Bəzən demək istədiyimiz sözləri içimizdə saxlayır, haqqımızı tələb etməkdən və yeni addımlar atmaqdan çəkinirik. Başqalarının fikri, tənqid olunmaq qorxusu və özümüzə inamsızlıq bizi istəklərimizdən uzaqlaşdıra bilər. Bəs bu davranışın arxasında hansı səbəblər dayanır?
Demokrat.az xəbər verir ki, psixoloji yanaşmalara görə, çəkingənlik yalnız insanın xarakter xüsusiyyəti deyil, həm də uşaqlıq təcrübələri, sosial mühit və fərdi xüsusiyyətlərlə əlaqəli ola bilər.
1. Uşaqlıqdan gələn tənqid qorxusu
Uşaqlıq illərində tez-tez tənqid olunmaq, başqaları ilə müqayisə edilmək və səhvlərə görə danlanmaq insanda özünə inamsızlıq yarada bilər. Belə mühitdə böyüyən insan gələcəkdə fikrini sərbəst ifadə etməkdən və səhv etməkdən çəkinə bilər.
2. Başqalarının fikrindən asılılıq
"Görəsən, mənim haqqımda nə düşünərlər?", "Birdən mənə gülərlər?" kimi suallar insanın davranışlarına təsir edir. Rədd edilmək və mühakimə olunmaq qorxusu bəzən insanı ən sadə addımları belə atmaqdan çəkindirir.
3. Hər şeyi mükəmməl etmək istəyi
Perfeksionizm də çəkingənliyin gizli səbəblərindən biridir. Hər işin qüsursuz olmasını istəyən insanlar səhv etmək ehtimalına görə bəzən heç nəyə başlamırlar. Nəticədə fürsətlər əldən çıxır, qərar vermək isə çətinləşir.
4. Özünü başqaları ilə müqayisə etmək
Sosial şəbəkələrdə insanların əsasən xoşbəxt, uğurlu və problemsiz anlarını paylaşması başqalarında yetərsizlik hissi yarada bilər. İnsan öz həyatını başqalarının nümayiş etdirdiyi görüntülərlə müqayisə etdikcə özünə inamını itirə və sosial ünsiyyətdən uzaqlaşa bilər.
5. Genetik və bioloji xüsusiyyətlər
Bəzi insanlar anadangəlmə daha həssas temperamentə malik olur. Yeni mühit, yad insanlar və gözlənilməz vəziyyətlər onlarda daha güclü narahatlıq yarada bilər. Genetik amillər də utancaqlığa meyilliliyə təsir göstərə bilər.
Çəkingənliyi necə aradan qaldırmaq olar?
İlk növbədə, səhv etməyin həyatın normal bir hissəsi olduğunu qəbul etmək vacibdir. Kiçik addımlarla ünsiyyət qurmaq, fikirlərinizi açıq ifadə etməyə çalışmaq və özünüzü başqaları ilə müqayisə etməmək bu istiqamətdə kömək edə bilər.
Unutmayın, hər kəsin fikrini bildirmək, sual vermək və öz haqqını müdafiə etmək hüququ var. Özünüzü ifadə etmək üçün mükəmməl olmağınız şərt deyil.



