Sabirabad Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında dava olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Əlvan Babayev (ad-soyadlar şərtidir – red.) Sabirabad Rayon Mərkəzi Xəstəxanasının inzibati binasının birinci mərtəbəsində yerləşən poliklinika şöbəsinin dəhlizində həkim qəbuluna düşmək üçün növbə gözləyərkən səs-küy salıb. Xəstəxananın gözətçisi Vəli Axundov ona irad bildirdikdə isə Əlvan buna etiraz edib.
İstintaq sənədlərinə görə, Əlvan əsaslı səbəb olmadan, xəstələrin və növbə gözləyən digər şəxslərin olduğu ictimai yerdə ictimai qaydanı kobud şəkildə pozub. O, nalayiq ifadələr işlədib, Vəlinin boğazından tutaraq onu yerə yıxıb. Daha sonra onu qaldıraraq xəstəxananın divarına çırpıb və xəsarətlər yetirib.
Əlvan bu hərəkətləri ilə xəstəxananın iş rejimini 10-15 dəqiqə müddətinə pozub və xuliqanlıq edib.
Əlvan barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə izahat verən Əlvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində heç kimlə şəxsi düşmənçilik və ədavətinin olmadığını deyib.
Onun sözlərinə görə, hadisə günü səhər saatlarında Sabirabad Rayon Mərkəzi Xəstəxanasına travmatologiya şöbəsinə göndəriş almaq məqsədilə gəlib.
Təqsirləndirilən şəxs bildirib ki, bir neçə saat növbədə gözlədikdən sonra xəstəliyi ilə bağlı, özündən asılı olmayan səbəbdən qışqırmağa başlayıb:
"Bu zaman Sabirabad Mərkəzi Xəstəxanasının mühafizəçisi üstümə qışqıraraq xəstəxananın inzibati binasında nə üçün qışqırdığımı soruşdu. Həmin şəxsin sonradan adının Vəli olduğunu öyrəndim. O, məni sərt formada təhqir etdi. Onun təhqirlərindən pərt olduğum üçün Vəlinin boğazından tutaraq yerə yıxdım.
Bu zaman xəstəxanada olan digər mühafizəçilər bizi ayırdı və orada olan bir neçə şəxsin müdaxiləsi nəticəsində dava-dalaş etməyimizə imkan verilmədi. Sonra Vəli yenidən ünvanıma xoşagəlməz ifadələr işlətdi. Bunun nəticəsində onu boğazından tutaraq xəstəxananın divarına çırpdım".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əvvəllər məhkumluğunun olmadığını, iş üzrə zərərçəkmiş şəxslə barışdığını və onun Əlvana qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük İkinci Qarabağ müharibəsində sağ bazusundan güllə yarası aldığını və bunun nəticəsində sağlamlığını qismən itirərək II dərəcəli əlil olduğunu deyib.
İş üzrə zərərçəkmiş Vəlinin sözlərinə görə, ailəsi ilə birlikdə yaşayır və heç kimlə şəxsi düşmənçiliyi və ədavəti olmayıb. O bildirib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində mühafizəçi işləyərək ailəsinin dolanışığını təmin edir.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 12 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində xidmətdə olarkən bir nəfərin Qalib həkimin xidməti kabinetindən çıxaraq poliklinikanın dəhlizində uca səslə qışqırdığını görüb:
"Həmin vaxt poliklinikanın dəhlizində həkimlərin yanına gələn bir neçə xəstə olub. Adını bilmədiyim, sonradan adının Əlvan olduğunu öyrəndiyim şəxsə yaxınlaşaraq buranın dövlət müəssisəsi olduğunu, burada bir neçə xəstənin müalicə aldığını və qışqırmağın yolverilməz olduğunu bildirdim.
Bu zaman Əlvan ünvanıma nalayiq ifadələr işlədərək gözləmədiyim anda boğazımdan yapışıb məni sıxmağa başladı və yerə yıxdı. Poliklinikanın dəhlizində olan şəxslər məni onun əlindən aldılar.
Daha sonra dəhlizdə olduğum zaman, saat 12:54-də Əlvan qəfildən yaxınlaşaraq yenidən boğazımdan yapışdı və məni poliklinikanın divarına çırpdı. Ətrafda olan şəxslər haray salaraq məni yenidən onun əlindən aldılar".
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Əlvan 1000 manat məbləğində cərimə edilib.
Fariz Məlikli



