Samux rayonunda 22 yaşlı oğlan yetkinlik yaşına çatmayan qıza qarşı cinsi zorakılıq törədib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2004-cü il təvəllüdlü Sənan 10 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində Samux rayonunun qəsəbələrindən birində tanışı Vüsalın (adlar şərtidir – red.) həqiqi hərbi xidmətə getməsi ilə əlaqədar evinin həyətində təşkil edilmiş əsgər qonaqlığında iştirak edib.
Bu zaman o, həmin evin həyətində oynayan 2016-cı il təvəllüdlü Ləmanı görüb. Yaşına və intellektual inkişafına görə törədiləcək hərəkətlərin xarakterini və mənasını tam dərk etmək, eləcə də müqavimət göstərmək qabiliyyətinə malik olmadığını müşahidə edən Sənan onun köməksiz vəziyyətindən istifadə edərək azyaşlı ilə cinsi əlaqəyə girmək və ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gəlib.
Bu məqsədlə azyaşlı qıza "Gəl, gedək, səninlə kurtkamı evdən götürək, gələk" deyib. Onu aldadaraq əlindən tutub aparmaq istəyib.
Bu zaman Sənan əlindən çıxmağa çalışan azyaşlıya zor tətbiq edərək onu buraxmayıb və qəsəbə ərazisində, kənd arasında "kanalın üstü" adlanan yerə aparıb. Orada ona qarşı intim xarakterli hərəkətlər edib və zorlayıb.
Bundan əlavə, Sənan azyaşlı qızla bir neçə dəfə cinsi əlaqədə olub.
Həmin gün, təxminən saat 20:15 radələrində "kanalın üstü" adlanan yerdən yaşayış evləri istiqamətində gələrkən Sənan törətdiyi cinayətlərin üzə çıxmaması və ifşa olunmaması məqsədilə Ləmanı kanalla axan suyun yaxınlığına gətirib. O, azyaşlıya törətdiyi əməllər barədə atasına və anasına danışacağı təqdirdə onu suya atacağını bildirib. Bununla da Ləmanı öldürməklə hədələyib. Hədənin real olduğunu göstərən əsaslar olduğundan azyaşlı qorxuya düşüb.
Sənan barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 149.3.3-cü (zorlama – on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri – on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə ifadə verən Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, hadisəni törətmədiyini və buna görə də özünü təqsirli hesab etmədiyini bildirib.
Onun sözlərinə görə, hadisə günü əsgər qonaqlığında iştirak edib və qonaqlıqdan çıxaraq Fuad adlı şəxslə birlikdə şəhərə gedib:
"Şəhərdən geri qayıtdıqdan sonra Ələmdar adlı şəxs yaxınlaşaraq məndən bir siqaret aldı. Daha sonra idman zalına getdim və orada Rasim adlı şəxslə görüşdüm. İdman zalından çıxdıqdan sonra marketdən siqaret aldım və marketin yan küçəsində siqaret çəkdim. Bu zaman Əli adlı şəxs məni tutaraq Amilin yanına gətirdi. Daha sonra başqa bir şəxs də ora gəldi. Orada mən təhqir olunaraq döyüldüm".
Zərərçəkmiş Ləmanın sözlərinə görə, hadisə günü babasıgilə gedib:
"Ağlayarkən qardaşım məni gördü və ağlamağımın səbəbini soruşdu. Mən də anamın şokoladımı əlimdən aldığını dedim. Sonra Sənan məni çağırdı. Ondan çağırma səbəbini soruşdum. Sənan da "gödəkçəmi bir nəfər sizin evin qabağına aparıb, "sizin eviniz haradadır?" dedi. Mən Sənana evimizin kanal tərəfə gedən yolda olduğunu dedim. O isə məni qabağa apardı. Orada əynimdə olan üst və alt paltarlarımı çıxararaq pis-pis hərəkətlər etdi. Sonra mənə dedi ki, əgər hadisə ilə bağlı atama, anama nəsə desəm, məni kanala atacaq. Mən də qorxdum".
İş üzrə zərərçəkmiş Ləmanın qanuni nümayəndəsi, atası Vəlinin sözlərinə görə, qonaqlıqda olarkən başı qonaqlara qarışıb. Daha sonra anası gələrək Ləmanı görmədiyini və harada olduğunu soruşub. O, Ləmanın yaxınlıqda oynadığını düşündüyünü bildirib:
"Bir qədər sonra anam yenidən gəldi və Ləmanın ortalıqda olmadığını dedi. Daha sonra camaatla birlikdə market və kanal yolu istiqamətində uşağı axtardıq. Həmin vaxt bir nəfər kanaldan su gəldiyini dedi. Mən də Ləmanın kanala düşmüş ola biləcəyini fikirləşərək qorxdum.
Geri qayıdanda Ləman ağlaya-ağlaya yanıma gəldi və bir nəfər əminin onu kanala apardığını dedi. Sonra Ləmanı evə apardım. Divana otuzduranda Ləmanın ayağının qanlı olduğunu və üst geyiminin tərs geyinildiyini gördüm. Ləmandan üstünün niyə belə olduğunu soruşdum. O, bir əminin ona bunu etdiyini dedi.
Mən Ləmanı qucağıma götürərək həmin əminin onu hara apardığını soruşdum və birlikdə kanal yolu ilə getdik. Ləmanla və camaatla birlikdə kanal yolu ilə gedərkən Sənan Fuad adlı şəxslə kanalın yanında dayanaraq siqaret çəkirdi. Sənan gələn camaatı gördükdən sonra siqareti ataraq qaçdı.
Hava qaranlıq olduğundan Fuaddan qaçan şəxsin kim olduğunu soruşdum. Fuad da onun Səlimin oğlu Sənan olduğunu dedi. Mənə uşaqlar Sənanın marketin kondisionerinin dibində gizlənərkən tapıldığını dedilər. Sənan tapıldıqdan sonra "mən deyildim" deyə and içdi. Sonra Ləmanla ilkin üzləşdirilməsi zamanı əməlini etiraf etdi".
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Fariz Məlikli



