Göygöldə qonşular arasında DAVA

KRİMİNAL 19 avqust 2025, 20:24
Göygöl rayonunda qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin mayın 4-də rayonunun Tülallar kəndi ərazisində baş verib. 

Kənd sakini, 1990-cı il təvəllüdlü Dəyanət həmin gün saat 8 radələrində yaşadığı Tülallar kəndi ərazisində qonşusu Şahlar ilə mübahisə edib. Dəyanətin qonşusu ilə mübahisə etməsi isə zərərçəkmiş şəxsin ondan ekologiya idarəsinə şikayət etməsini ehtimal etməsi olub. 

Bu səbəbdən Dəyanət qonşusuna irad bildirməsinin üstündə şəxsi münasibətlər zəminində mübahisə ediblər. Mübahisə zamanı o, Şahların əl və ağac zərbələri bədəninin müxtəlif nahiyyələrinə vurub. 

Hadisəni törədən Dəyanətin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Şahların sözlərinə görə, 2024-cü ilin 2-3 may tarixlərində dəqiq xatırlamadığı tarixdə yaşadığı ünvanla qonşuluqda yaşayan Dəyanət və arvadı Nagilənin onun ünvanına nalayiq ifadələr işlətmələrini eşidib: “Məni təhqir etmələrinə səbəb isə 2022-ci ildə meşə idarəsinin işçilərinin Dəyanətə yazılan cərimə olub. Onlar həmin cərimənin mənim sözüm ilə yazılmasını güman etdikləri üçün məni təhqir etdilər. Evlərimiz yaxın olduqları üçün mütəmadi olaraq Dəyanət və ailə üzvləri yaşadıqlar ünvandan mənə nalayiq ifadələr işlədiblər. Onlara bu məsələ ilə bağlı heç bir əlaqəmin olmadığını bildirsəm də, buna inanmayıblar”. 

Zərərçəkmiş qeyd edib ki, mayın 4-də, səhər saat 9 radələrində yaşadığı evdən bir qədər kənarda özünə məxsus iribuynuzlu heyvanı otaran zaman Dəyanət, qardaşı Babək, oğlu Nicat və arvadı Nargilə onun üzərinə gəlib, onunla mübahisə etməyə başlayıblar: “Onlara heç bir yerə şikayət etmədiyimi, heç bir idarə ilə əlaqəm olmadığını bildirdim. Mübahisə zamanı Dəyanət üzərimə gələrək əlində olan ağac parçası ilə bədənimdən, başımdan, sol qolumdan, sinəmdən vurdu. Həmin zaman güclü fiziki ağrı hiss etsəm də, özümü müdafiə etmək üçün Dəyanətin əlindəki ağacı tutduğum  zaman onunla əlbəyaxa olduq. Dəyanət münaqişə zamanı məni özünə tərəf dartaraq yerə yıxdı. Bu zaman Dəyanətin qardaşı Babək, oğlu Nicat və arvadı Nargilə əllərində olan bel, daş, ağac parçası ilə bədənimin müxtəlif nahiyələrinə vuraraq məni döydülər. Həmin zaman qızım və kürəkənim yanıma gələrək bizi ayırmağa cəhd etsələr də, buna nail ola bilmədilər. Bir müddət sonra isə ayıra bildikdə dava-dalaş sakitləşdi. Mən yaşadığım evə getdim və Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etdim, bu hadisə barədə məlumat verdim”.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Dəyanət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını deyib. 

Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Dəyanətin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avqust 2025, 21:43
Top