2020-ci il noyabrın 25-də, Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra Kəlbəcər rayonu Azərbaycana qaytarıldı və bununla da xalqımızın 27 ildən artıq davam edən yurd həsrətinə son qoyulması istiqamətində mühüm mərhələ başlandı.
Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. "Kəlbəcər" toponiminin qədim türk dilində "çay üstündə qala" mənasını ifadə etdiyi bildirilir. Ərazidə 30 min ildən artıq tarixə malik yaşayış məskənləri, 6 minillik qayaüstü təsvirlər, qədim türk əlifbası nümunələri və çoxsaylı tarixi abidələr aşkarlanıb. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər zəngin meşələri, mineral su ehtiyatları və möhtəşəm dağ mənzərələri ilə də seçilir. Rayonun ərazisi 3054 kv.kilometrdir.
Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. İşğaldan əvvəl rayonda 53 min 478 nəfər yaşayırdı. Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayon əhalisi doğma yurdlarından didərgin salındı. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcərin tarixi-mədəni irsinə, sosial və iqtisadi infrastrukturuna ciddi ziyan vuruldu, məktəblər, xəstəxanalar, kitabxanalar, yaşayış evləri və digər obyektlər dağıdıldı, rayonun sərvətləri talan edildi.
BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunsa da, bu qərar uzun illər icra edilmədi. Üstəlik, 1999-cu ildən etibarən rayonda qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici dönüş 2020-ci ildə baş verdi. Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri nəzarətə götürərək Ermənistan silahlı qüvvələrinin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi strategiya və 44 günlük Vətən müharibəsində qazanılan Qələbə nəticəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Kəlbəcərin azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbçilərin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə" medalı təsis edildi və 9455 hərbi qulluqçu bu medalla təltif olundu.
İşğaldan azad edildikdən sonra Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. 2024-cü il mayın 1-də Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib. Plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Burada yeni yaşayış binaları, məktəblər, uşaq bağçaları, xəstəxanalar, İşğal və Zəfər muzeyləri, mehmanxanalar və sosial obyektlər inşa ediləcək. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması planlaşdırılır.
Böyük Qayıdış çərçivəsində Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi salınır. Kompleksdə çoxmənzilli binalar və fərdi yaşayış evləri ilə yanaşı, parklar, uşaq oyun və idman meydançaları, sosial-məişət obyektləri yaradılır. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı yeni mənzillərə köçən 20 ailəyə açarları təqdim edib. 2026-cı il noyabrın 6-dək rayonda 162 ailə olmaqla 681 nəfər məskunlaşıb.
Yanşaq, Zallar və Zar kəndlərində də genişmiqyaslı yenidənqurma işləri planlaşdırılıb. Bu yaşayış məntəqələrində yüzlərlə ailənin məskunlaşdırılması, fərdi evlərin, məktəblərin və uşaq bağçalarının inşası nəzərdə tutulur.
Bölgənin nəqliyyat infrastrukturunun qurulmasında Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu xüsusi əhəmiyyət daşıyır. Uzunluğu 82 kilometr olan yol üzərində beş tunel inşa edilir. Onlardan biri olan 11,7 kilometrlik Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Layihənin reallaşması Kəlbəcərin digər bölgələrlə əlaqəsini asanlaşdırmaqla yanaşı, turizmin və iqtisadi fəaliyyətin inkişafına da mühüm töhfə verəcək.
Kəlbəcərin zəngin su ehtiyatlarından səmərəli istifadə məqsədilə bir sıra kiçik su elektrik stansiyaları yenidən qurulub və yeniləri tikilib. "Çıraq-1", "Çıraq-2", "Soyuqbulaq", "Meydan", "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" stansiyaları bölgənin enerji təminatında mühüm rol oynayır.
Rayonun iqtisadi potensialının bərpasında "İstisu" layihələri də xüsusi yer tutur. 2024-cü ildə "İstisu" mineral su zavodunun tikintisi başa çatdırılıb. İllik istehsal gücü 100 milyon şüşə butulkadan artıq olan müəssisədə təxminən 100 nəfər işlə təmin edilib. Bununla yanaşı, 80 min kvadratmetr ərazidə yaradılması nəzərdə tutulan "İstisu" Müalicə-İstirahət Kompleksində hotel, kotteclər və müalicə mərkəzinin tikintisi aparılır. Kompleksin istifadəyə verilməsi Kəlbəcərin sağlamlıq və turizm mərkəzinə çevrilməsi baxımından mühüm perspektivlər yaradır.
Prezident İlham Əliyevin 2021-ci ildən etibarən Kəlbəcərə mütəmadi səfərləri bölgədə aparılan quruculuq işlərinin sürətlənməsində mühüm rol oynayıb. Bu səfərlər zamanı yaşayış komplekslərinin, kəndlərin, yolların, elektrik stansiyalarının, məktəblərin və digər infrastruktur obyektlərinin təməli qoyulub, bir sıra layihələr istifadəyə verilib
Bu gün Kəlbəcər özünün yeni inkişaf mərhələsini yaşayır. Vaxtilə işğal nəticəsində dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Həyata keçirilən layihələr Kəlbəcərin gələcəkdə mühüm turizm, sənaye, kənd təsərrüfatı və enerji mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır.
25 Noyabr – Kəlbəcər şəhəri günü Azərbaycan xalqının tarixi ədalətinin bərpasını, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəni və Böyük Qayıdışın başlanmasını təcəssüm etdirir. Bu tarix həm də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığının, qazilərimizin fədakarlığının və xalqımızın sarsılmaz iradəsinin ifadəsidir. Kəlbəcər artıq yalnız keçmişin xatirəsi deyil, Azərbaycanın quruculuq və inkişaf salnaməsinin yeni səhifəsidir.
Nizami Zalov
Şəhid atası, Saray qəsəbə bələdiyyəsinin sədri



