Hacıqabulda dayı-bacıoğlu arasında qanlı dava

KRİMİNAL 20 avqust 2025, 11:30
Hacıqabul rayonunda 46 yaşlı kişi bacısı oğluna xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 12-də rayonun Atbulaq kəndində baş verib. 

Salyan rayon sakini, 1979-cu il təvəllüdlü Salman həmin gün saat 23 radələrində Atbulaq kəndində bacısı oğlu Xəyyam Fərzəliyev ilə şəxsi münasibətlər zəminində mübahisə edib. 

Aralarında yaranmış münaqişə zamanı 46 yaşlı kişi qəsdən zərərçəkmiş şəxsi  kərpiç parçası və təpiklə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Salmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun bacısı oğludur:  “Xəyyam ilə düşmənçiliyim və ədavətim olmayıb. 2024-cü ilin aprelin 14-də Xəyyam ailə üzvlərimi təhqir etdiyi üçün həmin vaxtdan onunla münasibətlərim pozulub. O, spirtli içkiyə meyilli olduğu üçün mütəmadi olaraq spirtli içki qəbul edərək ailə üzvlərimi təhqir edib. Bu ilin aprelin 12-də, saat 19 radələrində bacım mənim mobil telefonuma zəng etdi və Xəyyamın sərxoş vəziyyətdə olduğunu, əlində bıçaq oğlum Elgünü hədələdiyini bildirdi. Mən küçəyə çıxdım və Elgünü yaşadığım evə apardım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan 30 dəqiqə sonra Xəyyam küçənin baş hissəsində dayanıb və onun vəfat etmiş valideyinlərinin gorunu təhqir edib: “Darvazanın qarşısına gedərək bacım oğluna valideyinlərimin goruna söyüş söyməməyi bildirdim. Xəyyam sərxoş vəziyyətdə olduğu üçün həyat yoldaşım və qızımın ünvanına təhqiredici söyüşlər söydüyü üçün onun yanına getdim. Yerə tökülmüş kərpic parçasının birini götürərək ona atdım. Kərpic parçasının Xəyyamın harasına dəyməsini görməmişəm. Lakin zərbənin təsirindən yerə yıxıldı. Təkrar yerdən kərpic parçası götürərək onun başına vurdum və təpiklə qarnına bir zərbəsi vurdum, söyüş söyməməsini bildirdim. Səsə oğlanlarım Elgün və Etibar darvazadan küçəyə çıxdılar. Onlar yanına gəlmək istədilər. mən onları geri qaytardım”.

Bu cinayət işinə Hacıqabul Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən dayısı oğlunu bağışlayıb, ona qarşı şikayətini geri götürüb. 

Bu səbəbdən məhkəmə Salmanın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 14:15
20 avqust 2025, 12:50
Top