Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış qarşılıqlı Məkkə müdafiə müqaviləsini təsdiqləyib.
Demokrat.az xəbər verir ki, bununla bağlı dövlət başçısının fərmanı hökumətin "Resmi Gazete" nəşrində dərc olunub.
Müqaviləyə əsasən, üç ölkədən hər hansı birinə xaricdən silahlı hücum edilməsi digər iştirakçılara qarşı da hücum kimi qiymətləndiriləcək. Belə olan halda tərəflər hücuma məruz qalan ölkəyə qarşılıqlı dəstək göstərəcəklər.
Sənəd 7 avqust 2026-cı ildə Məkkədə imzalanıb. Pakistan və Səudiyyə Ərəbistanı artıq müqavilənin ratifikasiyası prosesini başa çatdırıblar. Saziş son ratifikasiya sənədinin birgə müdafiə komitəsinin katibliyinə təqdim olunmasından sonra tam qüvvəyə minəcək.
Müqavilədə nəzərdə tutulan yardımın forması və miqyası hərbi imkanlar, mövcud şərait və BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququ nəzərə alınmaqla müəyyənləşdiriləcək.
Türkiyə rəsmiləri daha əvvəl sənədin avtomatik olaraq qoşun göndərilməsi öhdəliyi yaratmadığını açıqlamışdılar.



