Qubada 57 yaşlı kişi arvadını döydü — Məhkəmədə barışıqla iş bağlandı

KRİMİNAL 21 avqust 2025, 17:41
Qubada 57 yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşını döyüb. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 9-da Quba şəhərində baş verib. Quba rayon sakini, 1968-ci il təvəllüdlü Əziz yaşadıqları evdə aralarında ailədaxili münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadı Səkinənin (adlar şərtidir – red.) döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Əzizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Səkinə ilə 2005-ci ildə ailə həyatı qurub, bir övladı var: “Martın 9-da, saat 19 radələrində yaşadığımız evdə yenidən həyat yoldaşım ilə aramızda baş vermiş mübahisə zamanı əsəbləşdim. Onun bədəninin müxtəlif nahiyyəsindən yumruqla vurdum”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən ona qarşı şikayətini geri götürüb, ərini bağışlayıb. 

Bu səbəbləri nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 avqust 2025, 18:42
Top