Qusarda qonşuların mübahisəsi: 26 yaşlı qadın cəza aldı — TƏFƏRRÜAT

KRİMİNAL 21 avqust 2025, 19:38
Qusar rayonunda 26 yaşlı qadın şəxsi münasibətlər zəminində qonşusuna xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1999-cu il təvəllüdlü Afət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Nərminə (adlar şərtidir – red.) ilə mübahisə edib. 

Mübahisə zəminində yaranan mübahisə zamanı o, Nərminənin saçından tutaraq yolub, onu yerə yaxaraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Afətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi əvvəllər tanımayıb: “Nərminənin məni söydüyünü, mənim əxlaqsızlıq etməyimi dediyini eşitmişəm. Bu barədə mənim həyat yoldaşım Sadiqə deyib. Buna görə də əsəbləşərək hadisə günü, saat 17:45-də onun yaşadığı evə getdim. Ondan nə üçün belə sözlər dediyini soruşdum. Həmçinin əsəbi olduğumdan həmin şəxsin saçından tutaraq dartdım, əllə başına vurdum. Başını tutaraq yerə vurdum, ona xəsarət yetirdim”.

Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Afət 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Qusar rayonu kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. 

Bundan başqa, onun cəza çəkdiyi müddətdə  Qusar rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bu müddətdə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 avqust 2025, 21:23
21 avqust 2025, 18:42
Top