament seçkilərində partiya 68 mandat əldə edib. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə YAP-ın 5855 namizədi bələdiyyə üzvü seçilib.
2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII qurultayı partiyanın fəaliyyətində növbəti mühüm mərhələ olub. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultayda Prezident İlham Əliyev proqram xarakterli çıxış edərək partiyanın qarşısında duran vəzifələri və gələcək strateji hədəfləri müəyyənləşdirib. Qurultayda, həmçinin Nizamnaməyə dəyişikliklər təsdiqlənib, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.
Prezident İlham Əliyev YAP-ın VIII qurultayında Azərbaycanın qazandığı tarixi nailiyyətlərin partiyanın yaranma ideyaları ilə bağlılığını vurğulayaraq deyib: "Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi".
Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, dövlətçilik ənənələrinin qorunması və Azərbaycanın davamlı inkişafı istiqamətində fəaliyyətini davam etdirir.
YAP-ın 34 illik tarixi müstəqil Azərbaycanın siyasi salnaməsinin mühüm səhifələrindən biridir. Ulu Öndərin "dünənin, bu günün və gələcəyin partiyası" kimi səciyyələndirdiyi bu siyasi təşkilatın keçdiyi yol onun tarixi missiyasının və gələcək hədəflərinin əsasını təşkil edir.
Güləhməd Xəlilov
Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi



