"Prezident İlham Əliyevin AGEM-in VII Zirvə Görüşündəki çıxışı həqiqətən də çox ibrətamiz idi. Klassik yanaşmalarla zəngin çıxış idi. Çünki həqiqətən də dünya birliyinin özünün xəstəlikləri var, Asiya qitəsi özünəməxsus çatışmazlıqlarla savaş aparır və burada, əlbəttə ki, ilk növbədə, bu qarşıdurmada, bu mücadilədə üstünlüyü əldə etməkdən ötrü birincisi, dövlətlərin səfərbərliyi lazımdır. Sonra aparıcı qüvvələrin, siyasi qüvvələrin, düşünən beyinlərin, yəni intellektual kəsimlərin və 30-a yaxın dövlətin gərək arasında həm koordinasiya olsun, həm də bir-birini tamamlama". Bunu Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Onun sözlərinə görə, indi Ermənistanın hər üç rəhbərinin cinayətləri barəsində danışan Prezident İlham Əliyev məhz dünya birliyini də, Asiyanın liderlərini də artıq elə bir məqamlara kökləyir ki, onlar bilsinlər Qafqazda 30 ildən artıq çəkən bu dərdin, bəlanın səbəbləri nədən ibarət idi: "Siyasətdə cinayətkar ünsürlər gələndə, hakimiyyəti onlar qəsb etdikdə həmişə bax belə fəsadlar yaşanır. Digər tərəfdən, müharibələr meydana gəlir və ilk növbədə də insanların bədbəxtliyi artır. Çünki biz gördük Azərbaycan xalqı nə dərəcədə əziyyətlərlə üzləşdi. Sonra biz humanitar fəlakəti yaşadıq. 1 milyona yaxın qaçqın və məcburi köçkün, sonra evsizlik, işsizlik, onların səfil vəziyyətə düşməsi, etnik təmizləmələr, soyqırımları, ekosid, urbisid – daha nə qaldı, onların hamısını ermənilər bizə qarşı tətbiq elədilər. Bu işin də başında olan üç prezident Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan dayanmışdılar. Elə Nikol Paşinyanın da qismən bu proseslərdə iştirakı qeydə alınmışdı və təbii ki, o insanlar törətdikləri cinayətlərə görə cavab verməlidirlər. Bunların elə xəyalları oyanmasın ki, guya o işlərin hamısı keçmişdə qalıb, artıq vərəqlər çevrilib, müharibənin səhifəsi bağlanıb və hər şey yaddan çıxıb. Xeyr. Azərbaycan xalqı heç vaxt heç nəyi yaddan çıxarmayıb və çıxarmayacaq. Prezident İlham Əliyev də bu barədə deyir ki, biz o dəhşətləri gərək yeni nəsillərimizə çatdıraq ki, onları artıq yeni bədbəxtliklərdən, yeni sınaqlardan, yeni ağır sınaqlardan sığortalaya bilək. Və təbii ki, bunu dünya birliyi də bilməlidir. Yəni biz onu da agah etməliyik ki, Qafqazda nələr baş verirdi, Qafqaz bölgəsində kim idi bu təlatümün, qarşıdurmaların mənbəyi və nəyə görə bunlar bu prosesləri gündəmə gətiriblər. Əlbəttə, ilk növbədə, onlar özləri varlandılar, amma yazıq insanlar qaldı elə göyün düzündə, ya yerin düzündə – fərqi yoxdur. Və ona görə də onlar saxta tezisləri həmişə tirajlayırdılar ki, guya iki millət genetik baxımdan bir-birindən ciddi şəkildə fərqlənir və birlikdə yaşaya bilməzlər. Bunlar gərək mütləq şəkildə ayrılsınlar və əsas vurğu da Qarabağda yaşayan bir yığın erməni ilə bağlı idi. Guya onlar azərbaycanlılarla yaşaya bilmirlər. Necə olur, bunlar iki əsr bundan əvvəl gəlib orada köçlə məskən qurdular, köç saldılar, yaşadılar və birdən-birə bəlli oldu ki, bunlar sadə azərbaycanlılarla birgə yaşaya bilmirlər? Yəni bunlar hamısı uydurmalar idi və həm də o uydurmaların arxasında ermənilərin ksenofobizm ideologiyası durur. Yəni Qaregin Njdenin əsasını qoyduğu o ideologiyadır ki, o, faşist ideologiyasıdır. Sonra irqi mübarizənin aparılmasına hesablanmış bir yanaşmadır. Digər tərəfdən, erməniləri guya ali bir etnos kimi təsbit etməyə hesablanmış bir yanaşma idi. Əlbəttə ki, bunlar hamısı uydurmalar idi və Qaregin Njdenin özü elə cinayətkar idi, Hitlerin əlindən su içirdi, Rozenberqin əlindən su içirdi və əlbəttə ki, elə o tarixdə də öz layiqli yerini tapdı – əvvəl həyatda, sonra tarixdə. Əlbəttə, erməni xalqı artıq başa düşdü ki, o rəhbərlərin cızdığı yollarla getsələr, onların heç vaxt sabit, normal həyatı olmayacaq. Amma düzdür, insanlar həmişə tez aldanırlar və onlar indiyəcən hələ xülyalarda yaşayırlar. Guya ki, bunlar müharibədə uduzmalı deyildilər. Azərbaycana köməklər oldu, filan və s. Bunlar, əlbəttə, uydurmalardır, bunların hamısı əfsanələrdir. Və istər-istəməz Ermənistan lap əvvəldən bilməli idi ki, onlar uçuruma aparan yola çıxıblar. Heç vaxt onlar uğur əldə edə bilməzlər. Azərbaycan xalqı da heç vaxt onlara o şansı verməyəcək ki, onlar bizə yuxarıdan aşağı baxsınlar, bizim torpaqlarımızı mənimsəsinlər və insanlarımıza zülmlər yaşatsınlar. Bəli, Ermənistanın digər rəhbərliyi də 2018-ci ildə hakimiyyətə gəldikdən sonra o cinayətkar siyasəti həqiqətən də bir müddət davam etdirdi. Daha iş ora çatdı ki, getdi, tost deyib Qarabağda, Şuşada "Qarabağ Ermənistandır, nöqtə" və nə bilim, başqa bu kimi ifadələr işlətdi. Bunların hamısını biz eşitmişdik. Və ola bilsin ki, Nikol Paşinyan həqiqətən də onların siyasi kursunda dəyişiklik etmək istəyirdi, amma gördü ki, o adamyeyənlər, faşist ünsürləri buna imkan verməyəcəklər. Gördü ki, o dəhşətləri dayandıra bilmir, özü də dəhşət törədənlərə qoşuldu və axırda nə oldu, biz bunu bilirik. Və hal-hazırda artıq Ermənistanın indiki vəziyyəti də, bölgədəki yeni şərait də birmənalı şəkildə bildirir ki, Ermənistan bir də gərək o yola qədəm qoymasın. Çünki bunlar artıq birinci dəfə deyil ki, o yanlışlıqlara yol verirlər və həqiqətən də gəlib uçurumun qırağına çatırlar. Azərbaycana çox sağ ol desinlər ki, bizim dövlət başçımız, Prezidentimiz, sonra Ali Baş Komandanımız İlham Əliyev onlara, deyərdim ki, çox alicənab mövqe sərgilədi. Yəni biz onları aşağılamadıq. Müharibə qurtaran kimi Prezident sərəncamlar imzaladı: yol çəkməklə bağlı, su çəkməklə bağlı, kommunikasiya çəkməklə bağlı. Hətta onlara bildirdi ki, gəlin, bir yerdə, birlikdə bizim qurduğumuz şəraitə qoşulun, inteqrasiya layihələrimizdən istifadə etməyə başlayın və siz də dirçəlin.