56 yaşlı kişi kafedə dava saldı, bir nəfər xəsarət aldı

KRİMİNAL 20 avqust 2025, 13:32
Quba rayonunda 56 yaşlı kişi kafedə dava salıb kafe sahibinə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 28-də, Quba şəhəri, “Bazar” adlanan ərazidə yerləşən kafedə baş verib. 

Quba rayon sakini, 1969-cu il təvəllüdlü Çərkəs aralarında yaranmış mübahisə zamanı Zaurun sifət, baş və bədən nahiyyəsindən yumruq, təpiklə qəsdən vurub. 

Hadisəni törədən Çərkəsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 1969-cu il tarixdə Quba rayonunda doğulub, Üçgün kənd səkkizillik məktəbində oxuyub: “1984-cü ildə səkkizinci sinfi bitirmişəm. Sonradan Türkmənistana getdim. Orada işləmişəm, vətəndaşlığı qəbul etmişəm. 2017-ci ildə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə aldım və Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək üçün müvafiq orqanlara müraciətlər etdim. Hazırda müraciətimə baxılmaqdadır”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, tanışı Şamillə saat 17 radələrində bazar ərazisində görüşüb, Zaur adlı şəxsin kafesinə gedib: “Həmin kafedə yemək yeyib spirtli içki qəbul etdik. Zaur məndən hesabı istədiyi üçün əsəbləşdim. Ayağa qalxaraq bir dəfə Zaurun sifət nahiyyəsindən vurdum və təpiklə ayağından vurdum.. Bundan sonra oradan getdim. Sonradan zərərçəkmiş şəxs ilə barışmaq istəsəm də, o, barışmayıb”.

İş üzrə zərərçəkmiş Zaurun sözlərinə görə, Zaur yanında bir nəfər şəxslə kafeyə gələrək masa arxasında əyləşib, yemək və spirtli içki sifariş edib: “Çərkəsdən sifarişin pulu olan 19 manatı istədim və özüm iftar süfrəsinə çatmaq üçün onlardan yekunlaşmasını xahiş etdim. Çərkəs “indi dururuq” deyib masadan qalxdı. Orada olan övladımın gözü qarşısında yumruqla bir dəfə sağ göz nahiyyəmdən və təpiklə ayaq nahiyyəmdən vurdu”. 

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Çərkəsə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.

Təqsirləndirilən şəxsin cəza çəkdiyi müddətdə Quba rayonunun hüdudlarını tərk etməsi qadağan olunub. Onun üzərinə təyin olunmuş cəza müddətində axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top