YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Həyətdə uşaqların səsindən yata bilmədi deyə qan tökdü — Təfərrüat

Həyətdə uşaqların səsindən yata bilmədi deyə qan tökdü — Təfərrüat

Bakının Sabunçu rayonunda uşaqların həyətdə oynaması qonşular arasında qanlı mübahisəyə səbəb olub. 38 yaşlı kişi qonşusuna bıçaqla ağır xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Savalan şəhid və qazilərin yaşayış kompleksinin həyətində baş verib.

Cəbrayıl rayon sakini, 1988-ci il təvəllüdlü Bilman həyətdə oynayan azyaşlı uşaqların səs-küy salmasına görə onların ünvanına nalayiq ifadələr işlədib. Qəşəmin (adlar şərtidir – red.) buna irad bildirməsi isə mübahisəyə səbəb olub. Bilman bıçaqla Qəşəmə bir dəfə zərbə vurub.

Bilman barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Bilman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O, ifadəsində bildirib ki, hadisə baş verən gün dərman qəbul edərək mətbəxdə oturub:

"Dərman qəbul etməyimə baxmayaraq, yata bilmədim. Çünki başımda ağrılar və səslər olduğuna görə yatmağıma mane olurdu. Dərman qəbul etmədiyim vaxtlarda da elə olurdu ki, iki gün yata bilmirdim. Həmin vaxt dərman qəbul etmişdim, ancaq təsir etmədi. Həkimə dəfələrlə dərmanın təsir etmədiyini demişəm. Həmin gün də həddindən artıq dərman qəbul etmişdim.

Həyətdə uşaqların səs-küyü oldu. Həyətə çıxaraq uşaqlara iradımı bildirdim və onlara dedim ki, ‘birincisi, oynamayın, ikincisi isə oynayırsınızsa, sakit olun". Bundan sonra içəri girdim. Uşaqlar yenidən oynamağa başladılar.

Çölə çıxaraq uşaqlara ‘eşitmirsiniz məni?" deyəndə, orada uşaqlardan biri ağzımı əyməyə başladı. Uşaqlara ‘o hansı tərbiyəsizdir?" dedim. Mənim ifadəm bu formada olub. Həmin sözü kobud tərzdə deməmişəm.

Bunu deyəndə qarşı binanın beşinci mərtəbəsində yaşayan Qəşəm çıxaraq ‘uşaqdır, harada oynamalıdır?" deyə mənə irad bildirdi. Mən də ona dedim ki, sənin başın səs götürür, mənim başım səs götürmür.

Mən müharibədə ən qızğın döyüşlərdə iştirak etmişəm, ordunun öncüllərindən biri olmuşam. Döyüşlər zamanı əvvəlcə 85 nəfər olsaq da, sonradan 300 nəfər olduq. Mən və döyüş yoldaşlarım qaynar nöqtələrdə olmuşuq. Səs-küylü vəziyyətlər mənə daha çox təsir edir. Qapalı yerlərdə də sıxılmışam".

Təqsirləndirilən şəxs deyib ki, bu sözlü mübahisədən sonra Qəşəm onu aşağı çağırıb və həmin andan sonra baş verənləri xatırlamayıb:

"Həyat yoldaşım Səbinə həmin vaxt bütün baş verənlərin şahidi olub. Mənə dedi ki, Qəşəm səni aşağı çağırdı, aranızda 10-15 saniyə söhbət oldu, səni vurdu, yaxandan tutaraq linc etməyə çalışdı.

Mənim əlimdə əsa olub. Uzun illər idmanla da məşğul olmuşam. Hərbidən əvvəl kəsici alətdən istifadə etməmişəm. Qəşəm məni linc etməyə çalışdı. Bu, mənim pisimə gəldi.

Mən də, Qəşəm də müharibə veteranıyıq. Həmçinin həyat yoldaşım yuxarıdan baxdığına görə baş verənlər mənim üçün ağır gəlib.

Mən Qəşəmə bir bıçaq zərbəsi vurmuşamsa da, həmin vaxt özümə də yeddi bıçaq zərbəsi yetirmişəm. Qoluma, ayaqlarıma, hətta qarnıma da xəsarət yetirməyə çalışdığım zaman orada yaşayanlardan biri qolumdan tutaraq mənə mane olub.

Mənim bu halım ilk dəfə olmayıb. Bundan əvvəl də qarın nahiyəmə xəsarət yetirmişəm. Bununla bağlı 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə də almışam. Hadisənin baş vermə səbəbi belə başlayıb. Orada nalayiq ifadə işlətməmişəm, ömür boyu da söyüşdən istifadə etməmişəm".

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş şəxslə barışıq əldə edib, əməlindən peşmandır və belə bir hadisənin baş verməsini istəməzdi.

Onun sözlərinə görə, tibbi vəziyyəti ilə bağlı sənədi var və Respublika Psixiatriya Xəstəxanasında üç ay müalicə alıb.

İş üzrə zərərçəkmiş Qəşəm ifadəsində bildirib ki, hadisə baş verən gün evində olub:

"Bilman həyətdə oynayan uşaqlara nalayiq sözlər dedi. ‘Bunlar yiyəsizdirlər, bunların yiyələri yoxdur" deyəndə onunla söhbət etmək üçün aşağı düşdüm. Bilmana salam verərək görüşdüm. Ona dedim ki, uşaq harada oynamalıdır, həyətdə oynamalıdır.

Bilman mənim evimdə də iki uşaq olduğunu deyəndə, ona ‘Allah saxlasın" dedim. Bilman ‘yiyəsiz" sözünü deyəndə onun özünün də iki uşağının olduğunu bildirdim".

Zərərçəkmiş ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, onu bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bilman 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilib.

Bundan əlavə, təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulub. Onun davranışına nəzarət daimi yaşayış yeri üzrə Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Fariz Məlikli

Editor
Redaktor