YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl İnfrastruktur

"Harada yeni layihə həyata keçirilirsə, orada qiymət artımı qaçılmazdır"

Harada yeni layihə həyata keçirilirsə, orada qiymət artımı qaçılmazdır

Bakıda köhnə yaşayış binalarının sökülməsi və yeni tikinti layihələrinin genişlənməsi daşınmaz əmlak bazarında yeni bahalaşma dalğası yarada bilər. Xüsusilə torpaq sahələrinin məhdudluğu və söküntü nəticəsində alternativ yaşayış yeri axtaran insanların sayının artması həyət evlərinə və torpağa tələbatı gücləndirə bilər.

Bəs söküntülərin başlaması həyət evlərinin və torpaq sahələrinin qiymətini nə qədər artıra bilər? Bu prosesdən sonra torpaq almaq istəyən vətəndaşlar daha yüksək qiymətlərlə üzləşəcəklərmi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında bildirib ki, Bakı şəhərinin 2040-cı ilədək olan baş planı çərçivəsində həyata keçirilən söküntülər həm həyət evlərinin, həm də torpaq sahələrinin qiymətinə təsir göstərəcək.

Onun sözlərinə görə, sökülən ərazilərdəki evlərinə görə kompensasiya alan vətəndaşların bir qismi həmin ərazilərdə yeni mənzil almaq imkanına malik olmur:

"Kompensasiya məbləği ilə istədikləri mənzili əldə edə bilməyən şəxslər fərdi yaşayış evlərinə üstünlük verirlər. Nəticədə həyət evlərinə və torpaq sahələrinə tələbat artır, bu da həmin bazarda aktivliyə və qiymət artımına səbəb olur.

Digər tərəfdən, nəzərə alsaq ki, fərdi yaşayış evlərinin əsasını torpaq sahəsi təşkil edir, torpaq qıtlığı və onun qiymətinin kəskin artması fərdi yaşayış evlərinin dəyərinə də təsir göstərir. Bu proses birbaşa torpaq sahələrinin qiymətində də özünü göstərir.

Hazırda torpaq sahələri yeganə daşınmaz əmlak növüdür ki, onların qiyməti ardıcıl olaraq hər il təxminən 15-20 faiz artır. Regionlarda isə qiymət artımı daha yüksəkdir. Əhalinin sayının artması, infrastruktur layihələri, söküntü işləri, Bakı şəhərinin 2040-cı ilədək olan baş planı çərçivəsində həyata keçirilən abadlıq, yenidənqurma və yaxşılaşdırma işləri torpaq sahələrinin dəyərini ciddi şəkildə artırır. Daşınmaz əmlakın, xüsusilə də torpaq sahələrinin investisiya cəlbediciliyi də qiymət artımına təsir göstərir. Çünki torpaq uzunmüddətli investisiya vasitəsidir. Bu gün alınan torpaq müəyyən müddətdən sonra bahalaşa, hətta əvvəlki dəyərinin iki qatına çata bilər.

Son beş ilin təhlili də göstərir ki, bəzi ərazilərdə torpaq sahələrinin qiyməti iki, 2,5, hətta üç dəfə artıb. Belə artımı artıq faizlərlə ifadə etmək kifayət etmir. Düşünürəm ki, bu dəyişikliklər nəticəsində həyət evlərinin qiyməti təxminən 10-15 faiz arta bilər. Tikintiyə yararlı torpaq sahələrinin qiymətində isə bundan sonra da 20-25 faizlik artım potensialı mövcuddur.

Təbii ki, bunlar tələb və təklifdəki dəyişikliklərə əsaslanan proqnozlardır. Digər mühüm məsələ qiymət artımına təsir edən kompensasiya məbləğlərinin alıcılıq qabiliyyətidir. Əgər vətəndaşa verilən kompensasiya onun əvvəlki yaşayış ərazisində eyni şəraitə malik mənzil almasına kifayət etmirsə, həmin şəxs alternativ əmlak növlərinə yönəlməyə məcbur qalır. Bu zaman ya torpaq sahəsi alaraq özü ev tikir, ya hazır fərdi yaşayış evi əldə edir, ya da daha ucqar ərazidə əvvəlki mənzilinin sahəsinə uyğun mənzil alır.

Bəs torpaq alan vətəndaşlar daha yüksək qiymətlərlə üzləşəcəklər?

Bəli. Bakıda söküntü prosesinin genişlənməsi torpaq almaq istəyən vətəndaşlar üçün müəyyən qiymət artımı riski yaradır. Çünki söküntülər nəticəsində alternativ yaşayış sahələrinə ehtiyac yaranır və bu, bazara tələbatı artıraraq qiymətlərə təsir göstərir. Kompensasiya şəklində ödənilən vəsaitin daşınmaz əmlak bazarına yönəlməsi də qiymət artımını sürətləndirə bilər.

Eyni zamanda, yeni tikinti layihələri və iri yaşayış komplekslərinin inşası da ətraf ərazilərdə qiymət artımına səbəb olur. Ziya Bünyadov və Heydər Əliyev prospektlərinin kəsişməsində, eləcə də Böyükşor ərazisində yeni kompleksin inşa edilməsi ətrafdakı torpaq sahələrinin və həyət evlərinin qiymətinə təsir göstərəcək. Harada yeni layihə həyata keçirilirsə, həmin ərazidə qiymət artımı qaçılmazdır".