İndi görün, üstündən altı il keçir, hələ də bunlar götür-qoy edirlər. Sanki Azərbaycan bunlara, nə bilim, hiylə dolu bir proqram təklif edir. O dərəcədə bunlar burunlarından uzağı görmürlər, ayaqlarının altını görmürlər ki, hər şeyə, demək olar ki, şübhə ilə yanaşırlar. Belə olduğu halda, əlbəttə, biz zorla bunları tənbeh edə bilmərik". Politoloq əlavə edib ki, gərək onların özlərinin daxilində elə bir istək olsun ki, necə deyim, əhliləşsinlər, sonra insan keyfiyyətlərinə yiyələnsinlər, alicənablığın nə olduğunu görsünlər, baxıb ibrət götürsünlər: "Amma biz görürük ki, bunlar bu məsələlərin hamısında çox nalayiq, sonra çox xəstə ruhlu yanaşma sərgiləyirlər və ona görə də onların bizim səviyyəmizə çatmaları üçün xeyli vaxt lazımdır. İndi özlərindən asılıdır: istəyərlər, çatarlar, istəməzlər, çatmazlar. Amma biz zorla onları artıq, nə bilim, yola gətirməyə çalışmayacağıq. Heç bu bizə lazım da deyil. Əlbəttə, burada ermənilərin belə azğınlıq nümayiş etdirməsində xarici təşkilatların da özünəməxsus mənfi rolu oldu. İlk növbədə, burada Avropa Şurası, Avropa Parlamenti, AŞPA və s. – bunların hamısı, demək olar ki, alver meydanına çevrilmiş platformalardır. Orada da, alış-veriş gedir, bu adlarını deputat qoyanların iştirakı ilə, nümayəndələrin iştirakı ilə və onlar lobbiçilikdən çox böyük faydalar əldə edirlər. Ona görə də problemlərin həlli əvəzinə bunlar, əksinə, onları qızışdırırlar ki, həll yolları, sonra alqoritmlər tapılmasın, ya da gec tapılsın. Aydın məsələdir ki, dürüst bir yanaşma ilə bura gələnlər, yəni bu prosesə qoşulanlar "Biz sizə kömək edərik, millətləri sülhə hazırlayın, Azərbaycanla Ermənistan gərək barışsınlar" və s. kimi şüarlar səsləndirirdilər, çağırışlar edirdilər. Yəni belə, bu kimi şüarlar səslənirdi, çağırışlar səslənirdi, ancaq əslində onlar Azərbaycan xalqının xeyrinə yox, zərərinə işləyirdilər. Çünki çalışırdılar Azərbaycanı aldadaraq bizim torpaqlarımızı birdəfəlik mənimsəsinlər və həm də dünyada göstərsinlər ki, guya erməni varlığı, erməni etnosu böyük bir mədəniyyətə malik etnosdur, onlar öz üstünlüklərini müxtəlif tərzdə nümayiş etdirə bilərlər, həm də döyüş meydanında. Ancaq bu alınmadı və mən deyərdim ki, elə ATƏT-də, AŞPA-da, ATƏT PA-da hamısı üzüqara olaraq qaldılar. Onlar uzaq heç vaxt olmayacaqlar, çünki insanların, xalqların bədbəxtliyinin üzərində xoşbəxtlik qurmaq istəyirdilər, qazanc əldə etmək istəyirdilər, sonra lobbiçiliyi çox saxta bir tərzdə həyata keçirirdilər. Belə getməz, belə olmaz. Ona görə də Azərbaycan xalqı axırda öz gücünə inanaraq bütün proseslərin həllinə nail oldu. Bəli, əlbəttə ki, biz bütün dünyaya həmişə səslənirdik ki, görsünlər Cənubi Qafqazda nələr baş verir, Azərbaycanın 20 faiz torpaqlarında hansı qaydanı bunlar yaradıblar. Hər şeyi dağıdaraq, barbarlıq edərək, daşı daş üstə qoymayaraq bizim məscidlərimizi nə günə qoydular, əksəriyyətini sökdülər, digərlərində mal-qara saxlayırdılar. Yəni o dərəcədə bunlar mənfur, sonra mədəniyyətdən uzaq, Allahsız bir məxluqlardır ki, bunlara heç bunların özünü deməyin də mənası yoxdur. İndi də görürsünüz, özlərini elə aparırlar ki, guya bunlar o dəhşətləri həyata keçirməmişdilər, guya onların arxasında, nə bilim, humanoidlər dururdu, ya başqa planetdən gələn məxluqlar. Amma əslində bu, ermənilərin törətdikləri işlər idi və onlar özləri də başa düşürlər ki, insanlığa qarşı, insanlığa zidd, humanizmə zidd dəhşətlər törədiblər. Amma birincisi, cəsarətləri yoxdur ki, öz boyunlarına alsınlar, digər tərəfdən də dünya birliyində ictimai qüvvələri aldadırlar ki, guya bunlar onların işi deyil. Amma hər halda insanların müqayisəli yanaşması var. Onlar müşahidələrdən sonra görürlər ki, bu proseslərin arxasında kimlər durub, niyə Qafqazda Azərbaycan dövlətinin 20 faiz torpağı yerlə-yeksan edilib, niyə indi də biz öz gücümüzə, imkanlarımıza hesabına yenidən o torpaqları bərpa edirik, quruculuq işləri görürük, tikinti işləri aparırıq və sair. Bu, əlbəttə ki, özlərinə bəraət qazandırmaqdan ötrü də edilir. 20 nəfərə yaxın, 19 nəfərdirlər də indi Azərbaycan təcridxanasında cəza çəkənlər, istər Ruben Vardanyan olsun, istər Araik Arutyunyan olsun, digərləri olsun, Babayan olsun, bunların hamısı cinayətkarlardır və özlərinin layiqli cəzalarını alıblar. Və görün onların bu taleyi ətrafında nə qədər saxta ideoloji iş aparılır, sonra kampaniyalar qurulur ki, guya bunlar günahsız adamlardır, guya bunların heç bir qara-qura işi olmayıb. Əvvəla, bütün dünyanın gözü qarşısında bunlar Qarabağda hətta erməni icmasının özünü kazarma rejiminə, belə deyək də, təzyiq altında yaşamağa məcbur edirdilər. O insanlara adam kimi yox, nə bilim, dördayaqlılar kimi baxırdılar, sonra olmazın dəhşətlər törədirdilər, Azərbaycanın faydalı qazıntılarını Qarabazara çıxarırdılar, sonra boz zona yaratmışdılar. Yəni bunlar hamısı yolverilməz işlər idi. Ona görə də Azərbaycan bunlarla bağlı dünya birliyinə səslənirdi. Digər tərəfdən, müvafiq orqanlara, nə bilim, beynəlxalq arbitraja, instansiyaların hamısına biz müraciətlərimizi eləmişdik ki, bilsinlər ki, biz hər şeyi bilirik, görürük. Həm də fəzadan bizim, demək, peyklərimiz var deyə biz hər şeyi sənədlərlə qeydə alıb bunların qarşısına qoyurduq. Bunlar isə görmək istəmirdilər, bilmək istəmirdilər, eşitmək istəmirdilər. Ona görə də elə Prezidentimizin AGEM-in yeddinci forumunda bu prosesi Nürnberqə bənzətməsi yerinə düşür. Çünki faktiki olaraq elə Nürnberq prosesində də qatı cinayətkarlar öz layiqli cəzalarını aldılar: kimlərsə asıldılar, kimlərsə güllələndilər, kimlərsə neçə illik həbsə məhkum edildilər və sair. Və əlbəttə ki, burada da o kiçik Nürnberq prosesi formatı tətbiq olundu. Biz təbii ki, onların hamısına vəkillərlə köməklik göstərdik, vəkillə təminatını həyata keçirdik, amma onların o qədər cinayətləri var idi ki, sağ qalmış insanlarımız onlarla bağlı ifadələr verdilər, adları ilə, tarixləri ilə, təfərrüatları ilə bildirdilər ki, bunlar hansı işlərin arxasında durublar və cinayətləri nədən ibarətdir.Ona görə də onlar layiqli cəzalarını aldılar. Belə, demək, həqiqətən də o soyqırımı siyasətini yeridənlər heç vaxt nə qadınlara baxırdılar, nə qocalara, nə də uşaqlara. Onlar üçün insanlar artıq, belə deyək də, hədəfə çevrilirdilər. Bir sözlə, anlamırlar, sözün əsl mənasında qanmırlar ki, insanlara qarşı, ümumiyyətlə, uşaqlara qarşı, qadınlara qarşı, qocalara qarşı davranış yalnız və yalnız humanist ruhda olmalıdır. Ancaq bunlar Azərbaycan xalqının, o cümlədən də qadınlarımızın, xanımlarımızın, uşaqlarımızın bədbəxtliyinə baiskar idilər. Bunlar elə işlər gördülər ki, uşaqlar həm aclıq yaşadılar, həm öz səhhətlərini itirdilər, insanların bəziləri tələf oldu, sonra bəziləri ömürlük əlil oldu. Yəni bunların heç birini biz unutmarıq, unuda da bilmərik və təbii ki, çalışacağıq bütün platformalardan, ilk növbədə, bu cinayətlərin olduğu kimi adını, nə bilim, parametrlərini – deyirlər ki, hər bir cinayətin arxasında həm ad var, həm soyad var – dünyaya çatdıraq. Ondan sonra adlarını, soyadlarını, gördükləri işlərin parametrlərini hamısını dünyaya çatdırmalıyıq ki, artıq düzgün təsəvvürlər, düzgün biliklər olsun, ermənilərin azərbaycanlılara qarşı hansı dəhşətləri yaşatdıqları və bu işlərin arxasında hansı məkrli məram və niyyətlərin durduğu bilinsin. Əlbəttə ki, biz bu proseslərin hamısını sənədləşdirmişik. Həm prokurorluq orqanlarımız, məhkəmə orqanlarımız, həm də istintaq aparan orqanlarımız hamısı hər şeyi təsbit eləyiblər, artıq sənədləşdiriblər və təbii ki, lazım gələndə biz həmin cinayətkarları sona qədər təqib edəcəyik ki, onları da Bakıdakı məhbusların yanına gətirib çıxaraq". Tofiq Abbasov əlavə edib ki, bu münaqişələrin, əlbəttə ki, əvvəli var, amma axırı yoxdur və təbii ki, burada beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin rəsmiləri, yüksək səviyyəli məmurları və sair hamısı bunların üzərində işləyirdilər: "Amma indiki zamanda biz görürük ki, hələ yeni model yoxdur. Yəni model ancaq Azərbaycanın tətbiq etdiyi model ola bilər. Çünki biz Qarabağla bağlı uzun müddət ümidlərimizi Minsk qrupuna bağlamışdıq. Sonra ona bel bağlayanda gördük ki, düzdə qalırıq, çünki Minsk qrupu siyasi alverlə məşğul idi və siyasi turizmlə məşğul idi. Biz bir şeyi həmişə demişik, deyəcəyik də. Dünya nizamı indi də var, dünən də olub. Onu şübhə altına qoyanlar o adamlardır, o dairələrdir ki, onlar, belə deyək, çərçivədən kənara çıxmağı özləri üçün borc bilirlər və deyirlər ki, bizə bu olar, başqalarına olmaz. Nə qədər ki yeni nizam yaradılmayıb, köhnə nizam qüvvəsini saxlayır. Ona görə də biz o qüvvəsini saxlayan normaların əsasında öz işimizi çox konstruktiv, rasional bir tərəfdə qurduq. Ona görə də həm əks-hücum əməliyyatımız, həm də antiterror tədbirlərimiz vaxtında həyata keçdi və biz istəklərimizə nail olduq. Və Azərbaycan Prezidentinin çıxışından da biz AGEM-də bildik ki, biz öz modelimizi təklif etməklə demirik ki, biz xüsusi bir iş görmüşük. Xeyr, biz qüvvədə olan qanunvericilik bazasından istifadə etmişik: Azərbaycan qanunları, ilk növbədə, beynəlxalq qanunlar, qanunvericilik aktlarının tələbləri, konvensiyaların tələbləri – bunların hamısını nəzərə alaraq elə bir iş gördük ki, burada, həqiqətən də, yalnız Azərbaycana qarşı cinayət törədənlər ya ləğv edildilər, ya da məsuliyyətə cəlb olundular. Digər tərəfdən isə bundan erməni vətəndaşlar, Qarabağda yaşayan insanlar əziyyət çəkmədilər, nə uşaqlar, nə böyüklər, nə xanımlar, heç kəs. Ona görə də mən elə başa düşürəm ki, bu münaqişələrin qarşısını almaqdan ötrü, ilk növbədə, həmişə qüvvədə olan qaydalara fikir vermək lazımdır, onlara riayət etmək də son dərəcə vacibdir. Əks təqdirdə isə, əlbəttə ki, münaqişələr davam etdiriləcək və yeni problemlər yaranacaq, yeni insanlar meydana çıxacaq, yeni cinayətkarlar da özlərini büruzə verəcəklər. Bunların hamısını biz gözləməliyik, amma digər tərəfdən də ayıq-sayıq olmalıyıq ki, lazımsız işlərin qarşısı vaxtında alınsın. Çünki bilirsiniz də, deyirlər, yanğını söndürmək çox çətindir. Əksər hallarda yanğına aparan proseslərin qarşısını almaq lazımdır, çünki onların qarşısını almaq daha yüngüldür, nəinki yanğın artıq baş verdikdən sonra onu söndürmək. Ona görə də hesab edirəm ki, Azərbaycan dövlətinin də bütün yanaşmaları sağlam ruhlu yanaşmalardır. Prezident bu fikirləri AGEM-in yeddinci zirvə görüşündə təsadüfən dilə gətirmədi. Çünki həm biz dünyanı ayıq-sayıq olmağa çağırırıq, digər tərəfdən də bütün birliyə bildiririk ki, bizim heç bir ölkə ilə, heç bir xalqla ədavətimiz yoxdur, heç bir problemimiz yoxdur və biz istəyirik ki, hamı mehriban dolansın. Çünki bizim xeyli sayda faydalı layihəmiz artıq var və biz onları uğurla yerinə yetirmişik. Enerji layihələridir, kommunikasiya, nəqliyyat, daşımalar və sair. Bunlar hamısı artıq bizim əlimizdədir, bir növ həm işlək rıçağa çevrilir, digər tərəfdən də biz göstəririk ki, xalqlar həmişə vahid bir dalğaya köklənəndə onların fəaliyyəti uğurlu olur, nəticələri də gözə çarpır".Fidan Hacızadə Editor
