YapiKredi Müraciət Forması
Mazda CX-5
Avto Özəl

"Ferrari"dən 670 at gücünə malik superkar - Qiyməti 291 min avro olacaq

Ferraridən 670 at gücünə malik superkar - Qiyməti 291 min avro olacaq

İtaliyanın "Ferrari" şirkəti "296 Challenge Stradale" və "296 Challenge Evo" adlı iki yeni modelini təqdim edib. Avtomobillər yarış texnologiyalarından istifadə edilməklə hazırlansa da, onlardan biri ümumi istifadədə olan yollarda hərəkət üçün də nəzərdə tutulub.

Demokrat.az xəbər verir ki, bu barədə istehsalçının rəsmi saytında məlumat verilib.

Yeni modellərdən "296 Challenge Stradale" adi yollarda istifadə üçün sertifikatlaşdırılıb, "296 Challenge Evo" isə yalnız yarış trasları üçün hazırlanıb. Hər iki avtomobilin yaradılmasında "Ferrari Challenge" yarış seriyasının təcrübəsindən və texnologiyalarından istifadə olunub.

Avtomobillərin əsas xüsusiyyətlərindən biri hibrid sistemdən imtina edilərək sırf benzin mühərrikinə üstünlük verilməsidir. Hər iki model 2,9 litrlik, iki turbokompressorlu V6 mühərriklə təchiz olunub. "296 Challenge Stradale" 670 at gücü, Challenge Evo isə 700 at gücü hasil edir.

"296 Challenge Stradale" modelinin quru çəkisi 1330 kiloqramdır. Bu göstərici avtomobilin hər at gücünə cəmi 1,98 kiloqram çəki düşməsi deməkdir. Challenge Evo da eyni çəkiyə malikdir.

Yeni superkarların hazırlanmasında aerodinamikaya xüsusi diqqət yetirilib. "296 Challenge Stradale" saatda 250 kilometr sürətlə hərəkət edərkən 617 kiloqramadək yerəbasma qüvvəsi yaradır. Bu göstərici Ferrari 296 GTB ilə müqayisədə 72 faiz çoxdur.

Buna sabit arxa qanad, ön splitter, aerodinamik elementlər və avtomobilin tamamilə qapalı alt hissəsi hesabına nail olunub.

Modelin salonu və ümumi təchizatı da əsasən sürücünün idarəetmə təcrübəsinə uyğunlaşdırılıb. Minimalist yanaşma ilə hazırlanan avtomobildə rahatlıq elementlərindən daha çox yüngüllük, sabitlik və idarəetmə dəqiqliyi ön plana çıxarılıb.

"Ferrari" yeni modelin rəsmi satış qiymətini açıqlamayıb. "Car and Driver" nəşrinin məlumatına görə, "296 Challenge Stradale"-nin İtaliyada başlanğıc qiyməti təxminən 291 min avro ola bilər.