Bakı Metropolitenindən istifadə zamanı sərnişinlər daşınan əl yüklərinin ölçülərinə və sayına diqqət yetirməlidirlər. Mövcud qaydalara əsasən, müəyyən ölçüləri aşan əl yüklərinin daşınması üçün əlavə gediş haqqı ödənilməlidir.
Demokrat.az xəbər verir ki, bu tələb "Bakı Metropolitenindən istifadə Qaydaları"nda əksini tapıb.
Qaydaların 2.2-ci bəndinə əsasən, uzunluq, en və hündürlük ölçülərinin cəmi 121 santimetrdən 200 santimetrə qədər olan hər bir əl yükü üçün ödəniş edilməlidir. Eyni zamanda, uzunluğu 151 santimetrdən 220 santimetrə qədər olan uzunölçülü əl yüklərinin daşınması da ödənişlidir.
Sənədin 2.3-cü bəndində əl yüklərinin daşınma qaydalarına da aydınlıq gətirilib. Bildirilib ki, əl yükü elə bükülməli, bağlanmalı və bərkidilməlidir ki, digər sərnişinlərə xəsarət yetirməsin.
Qaydaların 2.4-cü bəndinə görə, metroda daşınmasına icazə verilən əl yüklərinin sayı ikidən çox olmamalıdır. Bu tələb sərnişinlərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır.
Bundan başqa, qaydaların 2.5-ci bəndində ödənişsiz keçid hüququ olan şəxslərlə bağlı məsələ də öz əksini tapıb. Həmin bəndə əsasən, belə şəxslərə verilən sənəd gediş haqqı ödənilməli olan əl yükünü pulsuz daşımaq hüququ vermir.
Beləliklə, metrodan istifadə edən sərnişinlər əl yüklərinin ölçülərinə, sayına və daşınma şərtlərinə əməl etməli, ödəniş tələb olunan yüklər üçün müvafiq gediş haqqını ödəməlidirlər.