Qəzadan sonra təmir edilən avtomobillər yenidən satışa çıxarılır. Bəzi hallarda avtomobilin görünüşü əvvəlki vəziyyətinə qaytarılsa da, onun konstruksiyasında və təhlükəsizlik sistemlərində ciddi nasazlıqlar qala bilər. Bu cür problemlər həm alıcının maddi itki ilə üzləşməsinə, həm də gələcəkdə baş verə biləcək qəza zamanı həyatının təhlükəyə düşməsinə səbəb ola bilər. Təmir olunaraq satışa çıxarılan qəzalı avtomobilləri almaq hansı risklər yaradır və alıcı seçim zamanı hansı məqamlara diqqət yetirməlidir? Avtomobil üzrə mütəxəssis, avtomexanik Elməddin Novruzov Demokrat.az-a açıqlamasında bildirib ki, qəzadan sonra təmir edilən avtomobillərin satışa çıxarılması bazarda çox rast gəlinən haldır: "Problemin özü təmirdə deyil, təmirin necə və hansı keyfiyyətdə aparılmasındadır. Bu gün bir çox avtomobilin xarici görünüşünü ideal vəziyyətə qaytarmaq olur. Amma qəzalı avtomobildə ən təhlükəli hissə gözə görünməyən hissədir. Ciddi qəzada avtomobilin lonjeronları, dirəkləri, dam konstruksiyası deformasiyaya uğrayır. Kosmetik təmir zamanı çəkilib düzəldilir, amma zavod möhkəmliyi artıq qalmır. Növbəti qəzada həmin kuzov zərbəni lazımi qaydada sönümləyə bilməyəcək. Ən böyük risk budur. Qəzada açılmış hava yastıqları (airbag) bir çox hallarda bərpa olunmur, yerinə rezistor qoyulur və ya işlənmiş airbag quraşdırılır. Skanerdə xəta sönür, amma sistem faktiki olaraq işləmir. Həmçinin təhlükəsizlik kəmərlərinin piropatronları da eyni şəkildə. Zavodda kuzov robotla qaynaq olunur və xüsusi hermetiklə qorunur. Qaraj şəraitində edilən qaynaqlar həm möhkəm deyil, həm də tez paslanmağa başlayır. 6 ay – 1 ildən sonra qaynaq yerlərindən avtomobil çürüməyə başlayır. Zərbə almış avtomobildə naqillərdə qırılma, bloklarda çat, asqı sistemində gizli əyrilik qalır. Bu da avtomobilin yolda dartması, təkərlərin qeyri-bərabər yeyilməsi, ABS, ESP kimi sistemlərin düzgün işləməməsi deməkdir". Mütəxəssis əlavə edib ki, nəticədə alıcı həm maddi itkiyə məruz qalır avtomobilin bazar dəyəri aşağı düşür, həm də ən əsası, canı ilə risk edir: "Mən hər zaman müştərilərimə deyirəm, avtomobili bəyənmək birinci yox, sonuncu mərhələ olmalıdır. Mütləq diaqnostika və kuzov qalınlığı ölçən cihazla yoxlama. Rəng qalınlığı 130–150 mikrondan çoxdursa, orada "şpaklyovka" var. Kuzov aralıqlarına (zazor) baxmaq. Zavod aralıqları hər yerdə eynidir. Qəza görmüş avtomobildə qapı, kapot, qanad aralıqları fərqli olur. Avtomobili qaldırıcıda altdan yoxlamaq. Lonjeronlarda qaynaq izi, əyrilik, zavod hermetikinin pozulması dərhal bilinir. Kompüter diaqnostikası. Sadəcə xətanı siliblər, ya yox, airbag, SRS blokunun tarixçəsinə baxmaq lazımdır. Kəmərləri çəkib buraxanda ilişib qalırsa, deməli, piropatron işləyib. Və ən vacibi avtomobili təkbaşına almayın. Özünüzlə peşəkar usta aparın və ya tanımadığınız bir servisdə ekspertizadan keçirin. 30–50 manatlıq yoxlama sizi minlərlə manat zərərdən və böyük təhlükədən qurtara bilər. Qəzalı avtomobilin vicdanla, zavod texnologiyasına uyğun təmir olunub satılması normaldır. Amma təhlükəsizliyi gizlədərək, kosmetik şəkildə yığılıb "vuruğu yoxdur" adı ilə satılan avtomobillərdən uzaq durmaq lazımdır". Fidan Hacızadə
Azərbaycanda daşınmaz əmlak bazarında son zamanlar qiymətlərin bahalaşması diqqət çəkir. Mənzil bazarındakı bu artım dalğası kommersiya təyinatlı qeyri-yaşayış sahələrinə də sıçrayır. Yaşayış sahələrinin dəyər qazanması icarəyə verilən obyektlərin qiymətinə də birbaşa təsir göstərir. Yaxın gələcəkdə kommersiya obyektlərinin aylıq icarə haqqının qalxacağı gözlənilir. Bu prosesə təsir edən bir neçə mühüm faktor var. Demokrat.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirovun sözlərinə görə, Azərbaycanda daşınmaz əmlak sektoru tələb və təklif qanunları ilə idarə olunur. Oxşar tendensiya dünya ölkələrində də müşahidə edilir. "İstər satış, istərsə də kirayə bazarında əmlaka tələbat artdıqda qiymətlər yüksəlir, təklif çoxaldıqda isə aşağı düşür. Bunun əsas səbəbi satıcılar arasında rəqabətin yaranmasıdır. Belə ki, real alıcı və ya kirayəçi cəlb etmək istəyən satıcılar qiymətləri aşağı salmağa məcbur olurlar. Nəticədə rəqabət güclənir və qiymətlər enir. Bu baxımdan, əmlak bazarı əsasən özünütənzimləmə mexanizmi ilə işləyir. 2019-cu ildən başlayaraq həm satış, həm də kirayə bazarında hər il müxtəlif faiz dərəcələrində qiymət artımları müşahidə olunur və bu tendensiya hazırda da davam edir. Bahalaşmanın əsas səbəblərindən biri tələbatın yüksək olmasıdır. Digər mühüm amil isə yeni tikilən binalarda istifadə olunan tikinti materiallarının qiymətinin artmasıdır. Materialların bahalaşması tikinti xərclərinə, bu da öz növbəsində yeni mənzillərin qiymətlərinə təsir göstərir. Yeni tikililərdə qiymətlərin yüksəlməsi digər kateqoriyalara aid mənzillərin də bahalaşmasına səbəb ola bilir. Ticarət obyektlərinin satış və kirayə qiymətlərində də artım qeydə alınır. Lakin bu artım yaşayış evləri ilə müqayisədə daha aşağı səviyyədədir. Həm mənzillərin, həm də ticarət obyektlərinin qiymətləri hər il müəyyən dərəcədə yüksəlsə də, yaşayış sahələrində bahalaşma daha sürətli gedir". Anar Nəsirov əlavə edib ki, bunun əsas səbəbi yaşayış evlərinə və kirayə mənzillərə tələbatın ticarət obyektləri ilə müqayisədə daha yüksək olmasıdır: "Ticarət obyektlərinin qiymətlərində də artım müşahidə edilir, lakin bu, istər satış, istərsə də kirayə bazarında mənzillərlə müqayisədə daha zəifdir. Ümumilikdə, tikinti materiallarının qiymətindəki artım yeni tikilən binaların maya dəyərinə birbaşa təsir edir. Yeni mənzillərin bahalaşması isə bazardakı digər yaşayış sahələrinin qiymətlərinin də yüksəlməsinə zəmin yaradır. Beləliklə, həm yaşayış evlərində, həm də ticarət obyektlərində satış və kirayə qiymətlərinin artması davam edir. Ancaq mənzillərdə bu proses daha sürətli və nəzərəçarpan xarakter daşıyır. Qiymət artımlarının nə vaxta qədər davam edəcəyini isə konkret söyləmək çətindir. Çünki əmlak bazarı tələb və təklif əsasında formalaşır və qiymətlərin gələcək dinamikasını əvvəlcədən dəqiq müəyyənləşdirmək mümkün deyil. Bu səbəbdən həm satış, həm də kirayə qiymətlərindəki artımın nə zaman dayanacağını qəti şəkildə demək çətindir". Fidan Hacızadə
