YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Qayınatası evdən qovdu, əri də döydü — Məhkəmə

Qayınatası evdən qovdu, əri də döydü — Məhkəmə

Quba rayonunda 36 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Bəhruz birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Səidənin (adlar şərtidir – red.) saçından tutaraq dartıb, üzünə və bədəninin müxtəlif nahiyələrinə şillə və yumruqla zərbələr endirib. Nəticədə qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Bəhruz barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində bildirib ki, Səidə ilə münasibətləri ilk vaxtlar normal olsa da, sonradan aralarında ünsiyyət zəifləyib. Onun sözlərinə görə, Səidə xasiyyətcə çox xırdaçı olduğundan aralarında tez-tez mübahisələr yaranıb:

"Məlum hadisə günü saat 12 radələrində birgə yaşadığımız evin həyətində olarkən arvadımın qışqıraraq evdən çıxmaq istədiyini gördüm. Onun qolundan tutaraq nə üçün qışqırdığını soruşdum. O, cavab verməyərək qışqırmağa davam etdiyi üçün əsəbiləşdim. Üzünə və bədəninin müxtəlif nahiyələrinə şillə və yumruqla vuraraq ona xəsarət yetirdim".

İş üzrə zərərçəkmiş Səidənin sözlərinə görə, yaşadıqları evdə təmizlik işləri görərkən qayınatası ona yaxınlaşıb evi tərk etməsini bildirib.

Onun sözlərinə görə, həmin vaxt evdə olan əri Bəhrüzə atasının onu evdən qovduğunu deyəndə aralarında mübahisə yaranıb.

Zərərçəkmiş qeyd edib ki, həmin vaxt Bəhruz ona qarşı nalayiq ifadələr işlədib, saçından tutaraq dartıb, daha sonra yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək onu döyüb.

Quba Rayon Məhkəməsinin hökmü ilə Bəhruz aylıq qazancından 10 faizin dövlət nəfinə tutulması şərtilə 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli

Editor
Redaktor