YapiKredi Müraciət Forması
Mazda CX-5
Təhsil Özəl

"Müəllim özü imtahandan keçə bilmir, repetitorluq edir"

Müəllim özü imtahandan keçə bilmir, repetitorluq edir

Sertifikasiya imtahanından keçə bilməyən müəllimlərin repetitorluq fəaliyyəti ilə məşğul olması müzakirələrə səbəb olur.

Məktəbdə dərs demək üçün tələb olunan bilik və bacarıqları nümayiş etdirə bilməyən müəllimin fərdi hazırlıq keçməsi nə dərəcədə doğrudur? Bəs belə halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Demokrat.az-a bu barədə danışan Təhsil Ekspertləri Mərkəzinin İdarə Heyətinin sədri, təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu, ilk növbədə, vicdan məsələsidir.

Müəllim özü imtahandan keçə bilmir, repetitorluq edir

Onun sözlərinə görə, əgər bir müəllim sertifikasiyadan keçə bilmirsə, ona əlavə bir il möhlət verilir:

"Həmin müddət ərzində müəllim əlavə hazırlıq kurslarına cəlb olunur, bilik və bacarıqlarını artırması, növbəti mərhələdə sertifikasiya imtahanından uğurla keçməsi üçün ona şərait yaradılır. Yəni müəllimə özünü doğrultmaq, çatışmazlıqlarını aradan qaldırmaq və peşəkar səviyyəsini yüksəltmək üçün əlavə imkan verilir. Lakin bütün bu imkanlardan sonra da həmin şəxs sertifikasiya imtahanından keçə bilmirsə, artıq burada ciddi suallar yaranır. Hesab edirəm ki, belə vəziyyətdə ilk növbədə həmin müəllimin şagirdlərə hansı səviyyədə təhsil verdiyi araşdırılmalıdır. Çünki müəllimin əsas vəzifəsi sadəcə sinfə daxil olmaq, dərs saatını başa vurmaq və proqramı formal şəkildə yerinə yetirmək deyil. Müəllim şagirdə bilik verməli, onun düşünmə qabiliyyətini inkişaf etdirməli, dünyagörüşünün formalaşmasına kömək etməli, gələcək həyatında düzgün istiqamət seçməsi üçün ona yol göstərməlidir. Əgər müəllim özü müvafiq bilik səviyyəsini nümayiş etdirə bilmirsə, onun şagirdlərə hansı bilik və bacarıqları ötürə biləcəyi ciddi müzakirə mövzusudur.

Burada bir məqamı da nəzərə almaq lazımdır ki, müəllimlik yalnız diplom əldə etməklə bitən bir peşə deyil. İnsan bu sahədə daim öz üzərində işləməli, yenilikləri izləməli, biliklərini artırmalı və müasir tədris metodlarına yiyələnməlidir. Çünki zaman dəyişir, təhsil sistemi yenilənir, şagirdlərin informasiya əldə etmək imkanları genişlənir. Belə bir şəraitdə müəllimin öz biliklərini yeniləməməsi, peşəkar inkişafdan kənarda qalması tədrisin keyfiyyətinə də mənfi təsir göstərə bilər.

Digər tərəfdən, bu məsələdə şəxsi münasibətlərin və kiməsə edilən güzəştlərin rol oynaması ehtimalı da narahatlıq doğurur. Ola bilər ki, həmin müəllim kiminsə yaxınıdır, müəyyən münasibətlər çərçivəsində ona xüsusi yanaşılır və ya onun işdən uzaqlaşdırılmasına imkan verilmir. Əlbəttə, konkret faktlar olmadan belə bir iddia irəli sürmək düzgün deyil. Ancaq təhsil sahəsində qərarlar şəxsi münasibətlərə deyil, obyektiv meyarlara və müəllimin real peşəkar göstəricilərinə əsaslanmalıdır.

Çünki burada söhbət yalnız bir müəllimin iş yerinin qorunmasından getmir. Söhbət həmin müəllimin dərs dediyi şagirdlərin gələcəyindən, onların keyfiyyətli təhsil almaq hüququndan gedir. Bir müəllimin bilik səviyyəsindəki boşluqların nəticəsini illər sonra həmin şagirdlər hiss edə bilər. Şagirdin vaxtında öyrənmədiyi bilikləri sonradan bərpa etməsi də hər zaman asan olmur. Buna görə də müəllimlərin qiymətləndirilməsi məsələsinə formal yanaşmaq olmaz.

Düşünürəm ki, imkanlarından da lazımi səviyyədə istifadə etməyən müəllimin şagirdə hansı bilik, bacarıq və istiqamət verə biləcəyini təsəvvür etməkdə çətinlik çəkirəm. Belə hallara yalnız təəssüf etmək qalır. Məncə, bu məsələdə əsas meyar müəllimin kim olması deyil, onun şagirdə nə verə bilməsidir".