Mövcud borclarını bağlamaq üçün təkrar müraciət edənlərin sayı getdikcə artır. Bu addım bəzən ödənişləri rahatlaşdırsa da, maliyyə çətinliyini kökündən həll etmir. Şərtlər düzgün hesablanmayanda şəxs daha ağır borc yükü ilə üz-üzə qala bilər. İqtisadçı Aslan Əzimzadə Demokrat.az-a açıqlamasında deyib ki, mövcud kredit borcunun yeni kredit hesabına bağlanması, yəni kreditin yenidən maliyyələşdirilməsi və ya refinanslaşdırılması müəyyən şərtlər daxilində borclular üçün səmərəli maliyyə əməliyyatı ola bilər: "Əgər yeni kredit daha aşağı faiz dərəcəsi, daha münasib aylıq ödəniş və daha əlverişli şərtlərlə təqdim olunursa, bu, borclunun aylıq maliyyə yükünü azaltmağa və borclarını daha sistemli şəkildə idarə etməyə imkan verir. Xüsusilə bir neçə kredit öhdəliyinin bir kreditdə birləşdirilməsi ödənişləri idarə etməyi daha da asanlaşdıra bilər. Lakin burada əsas məsələ yalnız aylıq ödənişin azaldılması deyil. Kredit müddətinin uzadılması aylıq ödənişi aşağı salsa da, yekunda ödənilən faizlərin və kreditin ümumi xərcinin artmasına səbəb ola bilər. Bunlardan əlavə, yeni kredit üzrə komissiyalar, sığorta və digər əlavə xərclər də nəzərə alınmalıdır. Buna görə də refinanslaşdırmanın və yenidən maliyyələşdirmənin sərfəli olub-olmaması köhnə və yeni kredit üzrə ümumi ödəniləcək məbləğin müqayisəsi əsasında qiymətləndirilməlidir". Aslan Əzimzadə qeyd edib ki, yeni kredit əvvəlki borcu bağlamaqla yanaşı, əlavə istehlak məqsədilə də istifadə edilərsə, bu, borclunun borc yükünün ciddi şəkildə artmasına gətirib çıxara bilər: "Gəlirlər eyni səviyyədə qaldığı halda borcların davamlı olaraq yeni kreditlər hesabına ödənilməsi artıq yenidən maliyyələşdirmədən daha çox borcun çevrilməsi xarakteri daşıyır və maliyyə dayanıqlığı baxımından risklər formalaşdırır. Ona görə də bir krediti digəri ilə əvəz etmək nə müsbət, nə də mənfi haldır. Əsas meyar yeni kreditin faiz dərəcəsinin, müddətinin, aylıq ödənişinin, əlavə xərclərinin və yekun borc məbləğinin əvvəlki kreditlə müqayisədə nə dərəcədə əlverişli olmasıdır. Əgər yeni kredit ümumi borclanma xərcini azaldırsa, yenidən maliyyələşdirmə (refinanslaşdırma) məqsədəuyğun ola bilər. Əks halda, sadəcə köhnə borcun yeni borcla əvəz edilməsi maliyyə problemini həll etmir, yalnız onun müddətini uzadır". Fidan Hacızadə
Avtomobil qəzasından sonra sürücüləri ən çox maraqlandıran məsələlərdən biri də dəyən zərərin sığorta şirkəti tərəfindən necə hesablanmasıdır. Bəzən sığorta şirkətinin müəyyən etdiyi məbləğ avtomobil sahibinin gözləntilərindən və ya təmir xərclərindən fərqlənir. Avtomobilin real bazar qiyməti necə müəyyən edilir və bu, sığorta ödənişinə necə təsir göstərir? Sığorta eksperti Vüsal Bədəlov Demokrat.az-a deyib ki, avtomobil qəzası zamanı sığorta məsələləri əsasən iki istiqamətdə tənzimlənir: icbari sığorta və KASKO sığortası: "Sürücülərin ən çox qarşılaşdığı məsələlərdən biri icbari sığorta üzrə dəymiş zərərin ödənilməsi ilə bağlıdır. İlk növbədə qeyd etmək lazımdır ki, qanunvericiliyə əsasən, nəqliyyat vasitəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bu zaman təmirə yararlı detallar təmir olunur, təmirə yararlı olmayan detallar isə dəyişdirilir. Avtomobilin istehsal ili nəzərə alınmaqla, onun təmirində ikinci əl ehtiyat hissələrindən də istifadə oluna bilər. Yəni sığorta şirkətinin avtomobili mütləq yeni ehtiyat hissələri ilə təmin etməsi ilə bağlı ümumi məcburiyyət yoxdur". Ekspert əlavə edib ki, sığortalı dəymiş zərərə görə hesablanmış məbləğlə razılaşmadıqda, yenidən sığorta şirkətinə müraciət edərək qüsur aktının tərtib olunmasını tələb edə bilər: "Sığorta şirkəti bu tələbi də təmin etmədikdə, sığortalı müstəqil ekspertiza tələb edə bilər. Bu halda Mərkəzi Bankın siyahısından müstəqil ekspert seçərək avtomobilə dəymiş zərəri yenidən qiymətləndirmək mümkündür. Qiymətləndirmənin nəticəsindən asılı olaraq, dəymiş zərərin məbləğinin yenidən nəzərdən keçirilməsi və ödənilməsi məsələsi qaldırıla bilər. Sürücülərə tövsiyəm odur ki, avtomobilə dəymiş zərərin məbləği sığorta şirkəti tərəfindən tam rəsmiləşdirilməmişdən əvvəl nəqliyyat vasitəsini təmir etdirməsinlər və hər hansı detalı dəyişdirməsinlər. Beləliklə, hesablanmış zərər məbləği onları qane etmədikdə, müvafiq prosedurları ardıcıllıqla həyata keçirə bilərlər". Fidan Hacızadə
Bank sistemindən maliyyə tapmaqda çətinlik çəkənlər və təcili pul lazımdır deyənlər alternativ yollara müraciət edirlər. Bu zaman mikroşirkətlərin təqdim etdiyi imkanlar yada düşür. Lakin bu təşkilatların tətbiq etdiyi faizlər, ödəniş vaxtı və daxili şərtlər vətəndaşa əlavə maliyyə yükü yarada bilər. Ona görə də müraciət etməzdən əvvəl bu qurumların iş qaydasını dəqiq öyrənmək lazımdır. Mikrokredit təşkilatları banklardan hansı xüsusiyyətlərinə görə fərqlənir? İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, bank olmayan kredit təşkilatları, vətəndaşlardan depozit qəbul edə bilmirlər: "Buna görə də onların əsas maliyyə mənbələri üç istiqamətdən ibarətdir: sahibkarların verdiyi vəsaitlər, banklardan götürdükləri kreditlər və istiqraz buraxmaqla cəmiyyətdən cəlb etdikləri vəsaitlər. Bu üç mənbənin də maya dəyəri bankların vəsait cəlb etmək imkanları ilə müqayisədə daha yüksəkdir. Banklar vətəndaşlardan depozitlər, cari hesab qalıqları, kartlarda olan vəsaitlər və digər mənbələr vasitəsilə daha ucuz maliyyə cəlb edə bilirlər. BOKT-lərin isə belə imkanı yoxdur. Onlar məcburən banklardan kredit götürməli, istiqraz buraxmalı və ya sahibkarlarından vəsait cəlb etməlidirlər. İstiqraz buraxmaq da, sahibkardan vəsait cəlb etmək də nisbətən bahalı maliyyə mənbələridir". Onun sözlərinə görə, BOKT-lərin əsas fərqlərindən biri də məhz vəsaiti daha baha cəlb etmələridir: "Eyni zamanda, banklardan kredit ala bilməyən müştərilər mikro kreditləşmə üçün bu təşkilatlara müraciət edirlər. Banklar hansı müştərilərə kredit vermirlər? Əsasən, riskli hesab etdikləri müştərilərə. Həmin şəxslər də BOKT-lərə üz tuturlar. Beləliklə, BOKT-lərin həm maliyyə mənbələrinin maya dəyəri yüksək olur, həm də kredit verdikləri müştərilərin risk səviyyəsi artır. Bundan əlavə, BOKT-lərin verdiyi kreditlər kiçik həcmli olduğuna görə faiz dərəcələri də müqayisəli şəkildə daha yüksək olur". Fidan Hacızadə
Son illərdə tikintisi davam edən yaşayış binalarından mənzil almağa maraq artıb. Belə mənzillər adətən daha münasib qiymətə və hissə-hissə ödəniş imkanları ilə təklif olunduğundan alıcılar üçün cəlbedici görünür. Bununla belə, tikintinin gecikməsi, layihənin tamamlanmaması, sənədləşmə problemləri və ya bazar qiymətlərindəki dəyişikliklər bu cür alışları müəyyən risklərlə də müşayiət edə bilir. Belə mənzil alarkən alıcı ilk növbədə hansı məqamlara diqqət etməlidir? Əmlak eksperti Firdovsi Xəlilov Demokrat.az-a açıqlamasında bildirib ki, yeni tikilən binalara maraq təkcə son illərin tendensiyası deyil: "1990-cı illərin sonlarından etibarən mənzil bazarında alıcıların ən çox diqqət göstərdiyi mərhələlərdən biri binaların layihələndirilməsi və qazıntı (katlavan) işlərinin aparıldığı dövr olub. Bu, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində həm yaşayış, həm də investisiya məqsədilə mənzil almağın sərfəli modellərindən biri hesab olunur. Təməldən mənzil almağın bu dərəcədə cəlbedici olmasının üç əsas səbəbi var. Kəskin qiymət fərqi və yüksək gəlirlilik. Bünövrə mərhələsindəki mənzillərin qiyməti ilə binanın tam təhvil verildiyi dövrdəki qiymətlər arasında ciddi fərq yarana bilir. Son illərin bazar göstəriciləri göstərir ki, ümumi inflyasiya və tikinti xərclərinin artması fonunda üç il əvvəl təməldən mənzil alan vətəndaşların əmlakının dəyərində bəzi ərazilərdə 100 faizə yaxın artım qeydə alınıb. Tikintinin ilkin mərhələsində alıcılar daha geniş seçim imkanına malik olurlar. Günəş işığı alan, yaxşı mənzərəsi və havalandırması olan, optimal planlaşdırılan və sahə itkisi minimuma endirilən mənzillər adətən ilk satılanlar sırasında olur. Tikinti başa çatmağa yaxınlaşdıqca isə seçim imkanları daralır və əsasən yerləşməsi və planlaşdırılması baxımından daha az əlverişli mənzillər qalır. Məsələn, 16 mərtəbəli yaşayış binasının tam tikintisi orta hesabla 30–36 ay çəkə bilər. Tikinti şirkəti üçün kommersiya banklarından yüksək faizlə kredit götürməkdənsə, alıcılara 30, 36, hətta 40 aylıq faizsiz daxili hissə-hissə ödəniş imkanı yaratmaq daha sərfəli ola bilər. Vətəndaşın təcili mənzil ehtiyacı yoxdursa, bu imkan onun üçün də əlverişli maliyyə mexanizminə çevrilə bilər". Ekspertin fikrincə, əvvəlki illərdə alıcıları ən çox narahat edən məsələlərdən biri eyni mənzilin bir neçə şəxsə satılması, yəni ikili və ya üçlü satış halları idi: "Qeyd etmək lazımdır ki, son dörd ildə dövlət nəzarətinin gücləndirilməsi, hüquqi islahatlar və vahid reyestr mexanizmlərinin tətbiqi nəticəsində bu problemin faktiki olaraq aradan qaldırıldığı və minimum səviyyəyə endiyi bildirilir. Hazırda əsas risklərdən biri tikinti müddətində gecikmələrin baş verməsidir. Alıcılar bu məsələdə müəyyən reallıqları nəzərə almalıdırlar. Adi bir ailənin ikiotaqlı mənzilin təmirini iki ay ərzində başa çatdırmaq planı dörd aya qədər uzana bilirsə, 16 mərtəbəli böyük bir yaşayış kompleksinin tikintisinin də nəzərdə tutulan 30 ay əvəzinə 36 və ya 40 aya başa çatması mümkündür. Xüsusilə şəhər mərkəzində ağır texnikanın hərəkətinə qoyulan məhdudiyyətlər, logistika çətinlikləri və ərazidə köçürmə işlərinin aparılması tikintidə bir neçə aylıq gecikmələrə səbəb ola bilər. Tikintinin gecikməsi nəticəsində yarana biləcək problemlərin qarşısını almaq və layihənin yarımçıq qalması riskini azaltmaq üçün alıcı iki əsas istiqamətdə araşdırma aparmalıdır. İnşaat şirkətinin fəaliyyəti və əvvəlki layihələri araşdırılmalıdır. Şirkətin indiyədək inşa etdiyi yaşayış kompleksləri barədə məlumat toplamaq vacibdir. Əvvəlki binalar vaxtında təhvil verilibmi? Onlar qaz, su və elektrik şəbəkələrinə daimi qoşulubmu? Ən əsası, sakinlər mənzillərinə vaxtında çıxarış ala biliblərmi? Şirkətin əvvəlki fəaliyyəti və bazardakı reputasiyası seçim zamanı mühüm meyarlardandır. Tikinti icazələri rəsmi dövlət portalları vasitəsilə yoxlanılmalıdır. Şirkətin şifahi vədləri ilə kifayətlənmək olmaz. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq reyestri və ya "Bir pəncərə" sistemi vasitəsilə tikinti aparılan torpağın təyinatını, müvafiq icazələrin olub-olmadığını və hansı şirkətin adına verildiyini, təsdiqlənmiş layihədə nəzərdə tutulan mərtəbə və mənzil sayını, eləcə də binanın baş planını yoxlamaq mümkündür. Bu araşdırma alıcıya vəd edilən infrastrukturun və binanın təsdiqlənmiş layihəyə uyğunluğunu əvvəlcədən qiymətləndirməyə kömək edir. Müvafiq hüquqi icazələri olan və bazarda uğurlu fəaliyyət tarixi ilə seçilən şirkətlərin tikintinin ilkin mərhələsində satışa çıxardığı mənzilləri almaq həm büdcəyə qənaət etmək, həm də gələcəkdə əmlakın dəyərinin artımından faydalanmaq baxımından sərfəli seçim ola bilər. Bununla belə, qərar verməzdən əvvəl şirkətin etibarlılığını, tikinti sənədlərini və müqavilə şərtlərini diqqətlə yoxlamaq vacibdir". Fidan Hacızadə
