Əvvəllər avtomobillərə xüsusi səs siqnalları quraşdırılırdı. Lakin qanunvericiliyə əsasən, bu cür avadanlıqların quraşdırılması qadağandır və aşkarlandığı halda müsadirə edilir. Müasir avtomobillərdə isə müxtəlif səs siqnallarını aktivləşdirmək imkanı mövcuddur. Bu funksiyalar artıq avtomobilin öz sisteminə inteqrasiya olunub.
Müasir avtomobillərdə mövcud olan bu cür səs siqnallarından istifadə qanunla necə tənzimlənir? Söhbət avtomobilin zavod istehsalı zamanı nəzərdə tutulmuş funksiyasından gedirsə, sürücü həmin siqnaldan istifadə etdiyinə görə məsuliyyət daşıya bilərmi?
Demokrat.az-a bu barədə danışan nəqliyyat eksperti Raqif Raufoğlu söyləyib ki, istehsalçı belə bir funksiyanı avtomobilə quraşdıra bilməz:

"Bu avtomobillərdə səsi çölə ötürmək funksiyası var və bu da əslində qadağandır. Yəqin ki, polis hazırda bununla bağlı müvafiq tədbirlər görəcək. Sürücü avtomobilin daxilindən hansısa əlavə avadanlıq qoşaraq belə səslər çıxara bilər. Amma başqa cür bunun mümkün olduğunu düşünmürəm. Çünki digər sürücülər baxımından yanaşsaq, mən ətrafımdakı avtomobillərdən yalnız tanıdığım, standart siqnalları eşitməliyəm. Əgər başqa bir sürücü avtomobilindən xüsusi xidmət orqanlarının, YPX-nin və ya digər operativ nəqliyyat vasitələrinin siqnallarına bənzər səslər çıxarırsa, bu, təbii ki, məni çaşdıracaq. Mən arxadan və ya ətrafdan gələn səsin təcili yardıma, polisə, yoxsa sadəcə əyləncə məqsədilə belə səs çıxaran adi avtomobilə aid olduğunu necə müəyyən edə bilərəm? Ona görə də bu cür hallarla bağlı, əlbəttə, müvafiq tədbirlər görülməlidir".
Ekspert qeyd edib ki, bu funksiya istehsalçı tərəfindən quraşdırılmayıb:
"Bəzi Çin avtomobillərində səsi çölə ötürmək funksiyası var. Yəni sürücü sanki mikrofon vasitəsilə kənara müraciət edə bilir. Lakin bu funksiya artıq əksər avtomobillərdə deaktiv edilib. Aktiv qalan versiyalar olsa belə, onlardan bu məqsədlə istifadə etmək olmaz, çünki bu, qadağandır. Belə bir vəziyyət yalnız o halda yarana bilər ki, gömrük və ya yol polisi avtomobilləri yoxlayarkən bu cür funksiyaların mövcudluğundan xəbərsiz olsun və həmin nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə, qeydiyyata alınmasına icazə versin. Halbuki belə funksiyalarla təchiz edilmiş avtomobillər ya ümumiyyətlə ölkəyə buraxılmamalı, ya da həmin funksiyalar deaktiv edildikdən sonra istifadəyə icazə verilməlidir. Çünki Çində hər gün yeni bir funksiya ortaya çıxa bilər. Həmin avtomobilləri ölkəyə gətirib, sonra da bunu istehsalçının quraşdırdığını əsas gətirərək istifadəsinə haqq qazandırmaq olmaz. Burada əsas məntiq ondan ibarətdir ki, digər sürücülər eşitdikləri siqnalın həqiqətən operativ nəqliyyat vasitəsinə, yoxsa adi avtomobilə aid olduğunu ayırd edə bilməlidirlər".


