Quba rayonunda 46 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba rayonunun kəndlərindən birində baş verib. 1980-ci il təvəllüdlü Asim yaşadığı evdə həyat yoldaşı Əsmərlə (adlar şərtidir – red.) mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı 46 yaşlı kişi arvadını otaqda olan dolaba çırpıb. Həmçinin onun sağ qoluna və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirərək xəsarət yetirib.
Asim barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində bildirib ki, hadisə günü saat 18 radələrində arvadına zəng etsə də, Əsmər zənginə cavab verməyib:
"Həmin gün saat 23 radələrində yaşadığım evdə Əsmərlə bu səbəbdən mübahisə edən zaman əsəbiləşdim. Əlimlə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq onu otaqda olan dolaba çırpdım".
Zərərçəkmiş şəxs ifadəsində əri ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Asim barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli



