YapiKredi Müraciət Forması
Mazda CX-5
Qarabağ

Dağlar qoynunda yeni həyat qurulur, Kəlbəcər dirçəlir

Dağlar qoynunda yeni həyat qurulur, Kəlbəcər dirçəlir

Azərbaycanın qədim tarixə, zəngin təbiətə və böyük strateji əhəmiyyətə malik bölgələrindən biri olan Kəlbəcər bu gün yeni inkişaf mərhələsini yaşayır.

Kəlbəcər qədim yaşayış məskənləri ilə seçilən ərazilərdəndir. Rayonun ərazisində 30 min ildən artıq tarixə malik yaşayış məskənləri, 6 min illik qaya təsvirləri və qədim türk əlifbası nümunələri aşkar edilib. 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər işğala qədər Azərbaycanın ən böyük dağ rayonlarından biri olmaqla yanaşı, təbii sərvətləri və mineral su yataqları ilə də tanınıb.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcərdə 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində rayonun tarixi-mədəni irsinə, yaşayış məntəqələrinə və sosial infrastrukturuna ciddi ziyan vurulub. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsində işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb edilsə də, bu qərar uzun illər icra olunmayıb.

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə Kəlbəcərin azadlığına da yol açdı. 10 noyabr tarixli Üçtərəfli Bəyanata əsasən, rayon noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad olundu. Bu tarixi hadisədə iştirak edən 9455 hərbi qulluqçu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü kimi təsis olundu.

Azadlıqdan sonra Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. 2024-cü il mayın 1-də şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib. Plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara çatdırılması, əhalisinin isə 17 min nəfərə qədər artırılması nəzərdə tutulur. Burada yaşayış binaları ilə yanaşı, dörd məktəb, dörd uşaq bağçası, iki xəstəxana, reabilitasiya mərkəzi, muzeylər və digər sosial obyektlər inşa ediləcək. Şəhər ərazisinin 60 hektarında yaşıllıq sahələrinin yaradılması da planlaşdırılır.

Bölgənin nəqliyyat infrastrukturunun qurulmasında Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun xüsusi əhəmiyyəti var. Uzunluğu 82 kilometr olan yol üzərində ümumi uzunluğu 25,9 kilometr təşkil edən beş tunelin inşası nəzərdə tutulub. Onların arasında 11,7 kilometrlik Murovdağ tuneli mühüm yer tutur. Bu layihələr Kəlbəcərin digər rayonlarla əlaqəsini asanlaşdırmaqla yanaşı, turizm və iqtisadi inkişaf üçün də yeni imkanlar yaradır.

Kəlbəcərin iqtisadi potensialının bərpası istiqamətində də mühüm layihələr həyata keçirilir. "İstisu" mineral su zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır və müəssisədə təxminən 100 nəfər işlə təmin olunub. Eyni zamanda, "İstisu" Müalicə-İstirahət Kompleksinin yaradılması bölgənin turizm imkanlarının genişləndirilməsinə xidmət edir. Rayonda kiçik su elektrik stansiyalarının yenidən qurulması və yeni stansiyaların tikilməsi də enerji təminatına töhfə verir.

Kəlbəcərin dirçəlişinin ən mühüm göstəricisi isə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasıdır. Şəhərdə 524 ailəlik yaşayış kompleksinin tikintisi həyata keçirilir. Yanşaq, Zallar və Zar kəndlərinin bərpası çərçivəsində yüzlərlə ailənin məskunlaşdırılması nəzərdə tutulur. 2026-cı il noyabrın 6-dək Kəlbəcərdə 162 ailə, ümumilikdə 681 nəfər məskunlaşıb.

Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri təkcə yeni binaların və yolların inşası ilə məhdudlaşmır. Burada illərlə doğma yurd həsrəti ilə yaşayan insanların həyatına yeni səhifə açılır. Kəlbəcər öz tarixi simasını bərpa etməklə yanaşı, müasir şəhər kimi formalaşır. 25 Noyabr isə hər il azadlığın, qəhrəmanlığın və Böyük Qayıdışın rəmzi kimi qeyd olunur.

Naibə İsayeva
Abşeron rayon Masazır kənd 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

B
Qeyd edilməyib