"500 mindən çox şagird, demək olar ki, ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin böyük əksəriyyətini Rəqəmsal Bacarıqlar layihəsinə cəlb olunub. Layihə çərçivəsində məktəblilər artıq kodlaşdırma, Python proqramlaşdırma dili və müxtəlif proqram təminatlarından ilkin istifadə bacarıqlarını öyrənirlər. Düşünürəm ki, bu, gələcəkdə əmək bazarımızın xüsusiyyətlərini dəyişə biləcək mühüm yeniliklərdəndir".
Demorkat.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə "V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumu" hesabat tədbirində Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
Onun sözlərinə görə, hazırda 300 mindən çox şagird STEM layihəsi çərçivəsində təhsil alır:
"STEM mərkəzlərində və siniflərində rəqəmsallaşma ilə yanaşı, mühəndislik, robototexnika, 3D modelləşdirmə, aqrotexnologiyalar və bulud texnologiyaları istiqamətində işlər aparılır. Ümid edirik ki, növbəti beş il ərzində bu gənclər ümumi təhsil müəssisələrini bitirərkən əmək bazarına və universitetlərə daha hazırlıqlı olacaqlar.
Burada ikinci vacib məqam ondan ibarətdir ki, heç bir sahə öz-özlüyündə inkişaf etmir. Əgər 30-40 il əvvəl kənd təsərrüfatı əsasən torpaq və su ehtiyatları ilə bağlı idisə, bu gün artıq rəqəmsallaşma da bu sahənin ayrılmaz hissəsinə çevrilib. Müxtəlif texnoloji alətlərdən istifadə etməklə daha çox məhsul istehsal etmək əsas hədəflərdən biridir. Bu baxımdan hesab edirəm ki, məhz belə məzmun islahatları gələcəkdə həm təhsil, həm də kənd təsərrüfatı sahəsində yeni imkanlar yaradacaq.
Digər vacib məsələ təhsilin əhatəliliyidir. Bildiyiniz kimi, təhsilin bütün pillələrində əhatəliliyin artırılması bizim əsas strateji istiqamətlərimizdən biridir. 2026-2027-ci tədris ilində 2 400-dən çox şəxs kənd təsərrüfatı ixtisasları üzrə ali təhsil müəssisələrinə qəbul olunub. Bu sahədə mərhələli artım müşahidə edirik. Digər mühüm məqam isə 2 800-dən çox şəxsin peşə təhsili müəssisələrinə qəbul olunmasıdır. Son illərdə peşə təhsilinə marağın ciddi şəkildə artdığını görürük. Əgər beş il əvvəl peşə təhsili üzrə qəbul üçün müraciət edənlərin sayı 20-24 min nəfər idisə, bu gün həmin rəqəm, 52 minə çatıb.
Eyni zamanda, dövlət başçısının tapşırığı ilə son illərdə Azərbaycanın regionlarında müasir dövlət peşə təhsili mərkəzləri istifadəyə verilib. Bu mərkəzlərdə yalnız avadanlıq və laboratoriyalar qurulmur, həm də damcı suvarma sistemləri, su təmizləyici qurğular və qapalı istixana kompleksləri kimi müasir texnologiyalar tətbiq olunur. Bununla yanaşı, həmin regionlarda və ətraf ərazilərdə fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər aparılır".
Nuray Paşşanlı



