"5-ci yubiley Aqrar Startaplar və İnnovasiya Forumu il ərzində aqrar ekosistemin inkişafını əks etdirən ən böyük tədbirlərdən biridir. 2019-cu ildən başlayaraq hər il bir neçə aqrar startap müsabiqəsi və hakaton təşkil olunub. Sonrakı illərdə isə bölgələrdə keçirilən aqrar biznes festivallarında startap zonaları yaradılmağa başlanıb. Məqsəd ali məktəblərdə təhsil alan gənc startapçıların fermerlərlə birbaşa əlaqə qurmasına şərait yaratmaq olub".
Demokrat.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bunun nəticəsində bir sıra uğurlu startaplar meydana gəlib:
"Ötən ildən etibarən bölgələrdə 20-dən çox ali məktəbin iştirakı ilə mütəmadi olaraq "bootcamp"lər təşkil olunur. Bu tədbirlərdə aqrar sahədə ixtisaslaşmış özəl şirkətlər, ali məktəblər və dövlət qurumları birgə iştirak edir. Bu günədək aqrar sahədə ixtisaslaşmış 400-dən çox startap yaradılıb. Onlardan 120-si aktiv fəaliyyət göstərir və fermerlərə birbaşa dəstək verir. 20-dən çox startap isə artıq kommersiyalaşdırılıb. Onların bir qismi dövlət tərəfindən dəstəklənən güzəştli texnologiyalar siyahısına daxil edilib. Fermerlər həmin avadanlıq və qurğuları əldə etdikdə dəyərinin 40 faizi dövlət tərəfindən qarşılanır.
Startaplar mütəmadi olaraq beynəlxalq yarışlarda iştirak edir və fermerlərlə birbaşa təmasda olurlar. Bugünkü tədbirdə də aktiv fəaliyyət göstərən 100-dən çox startap bir araya gəlib".
Nuray Paşşanlı



