YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

Ukrayna Samara vilayətindəki iki iri neft emalı zavoduna zərbə endirib — VİDEO

Ukrayna Samara vilayətindəki iki iri neft emalı zavoduna zərbə endirib — VİDEO

Noyabrın 25-nə keçən gecə Ukraynanın pilotsuz uçuş aparatları Samara vilayətinə genişmiqyaslı hücum həyata keçirib.

Demokrat.az-ın məlumatına görə, bu barədə vilayət rəhbəri Vyaçeslav Fedorişev bildirib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri və mobil atəş qrupları bölgə üzərində 145 pilotsuz uçuş aparatını vurub. Hücum nəticəsində bir nəfər həlak olub, həmçinin "ziyan dəyib". Qubernator əlavə məlumat verməyib, yalnız "bəzi ərazilərdə elektrik enerjisinin kəsildiyini" qeyd edib.

Yerli sakinlər güclü partlayış səsləri eşitdiklərini bildirib və hava həyəcanı siqnalının hücum başladıqdan bir saat sonraya qədər işə düşməməsindən şikayətləniblər.

Şahidlərin çəkdiyi görüntülərə əsasən, dronlar neft emalı zavodlarını – xüsusilə Sızran və Kuybışev zavodlarını hədəf alıb. Hər iki müəssisə "Rosneft" şirkətinə məxsusdur və Samara vilayətinin ən böyük sənaye obyektləri sırasına daxildir.

Hücumdan sonra illik təxminən 8,9 milyon ton neft emalı gücünə malik Syzran neft emalı zavodunda güclü yanğın baş verib. Bu müəssisə daha əvvəl, sentyabrın 15-də də dron hücumuna məruz qalmışdı. Həmin vaxt Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirmişdi ki, ilkin neft emalı qurğusu və neft anbarı zədələnib, nəticədə zavodda neft emalı prosesi dayandırılıb.

Samara şəhərinin hüdudlarında yerləşən və illik 7 milyon ton neft emal etmək gücünə malik Kuybışev Neft Emalı Zavodu da pilotsuz uçuş aparatı (PUA) hücumundan sonra alovlanıb. Müəssisə daha əvvəl, sentyabrın 22-də də hədəf alınmışdı. Ərazidə yanan neft çənləri kosmosdan belə görünürdü.

Ukrayna monitorinq kanalları, həmçinin gecə saatlarında "Transneft" şirkətinə məxsus Novokuybışevsk Neft Emalı Zavoduna və "Samara" xətti istehsal-dispetçer stansiyasına (XİDS) zərbələr endirilmiş ola biləcəyi barədə məlumat yayıb.

Editor
Redaktor