Elman Nəsirov: "Azərbaycanın bütün addımları regional sabitliyə xidmət edir"

GÜNDƏM 20 avqust 2025, 10:48
“Azərbaycan Respublikası beynəlxalq hüquq, norma və prinsiplərə hörmət edən bir dövlətdir. Öz münasibətlərində də qarşı tərəfdən eyni yanaşmanı gözləyir. Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüquqa və prinsiplərə tam uyğun şəkildə həyata keçirilir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O əlavə edib ki, Azərbaycan Ukrayna ilə münasibətlərini də bu hüquqi əsaslar üzərində qurur:

“Rəsmi Bakı Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini tanıyır və bu mövqe ikitərəfli münasibətlərimizin əsas hüquqi bazasını təşkil edir. Humanitar əməkdaşlıq isə bu münasibətlərin əsas istiqamətlərindən biridir. Rusiya-Ukrayna müharibəsi dövründə Azərbaycan Ukraynaya 2 milyon dollar dəyərində elektrik avadanlıqları göndərib. Müxtəlif humanitar yardım məntəqələri yaratmış, həmçinin Ukraynanın şəhərlərində yanacaq çatışmazlığını aradan qaldırmaq üçün təcili yardım və digər xüsusi təyinatlı avtomobillərə pulsuz benzin təmin edib. Bu faktlar göstərir ki, Azərbaycan və Ukrayna arasındakı münasibətlər yüksək səviyyədədir və bu addımlar hər hansı üçüncü bir dövlətə qarşı yönəlməyib. Bu, Azərbaycanın ikitərəfli münasibətləri və humanitar dəyərləri əsas götürərək atdığı addımlardır”.

Deputat deyib ki, Azərbaycanın Ukrayna ilə gələcəkdə silah ticarəti sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirməsi də mümkündür:

“Mövcud reallıqda belə bir hal hələ baş verməsə də, nəzərə almaq lazımdır ki, hazırda dünya silah bazarında ciddi boşluqlar yaranıb. ABŞ və Avropa ölkələri Ukraynaya genişmiqyaslı hərbi yardım göstərir, silah tədarükü həyata keçirirlər. Belə bir şəraitdə, Azərbaycanın öz hərbi-sənaye potensialını inkişaf etdirərək bu bazarda yer alması və hüquqi çərçivədə münasibətlərini qurması tamamilə qanunauyğundur. Azərbaycan humanitar, siyasi və mümkün hərbi əməkdaşlıq sahəsində atdığı bütün addımları beynəlxalq hüquqa uyğun şəkildə və regional sabitliyin qorunması məqsədilə həyata keçirir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 14:15
20 avqust 2025, 12:50
Top