Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub. Vakansiya elan edilən fakültələrdən biri də Jurnalistika fakültəsidir. Hazırda fakültənin dekan vəzifəsi üzrə müsabiqə keçirilir.
Məsələ ilə bağlı Demokrat.az fakültənin müəllim və məzunları arasında sorğu keçirib.
Professor Qulu Məhərrəmli, BDU-nun Jurnalistika fakültəsində Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, saytımıza bildirib ki, Jurnalistika fakültəsinin dekanı xüsusi bir vəzifədir.
Onun sözlərinə görə, bu vəzifədə media sahəsində xidmətləri olan, peşəkar, tanınmış, təhsili yaxşı bilən və yüksək mənəvi keyfiyyətlərə malik bir şəxsin olması arzuolunandır.
Jurnalistika fakültəsinin məzunu Aynur Abdınova bildirib ki, fakültənin müəllim heyətinin hər biri kifayət qədər savadlı, öz sahəsində peşəkar və media mühitində müəyyən mövqeyə sahib şəxslərdir:
"Bununla belə, seçim etməli olsam, Aynur Nəsirova və Qulu Məhərrəmlinin adlarını qeyd edərdim. Hesab edirəm ki, onların dekan seçilməsi fakültənin inkişafı, tədrisin keyfiyyətinin artırılması və tələbələrlə daha sıx əlaqələrin qurulması baxımından uyğun seçim ola bilər. Hər ikisinin zəngin təcrübəsi, sahələrinə olan hakimiyyəti və tələbələrə bilik ötürmək bacarığı bu vəzifənin öhdəsindən layiqincə gəlmələrinə imkan verə bilər".
Məzun Bənövşə Həsənova əlavə edib ki, dekan olacaq şəxs həm akademik, həm də praktiki baxımdan güclü olmalıdır:
"Fakültədə tədrisin keyfiyyətinin artırılması, tələbələrin media sahəsində daha çox təcrübə qazanması və universitet həyatında aktiv iştirakının dəstəklənməsi vacibdir. Bu baxımdan, yeniliklərə açıq və tələbələrlə ünsiyyəti yaxşı olan birinin seçilməsini istərdim".
Digər məzun Aytəkin Əliyeva isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə dekan seçilə biləcəyini düşündüyü iki namizədin olduğunu qeyd edib.
Onun sözlərinə görə, həmin namizədlər Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova və Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmlidir.
Qeyd edək ki, hazırda fakültənin dekanı olan Vüqar Zifəroğlunun vəzifəsindən ayrılacağı gözlənilir. 2017-ci ildən fakültəyə rəhbərlik edən Vüqar Zifəroğlu dekan vəzifəsi üzrə müsabiqəyə müraciət etməyib.
Belə ki, dekanlıq üçün fakültənin üç kafedra müdirinin – Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirovanın, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynovanın və Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmlinin adları çəkilir.