"Ermənistanın keçmiş rəhbərliyinin fəaliyyəti və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər məsələsi regionda sülhün və ədalətin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Ermənistanın hər üç keçmiş prezidentinin hakimiyyəti dövründə həyata keçirilən siyasət nəticəsində Azərbaycan xalqı ağır faciələr yaşayıb, minlərlə insan həyatını itirib, ailələr öz doğma yurdlarından didərgin düşüb. Bu günədək həmin hadisələrdə məsuliyyət daşıyan şəxslərin hamısının layiqli hüquqi cəza almaması ədalət məsələsini gündəmdə saxlayır". Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, Ermənistanın 2018-ci ildən sonrakı rəhbərliyinin siyasətinə gəldikdə isə qeyd etmək lazımdır ki, hakimiyyət dəyişikliyi əvvəlki dövrdən miras qalmış bir sıra problemlərin aradan qaldırılmasına gətirib çıxarmadı: "Əksinə, uzun illər davam edən münaqişənin həlli, Azərbaycanla münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün yaradılması istiqamətində ciddi maneələr mövcud oldu. Davamlı sülh üçün Ermənistanın keçmişin reallıqlarını qəbul etməsi, tarixi və hüquqi məsuliyyət məsələlərinə obyektiv yanaşması vacibdir. Avropa Şurası və Avropa Parlamenti kimi qurumların fəaliyyətinə gəldikdə, beynəlxalq təşkilatların əsas missiyası beynəlxalq hüququn prinsiplərini qorumaq, insan hüquqlarına hörmətin təmin olunmasına töhfə vermək və münaqişələrin həllinə dəstək göstərməkdir. Lakin bu prinsiplərə selektiv yanaşma, ikili standartlar və müəyyən məsələlərə siyasi maraqlar prizmasından münasibət bəslənilməsi həmin qurumların nüfuzuna xələl gətirir. Beynəlxalq təşkilatlar öz fəaliyyətlərində obyektivlik və ədalət prinsiplərinə sadiq qalmalı, qəbul etdikləri mövqelərdə ardıcıllıq nümayiş etdirməlidirlər". Deputat qeyd edib ki, Bakıda hərbi cinayətlərdə ittiham olunan şəxslər barəsində keçirilən məhkəmə prosesi Azərbaycanın öz ərazisində ədalətin bərqərar olunması və hüquqi məsuliyyət prinsipinin təmin edilməsi baxımından mühüm hadisədir: "Bu prosesi Nürnberq tribunalı ilə müqayisə edərkən əsas məqam müharibə cinayətlərinə görə məsuliyyətin müəyyənləşdirilməsi və cəzasızlıq mühitinə son qoyulmasıdır. Azərbaycan xalqı uzun illər ərzində ağır itkilərə, faciələrə və əzablara məruz qalsa da, öz mübarizəsini hüquqi müstəvidə aparmağa üstünlük verib. Bizim məqsədimiz qisasçılıq deyil, ədalətin təmin olunması və belə faciələrin bir daha təkrarlanmamasıdır. Bütün bunlar bir daha göstərir ki, beynəlxalq hüququn kağız üzərində qalması, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası üçün təsirli mexanizmlərin mövcud olmaması münaqişələrin uzanmasına şərait yaradır. Qətnamələrin icrası təmin edilmədikdə, onların çəkindirici gücü zəifləyir və yeni qarşıdurmalar üçün zəmin yaranır. Buna görə də beynəlxalq ictimaiyyət qərarların icrasına real təminat verən mexanizmlərin formalaşdırılması istiqamətində addımlar atmalıdır. Yalnız bu halda beynəlxalq hüququn aliliyi təmin oluna, dövlətlərin suverenliyi və ərazi bütövlüyü qoruna, gələcək nəsillər müharibə və münaqişələrdən uzaq yaşaya bilər". Fidan Hacızadə
Avtomobil alarkən alıcılar bir çox hallarda yalnız maşının qiymətinə və xarici görünüşünə diqqət yetirirlər. Halbuki avtomobilin yaşı, yürüşü, mühərrik həcmi, texniki vəziyyəti və markası onun həm alış qiymətinə, həm də sonrakı xərclərinə ciddi təsir göstərir. Avtomobil alarkən marka, il, yürüş, yoxsa mühərrik həcmi daha vacibdir? Nəqliyyat eksperti Razil Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, avtomobil seçərkən alıcıların bir qismi əsasən qiymətə və xarici görünüşə diqqət yetirir: "Halbuki avtomobilin texniki vəziyyəti, yürüşü, istehsal ili, marka və modeli, eləcə də mühərrik həcmi həm alış qərarına, həm də sonrakı xərclərə təsir göstərir. Hesab edirəm ki, xüsusilə işlənmiş avtomobil alarkən ilk növbədə onun texniki vəziyyəti və qulluq tarixçəsi araşdırılmalıdır. Eyni marka, il və yürüş göstəricisinə malik iki avtomobildən müntəzəm servis olunmuş və qəza keçirməmiş avtomobil daha məqsədəuyğun seçim ola bilər. Buna görə avtomobili almadan əvvəl müstəqil ustaya yoxlatdırmaq, kuzov və əsas mexaniki hissələrin vəziyyətini qiymətləndirmək vacibdir. Avtomobilin tarixçəsini göstərən hesabat faydalı olsa da, texniki baxışı əvəz etmir. Yürüş göstəricisi avtomobilin nə qədər istifadə edildiyi barədə ilkin təsəvvür yaradır. Lakin aşağı yürüş hər zaman avtomobilin yaxşı vəziyyətdə olması demək deyil. Uzun müddət baxımsız qalmış və ya ağır şəraitdə istifadə edilmiş avtomobil az yürüş göstərsə belə, ciddi nasazlıqlara malik ola bilər. Yürüşün doğruluğunu servis sənədləri və əvvəlki texniki baxış qeydləri ilə tutuşdurmaq məsləhətdir". Ekspert əlavə edib ki, istehsal ili avtomobilin yaşını, təhlükəsizlik və komfort avadanlıqlarının səviyyəsini, bəzi hissələrin köhnəlmə ehtimalını müəyyənləşdirməyə kömək edir: "Bununla belə, daha yeni avtomobil avtomatik olaraq daha yaxşı vəziyyətdə sayılmır. Qəza tarixçəsi, düzgün aparılmayan təmir və vaxtında dəyişdirilməyən detallar avtomobilin ümumi vəziyyətinə ciddi təsir edə bilər. Marka və model ehtiyat hissələrinin qiyməti, servis imkanları, yanacaq sərfiyyatı və avtomobilin bazar dəyərini saxlaması baxımından əhəmiyyətlidir. Alıcı yalnız markanın nüfuzuna əsaslanmamalı, konkret modelin saxlanma xərclərini və ehtiyat hissələrinin əlçatanlığını da araşdırmalıdır. Etibarlı marka avtomobilin texniki cəhətdən saz olduğuna zəmanət vermir. Mühərrik həcmi isə əsasən avtomobilin gücünə və gündəlik istifadə xərclərinə təsir göstərir. Böyük mühərrik daha yüksək güc və sürətlənmə imkanı yarada bilər, lakin yanacaq sərfiyyatı və bəzi hallarda vergi və sığorta xərcləri də arta bilər. Kiçik mühərrikli avtomobilin həmişə daha qənaətcil olacağını demək də düzgün deyil. Avtomobilin çəkisi, mühərrik növü və sürücünün idarəetmə tərzi də yanacaq sərfiyyatına təsir edir. İşlənmiş avtomobil alarkən əsas prioritet texniki vəziyyət və qulluq tarixçəsi olmalıdır. Daha sonra yürüşün doğruluğu, istehsal ili, marka-modelin saxlanma xərcləri və mühərrik həcmi qiymətləndirilməlidir. Alışdan əvvəl avtomobili müstəqil ustaya yoxlatdırmaq, VIN və tarixçə məlumatlarını araşdırmaq, sınaq sürüşü etmək və mümkün təmir xərclərini əvvəlcədən hesablamaq alıcının riskini azalda bilər". Fidan Hacızadə
