"Ən yüksək maaş alan şəxslərlə bağlı konkret tədqiqat aparılmayıb, amma məlumdur ki, ən yüksək gəlir dövlət qulluğunda, neft sektorunda, bank sahəsində və maliyyə institutlarında verilir. Təəssüf ki, bəzi hallarda elmi fəaliyyəti, təcrübəsi olmayan insanlar sadəcə uzun müddət haradasa işlədiklərinə və şəxsi münasibətlərə əsasən vəzifələrə təyin edilirlər. Hətta dəfələrlə işdən çıxarılan şəxslərin də adlarını müxtəlif qurumlarda görürük. Bir müddət sonra başqa vəzifəyə, özü də son vaxtlar geniş yayılan ifadə ilə desək, müşavir vəzifəsinə təyin olunurlar.
Bu sözləri Demokrat.az-a iqtisad elmləri doktoru, professor Zahid Məmmədov söyləyib.
Ən yüksək maaş alan sahələrin dövlət qulluğu, neft sektoru və bank sahəsi olduğunu qeyd edən professor bildirib ki, işə qəbul zamanı tanışlıqlar yox, bacarıqlar önə çıxmalıdır.
"Özünə məsləhət verə bilməyən, öz fəaliyyətini qiymətləndirə bilməyən insan başqalarına necə məsləhət verə bilər? Son vaxtlar müəyyən publik hüquqi şəxslərdə, idarə və qurumlarda 10-15 müşavirin olduğunu görürük. Bu, hansı prinsiplərə əsaslanır? Meritokratiya insanın bilik və qabiliyyətinə verilən dəyərin ölçüsüdür. Bəs həmin insanların doğrudanmı bu qədər biliyi var? Şirkətlərin, qurumların inkişafında hansı xidmətləri olub, hansı nəticələri əldə ediblər?
Jurnalistlər bəzən yazırlar ki, filan şəxs vəzifəyə təyin olundu. Ancaq həmin şəxsin təyin olunmazdan əvvəl hansı nəticələr əldə etdiyini də araşdırmalıyıq. Onun fəaliyyətində konkret nəticə olubmu? Çalışdığı hansı qurumu inkişaf etdirib? Xəbərlərdə bunlar da yer almalıdır. Əks halda, yalnız təyinat haqqında məlumat verməklə ictimai rəydə həmin şəxslər barədə müəyyən təsəvvür formalaşdırmış oluruq. Ciddi şəxsin və ciddi fəaliyyətin göstəricisi ortaya qoyulan nəticədir. Nəticəsi olmayan fəaliyyətin təriflənməsi isə reklam və bloqerlik fəaliyyətinə bənzəyir.
Bir dəfə konfrans çərçivəsində 25 milyard dollar aktivə malik şirkətlərin sahibi Dmitri Kamenşk ilə görüşümüz olub. Universitetlərdən birində keçirilən görüşdə o bir süpürgəçini göstərərək belə dedi: "Ey camaat, bilirsinizmi, bu gün sizin yanınızda çıxış edən şəxsin 20 il bundan qabaq bu şirkətdə süpürgəçisi olub, indi isə şirkətimizin baş direktorunun birinci müavinidir".
O bildirdi: "Mən öz şirkətimdə yetişdirdiyim adamı vəzifəyə qoyaram. Mənim üçün kənardan Harvard, Oksford və ya Stenford məzunu olması əsas deyil. Mənim şirkətimin dəyərləri var. Həmin dəyərlər əsasında yetişən insan bu vəzifəyə gələ bilər. Sədaqətli, şirkətin korporativ dəyərlərini anlaya bilən, idarəetmə sisteminə hörmət edən insan olmalıdır".
Bu, həqiqətən də, diqqətçəkən yanaşmadır. Həmin şəxs çıxışında özünün nazir və digər vəzifələrdə çalışdığını qeyd edərək bildirmişdi ki, şirkətə kənardan insan gətirməkdənsə, öz daxilində kadr yetişdirməyə üstünlük verir.
İnsan bir şirkətə gəlir, orada çalışır, sədaqət göstərir, illərini həmin təşkilata həsr edir. Ancaq bir gün işdən çıxarıldıqdan sonra əlində sənədlərlə kimdənsə işə düzəlmək üçün kömək istəyir. Bu, vaxtilə böyük zəhmət sərf etdiyi təşkilatın ona münasibətinin necə olduğunu göstərir.
Yəni şirkət və təşkilat daxilində uzun müddət çalışan insanın əməyinə qiymət verilməlidir. İnsan həyatının 30 ilini bir quruma həsr edir, amma karyerasında heç bir irəliləyiş olmur. Sual yaranır: Niyə bu insan yetişdirilməyib? Nə üçün olduğu yerdə qalıb? Bunun səbəbi nədir? Bəzən insanın özü də inkişaf etmir, üzərində işləmir. Ancaq elə hallar da var ki, bir şəxsin karyerası davamlı inkişaf etdiyi halda, digəri illərlə çalışmasına baxmayaraq, yerində sayır.
Onun bu məsələyə də cavabı var idi. O deyirdi ki, insanın əvvəlki vəzifəsi və haradasa çalışması əsas deyil. Əsas məsələ həmin dövrdə hansı fəaliyyəti göstərməsi, hansı nəticələri əldə etməsidir. Çalışdığı bankı və ya şirkəti inkişaf etdiribmi? Onu hansı vəziyyətdə təhvil verib? Əgər şirkət bağlanıbsa, onun nümayəndəsi kimi yenidən gündəmə gəlməsinin səbəbi nədir?
Artıq Türkiyədə vəzifəyə təyin olunan şəxslərin maliyyə vəziyyətinin yoxlanılması, bundan əvvəl çalışdıqları şirkət və təşkilatların fəaliyyətinə zərər vurub-vurmadıqlarının araşdırılması ilə bağlı yeni yanaşma tətbiq olunur. Mən də düşünürəm ki, belə bir sistem Azərbaycanda da olmalıdır. Əgər insan çalışdığı mühitdə şirkətin və ya təşkilatın fəaliyyətinə fayda verməyibsə, əksinə, zərər vurubsa, onun yenidən vəzifəyə təyin olunması məsələsi araşdırılmalıdır. Bu, mütləq yoxlanılmalıdır."


