YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

"Azərbaycanda təkcə Kəramət yoxdur!" — Ramiz Rövşənin də adını çəkdi

Azərbaycanda təkcə Kəramət yoxdur! — Ramiz Rövşənin də adını çəkdi

"Sosial şəbəkələrdə keyfiyyətli və maarifləndirici kontentin artırılması üçün tanınmış yazıçıların, şairlərin və gənc alimlərin bu platformalarda daha fəal olması vacibdir. Onların yaradıcılığını, bilik və bacarıqlarını geniş auditoriyaya çatdırması cəmiyyətdə intellektual mühitin formalaşmasına töhfə verə bilər. Mən sosial şəbəkələrdə Ramiz Rövşənin səhifəsini görmək istərdim. Eyni zamanda, digər istedadlı yazıçıların, şairlərin, gənc alimlərin də bu platformalarda öz səhifələri və kanalları olmalıdır. Onların bilik və bacarıqlarını, yaradıcılıqlarını daha geniş auditoriyaya çatdırması vacibdir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib deyib.

O bildirib ki, Kəramət Böyükçölün kifayət qədər auditoriyası var.

"Azərbaycanda təkcə Kəramət adlı yazıçı yoxdur ki. Ölkəmizdə kifayət qədər istedadlı qələm adamları, yaradıcı insanlar var. Mən hesab edirəm ki, Əjdər Seyidcanlının da sosial şəbəkədə kanalı olmalıdır. Ramiz Rövşən öz şeirləri ilə müntəzəm çıxış etməli, yaradıcılığını sosial şəbəkə istifadəçilərinə təqdim etməlidir. Gənc şairlərimiz də çox gözəl şeirlər oxuyurlar, insana zövq verirlər. Onların hamısı sosial şəbəkələrdə aktiv olmalıdır. Çünki indiki dövrdə kitab nəşri olduqca problemli və bahalıdır, kitab oxuyanların sayı da azdır. Hər kəsin kitab almaq və ya kitabxanalara müraciət etmək imkanı olmur. İnsanlar isə sosial şəbəkələr vasitəsilə informasiyanı asanlıqla, pulsuz və ya daha ucuz əldə edə bilirlər. Üstəlik, burada məlumatların rəngarəng olması, müxtəlif mövzuların fərqli təqdimatlarla auditoriyaya çatdırılması insanları bu platformalara daha çox cəlb edir. Düşünürəm ki, biz bu imkanlardan düzgün istifadə etməliyik. Sosial şəbəkələr yalnız əyləncə və gündəlik müzakirələr üçün nəzərdə tutulmamalıdır. Bu platformalar insanların dünyagörüşünün genişlənməsinə, mütaliəyə marağının artmasına, elmi və mədəni biliklərin yayılmasına da xidmət edə bilər. Vaxtilə televiziya yarananda da onun insanları korladığını deyirdilər. Qəzetlər meydana çıxanda da eyni münasibət var idi. Kütləvi informasiya vasitələrinin müxtəlif formaları yarandıqca, ilk növbədə, həmin vasitələrdə mənfi meyillər ön plana çıxır, eyni zamanda, onların tənqidi də geniş yer tutur. Lakin zaman keçdikcə insanlar həmin vasitələrin imkanlarından istifadə etməyin yollarını öyrənirlər. Sosial şəbəkələrə də bu prizmadan yanaşmaq lazımdır. Əsas məsələ onların mövcudluğundan narazılıq etmək deyil, faydalı tərəflərini inkişaf etdirmək və cəmiyyətin maraqları naminə istifadə etməkdir".