Telefon nömrəsi və digər şəxsi məlumatların icazəsiz əldə edilməsi və yayılması son illərdə geniş müzakirə olunan məsələlərdəndir. Xüsusilə şəxsi məlumatların müxtəlif yollarla ələ keçirilməsi və üçüncü şəxslərlə paylaşılması vətəndaşların hüquqlarının pozulmasına səbəb ola bilər. Telefon nömrəsinə və ya şəxsi məlumatlara icazəsiz giriş hansı hallarda hüquqi məsuliyyət yaradır? Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, telefon nömrəsinin və digər şəxsi məlumatların icazəsiz əldə edilməsi və yayılması cinayət, inzibati və mülki məsuliyyət yarada bilər: "Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsin razılığı olmadan onun şəxsi və ailə həyatına dair məlumatların, sənədlərin, video və foto materialların qanunsuz toplanılması və yayılması cinayət məsuliyyətinə səbəb ola bilər. Bu əməllərə görə bir ilədək islah işləri və ya 2 000 manatadək cərimə tətbiq oluna bilər. Ağırlaşdırıcı hallar olduqda isə iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutula bilər". Onun sözlərinə görə, fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin pozulması inzibati məsuliyyət də yaradır: "Bu halda fiziki şəxslər 300–400 manat, vəzifəli şəxslər isə 1 500–2 000 manat məbləğində cərimələnə bilərlər. Bundan əlavə, mülki məsuliyyət də yarana bilər. Şəxs onun şərəf və ləyaqətini, eləcə də işgüzar nüfuzunu ləkələyən məlumatların yayılmasını qanunsuz hesab edərsə, məhkəməyə müraciət edərək ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər". Fidan Hacızadə
İkinci əl avtomobil alarkən alıcılar bəzən yalnız onun xarici görünüşünə və qiymətinə diqqət yetirir, texniki vəziyyəti, yürüşü və əvvəlki qəza tarixçəsi kimi vacib məqamları isə nəzərdən qaçırırlar. Nəticədə ucuz qiymətə alınan avtomobil sonradan əlavə və gözlənilməz xərclərə səbəb ola bilər. İkinci əl avtomobil alarkən ən çox hansı səhvlər edilir? "AutoProject" şirkətinin rəhbəri, avtomobil üzrə mütəxəssis Elçin Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, ikinci əl avtomobil alarkən ən çox yol verilən səhvlərdən biri seçim zamanı əsas diqqətin avtomobilin xarici görünüşünə və qiymətinə yönəldilməsidir: "Halbuki avtomobilin real texniki vəziyyəti, yürüş göstəricisinin düzgünlüyü, əvvəlki qəza tarixçəsi və əsas aqreqatlarının vəziyyəti daha ciddi əhəmiyyət daşıyır. Xüsusilə son illər ölkəmizdə elektromobil və hibrid avtomobillərə marağın artması onların texniki yoxlanılması məsələsini daha da aktuallaşdırır. Belə avtomobillərdə ən vacib məqamlardan biri yüksək gərginlikli akkumulyatorun sağlamlıq vəziyyətinin müəyyən edilməsidir. Akkumulyatorun sağlamlıq göstəricisi (SOH), tutum itkisi, elementlər arasındakı gərginlik fərqləri və digər texniki parametrlər müasir diaqnostik avadanlıqlarla yoxlanılmalıdır. Çünki akkumulyatorda mövcud olan, lakin vaxtında aşkarlanmayan nasazlıqlar gələcəkdə alıcı üçün ciddi maliyyə itkisinə səbəb ola bilər. Bununla yanaşı, avtomobilin ağır qəza keçirib-keçirmədiyi, su altında qalıb-qalmadığı, mühərrikin, sürətlər qutusunun və elektron idarəetmə sistemlərinin vəziyyəti də diqqətlə araşdırılmalıdır". Mütəxəssis alıcılara avtomobilin qiymətindən və xarici görünüşündən asılı olmayaraq, onu almamışdan əvvəl peşəkar texniki baxışdan keçirməyi və kompleks kompüter diaqnostikası etdirməyi tövsiyə edib: "Unutmaq olmaz ki, vaxtında aparılan düzgün diaqnostika gələcəkdə yarana biləcək böyük təmir xərclərinin qarşısını almağın ən effektiv yollarından biridir". Fidan Hacızadə
Bəzi hallarda vətəndaşların mülkiyyətində olan daşınmaz əmlaka həbs qoyulur. Bu, əsasən, borc öhdəlikləri, məhkəmə qərarları və icra tədbirləri ilə əlaqəli olur. Lakin evə həbs qoyulmasının hansı hüquqi əsaslarla həyata keçirildiyi və bunun mülkiyyətçinin hüquqlarına necə təsir etdiyi hər kəsə aydın deyil. Hansı hallarda evə həbs qoyula bilər və mülkiyyətçi bu qərardan şikayət etmək hüququna malikdirmi? Demokrat.az-a bu barədə danışan hüquqşünas Elnur Məmmədov bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaşın mülkiyyətində olan daşınmaz əmlaka yalnız qanunla müəyyən edilmiş əsaslar və prosedurlar çərçivəsində həbs qoyula bilər: "Bu məsələ əsasən Mülki Prosessual Məcəllə, Cinayət-Prosessual Məcəllə və "İcra haqqında" Qanunla tənzimlənir. Evə həbs qoyulması əsasən borc öhdəliklərinin yerinə yetirilməməsi, məhkəmə qərarlarının icrası, iddianın təmin edilməsi və cinayət işi üzrə əmlakın qorunması zərurəti yarandıqda tətbiq oluna bilər. Məsələn, vətəndaşın banka və ya digər şəxsə borcu olduqda, qanuni əsaslar mövcuddursa, məhkəmə qərarı və ya icra tədbirləri çərçivəsində onun daşınmaz əmlakına həbs qoyulması mümkündür. Əmlaka həbs qoyulması mülkiyyət hüququnun avtomatik itirilməsi demək deyil. Bu tədbir, bir qayda olaraq, mənzilin satılması, bağışlanması və ya başqa şəxsə özgəninkiləşdirilməsi üzərində məhdudiyyət yaradır. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, mülkiyyətçinin həmin evdə yaşamaq hüququ aradan qalxmır". Elnur Məmmədov əlavə edib ki, mülkiyyətçi evinə həbs qoyulması barədə qərardan şikayət etmək hüququna malikdir: "Əgər həbsin qanunsuz, əsassız və ya borcun məbləğinə münasibətdə qeyri-mütənasib olduğunu hesab edirsə, müvafiq prosessual qaydada məhkəməyə müraciət edə bilər. Həmçinin borc ödənildikdə, icraata xitam verildikdə və ya həbsin hüquqi əsası aradan qalxdıqda əmlak üzərindəki məhdudiyyətin götürülməsi tələb oluna bilər. Qeyd edim ki, vətəndaşın yeganə yaşayış sahəsi olması mənzilin bütün hallarda həbsdən qorunması demək deyil. Əgər mənzil borc öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilərsə, o zaman həmin mənzilin yeganə yaşayış yeri olması onun satılmasını əngəlləmir. Bununla belə, əmlaka həbs qoyulması ilə onun məcburi satışı fərqli hüquqi prosedurlardır və hər birinə qanunvericilikdə nəzərdə tutulmuş xüsusi şərtlər tətbiq edilir. Beləliklə, evə həbs qoyulması mülkiyyət hüququna qanuni məhdudiyyətdir, lakin bu tədbir özbaşına tətbiq edilə bilməz. Hər bir vətəndaş belə qərarın hüquqi əsaslarını öyrənmək, qanuniliyini mübahisələndirmək və pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiəsini tələb etmək hüququna malikdir". Fidan Hacızadə