YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

"İşçiyə təzyiq göstərir, hədələyir, məcbur ərizə yazdırır..."

İşçiyə təzyiq göstərir, hədələyir, məcbur ərizə yazdırır...

İş yerlərində bəzən işçilər müxtəlif təzyiqlərlə öz ərizələrini yazaraq işdən ayrılmağa məcbur edilirlər. Belə hallarda əməkdaşlar iş yerlərini öz istəkləri ilə tərk etmiş kimi görünsələr də, əslində qərar işəgötürənin təzyiqi nəticəsində verilir.

İşəgötürənin işçini öz xahişi ilə işdən çıxmaq barədə ərizə yazmağa məcbur etməsi qanunidir? İşçi belə təzyiqlə üzləşdikdə hansı hüquqlara malikdir və hüquqlarının müdafiəsi üçün hara müraciət etməlidir?

İnsan resursları üzrə menecer Röyal Əhmədov Demokrat.az-a açıqlamasında bildirib ki, işəgötürənin işçini öz xahişi ilə işdən çıxmaq barədə ərizə yazmağa məcbur etməsi qanuni deyil:

İşçiyə təzyiq göstərir, hədələyir, məcbur ərizə yazdırır...

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi yalnız qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla və müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Əgər işçi həqiqətən öz istəyi ilə, heç bir təzyiq olmadan işdən ayrılmaq istəyirsə, bu, onun qanuni hüququdur. Lakin işəgötürən işçiyə psixoloji təzyiq göstərir, hədələyir, əmək şəraitini qəsdən çətinləşdirir və ya müxtəlif vasitələrlə onu ərizə yazmağa məcbur edirsə, bu, əmək hüquqlarının pozulması hesab oluna bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən, işəgötürən tərəfindən zor tətbiq etməklə, hədə-qorxu gəlməklə və ya başqa üsullarla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə məcbur edilməsi qadağandır. İlk növbədə, işçi təzyiq altında ərizə yazmağa tələsməməlidir. Əgər artıq ərizə yazıbsa, lakin əmək müqaviləsinə hələ xitam verilməyibsə, qanunla müəyyən edilmiş şərtlər daxilində ərizəsini geri götürə bilər. Əgər işçi təzyiqə məruz qalıbsa, baş verən hadisələrlə bağlı sübutları toplaması vacibdir. Buraya işəgötürənlə yazışmalar, mesajlar, qanuni əldə edilmiş səs yazıları, şahid ifadələri və digər sənədlər daxil ola bilər".

Röyal Əhmədov əlavə edib ki, işçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər:

"Əgər əmək müqaviləsinə qanunsuz xitam verilibsə, işçi məhkəməyə müraciət edərək hüquqlarının bərpasını tələb edə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, qanunsuz xitam müəyyən edildikdə işçinin əvvəlki vəzifəsinə bərpası və məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi məsələsinə baxıla bilər. Fərdi əmək mübahisələri üzrə məhkəməyə müraciətdən əvvəl, bir qayda olaraq, ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Sonda qeyd etmək istəyirəm ki, işçinin ərizə yazaraq işdən ayrılması hər zaman onun həqiqətən öz istəyi ilə qərar verdiyini göstərmir. Əgər bu qərar təzyiq, hədə-qorxu və ya məcburiyyət nəticəsində qəbul edilibsə, həmin hal hüquqi müstəvidə mübahisələndirilə bilər".

Fidan Hacızadə

FH
Fidan Hacızadə
Müxbir