Türkiyədə Halk TV telekanalı ilə bağlı aparılan istintaq çərçivəsində üçüncü əməliyyat dalğası keçirilib. Əməliyyat zamanı telekanalın aparıcısı Ece Üner və həyat yoldaşı Deniz Bayramoğlu da daxil olmaqla 9 nəfər saxlanılıb.
Demokrat.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı və ictimaiyyət arasında "Halk TV-nin maliyyələşdirilməsi əməliyyatı" kimi tanınan istintaq çərçivəsində 12 nəfər barəsində saxlanılma qərarı verilib.
Onlara cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayət məqsədilə təşkilat yaratmaq və üzv olmaq, ictimaiyyəti çaşdıran məlumatları yaymaq, rüşvət, tenderlərə müdaxilə və vergi qanunvericiliyini pozmaq kimi ittihamlar irəli sürülüb.
İstintaq materiallarına görə, Halk TV-nin sahibi Cafer Mahiroğlunun maliyyə maraqları naminə İzmir Böyükşəhər Bələdiyyəsinin müvafiq qurumları tərəfindən 2021-ci ildən etibarən bəzi tenderlərin qanunsuz şəkildə həyata keçirildiyi iddia olunur. Bildirilir ki, bu prosesdə rüşvət və saxta hesab-fakturalardan istifadə edilib.
Prokurorluğun iddiasına əsasən, Bustech şirkəti vasitəsilə əldə olunan vəsaitlərin müxtəlif şirkətlərin və şəxslərin hesabları üzərindən dövriyyəyə buraxılaraq leqallaşdırılmasına cəhd göstərilib. Həmçinin telekanalın bəzi əməkdaşlarına qeyri-rəsmi ödənişlər edildiyi və bunun müqabilində sifarişli xəbərlər hazırlanmasının təmin olunduğu iddia edilir.
Əməliyyat çərçivəsində saxlanılanlar arasında Halk TV-nin aparıcısı Ece Üner, həyat yoldaşı Deniz Bayramoğlu, İzmir Böyükşəhər Bələdiyyəsinin Maşın Təchizatı, Texniki Xidmət və Təmir Departamentinin rəhbəri Ulaş Eroğlu, eləcə də bir sıra şirkət rəhbərləri var.
Məlumata görə, istintaq çərçivəsində əvvəlki əməliyyatlarda 19 nəfər saxlanılıb, onlardan 8-i barəsində həbs qətimkan tədbiri seçilib.
Son əməliyyatda saxlanılması nəzərdə tutulan 12 nəfərdən 9-u tutulub. Bir nəfərin xaricdə olduğu, digərinin isə başqa cinayət işi üzrə həbsdə saxlanıldığı bildirilir. Daha bir nəfərin axtarışı davam edir.
Qeyd edək ki, bütün bu məlumatlar istintaq orqanlarının irəli sürdüyü iddialara əsaslanır. İş üzrə şəxslərin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilməlidir.




