Axtarış nəticələri

«Nuray Paşşanlı» sorğusu üzrə nəticələr

Bəzi şirkətlər qadınları bu səbəbdən işə götürmür — Açıqlama
Özəl

Bəzi şirkətlər qadınları bu səbəbdən işə götürmür — Açıqlama

İş yerlərində qadınların hüquqlarının qorunması və onlar üçün qanunla nəzərdə tutulan güzəştlərin təmin edilməsi əmək münasibətlərinin mühüm məsələlərindən biridir. Bəs Azərbaycanda çalışan qadınların hansı əlavə hüquqları və güzəştləri var, işəgötürən bu tələbləri pozduqda qadınlar hüquqlarını necə müdafiə edə və hara müraciət edə bilərlər? Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Əmək Məcəlləsində işçilər, o cümlədən əlilliyi olan şəxslər, 18 yaşına çatmamış şəxslər və qadınlar üçün müxtəlif güzəştlər nəzərdə tutulub. Onun sözlərinə görə, bu güzəştlərlə bağlı öhdəliklərin böyük hissəsi işəgötürənlərin üzərinə düşür: "Qadınlar üçün nəzərdə tutulan güzəştlərə baxmayaraq, onlara qarşı gizli ayrı-seçkilik mövcuddur və bu tendensiya artmaqda davam edir. Məsələn, ötən il kişilər üçün uşağın doğulması ilə əlaqədar 14 günlük ödənişli məzuniyyət nəzərdə tutulub. Bütün bunlar işəgötürənlər üçün müəyyən öhdəliklər yaradır. Nəticədə, bəzi işəgötürənlər qadınları işə götürmək istəmir, bəziləri isə onları işə götürsələr də, qanunla nəzərdə tutulan güzəştləri təmin edə bilmirlər və ya bunu etmirlər. Bir çox hallarda bu hüquqlar formal xarakter daşıyır. Əlbəttə, qanunla nəzərdə tutulan güzəştləri tam təmin edən iş yerləri də var. Qadınların qanunvericilikdə nəzərdə tutulan hüquq və güzəştləri kifayət qədər çoxdur. Bu hüquqlar pozulduqda onlar Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərlər. Həmçinin mediasiya prosesindən keçməklə məhkəməyə müraciət etmək mümkündür. Lakin seksual qısnama hallarında prosedur bir qədər fərqlidir və bu sahədə mexanizmlər kifayət qədər təkmil deyil. Bu istiqamətdə müəyyən təkmilləşdirmələrə ehtiyac var. Məhz buna görə də bu sahədə problemlər mövcuddur və qadınlar bəzən belə hallarla qarşılaşdıqda məcburən səssizcə iş yerlərini tərk etməli olurlar". Müəllif: Nuray Paşşanlı

Bugün 09:30
Azərbaycan üçün ən dözümlü maşın modelləri — Mercedes deyil...
Özəl

Azərbaycan üçün ən dözümlü maşın modelləri — "Mercedes" deyil...

Azərbaycanda avtomobil alarkən sürücülər yalnız maşının qiymətinə və görünüşünə deyil, onun etibarlılığına, yanacaq sərfiyyatına və təmir xərclərinə də diqqət yetirirlər. Bəzi avtomobillər uzun illər ciddi nasazlıq olmadan istifadə edilə bildiyi halda, digərləri tez-tez ustaya müraciət etməyə və əlavə xərc çəkməyə səbəb olur. Bəs Azərbaycanda hansı avtomobillər uzunömürlülüyü ilə seçilir, hansı model və mühərriklərdən uzaq durmaq məsləhətdir? Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında deyib ki, əvvəllər Azərbaycanda uzunömürlü və dözümlü avtomobillər dedikdə, əsasən, Almaniya istehsalı olan Mercedes-Benz modelləri, müəyyən qədər isə BMW avtomobilləri ön plana çıxırdı. Onun sözlərinə görə, ekoloji tələblər və yeni texnologiyalar səbəbindən Mercedes-Benz avtomobillərində də əvvəlki mühərrik və transmissiya keyfiyyəti artıq qalmayıb: "Avro-7 kimi ekoloji standartlar atmosferə atılan tullantıların miqdarının azaldılmasını tələb edir. Bu isə istehsalçıların işini çətinləşdirir. Çünki avtomobilin çəkisin əhəmiyyətli dərəcədə dəyişmək mümkün deyil və istehsalçılar bir sıra məhdudiyyətləri nəzərə almaqla tullantıları minimuma endirməyə çalışırlar. Bu gün nə Mercedes-Benz, nə BMW, nə də başqa markalar haqqında əvvəlki uzunömürlülüyə malik olduqlarını əminliklə deyə bilərik. Vaxtilə bu avtomobillər uzunömürlü mühərrikləri və yüksək dözümlülüyü ilə seçilirdi. Həmin dövr artıq arxada qalıb. Nisbətən yaxın dövrə nəzər salsaq, bir vaxtlar taksi sektorunda geniş istifadə olunan Toyota Prius modellərini nümunə göstərə bilərik. Texniki baxımdan bu avtomobillər ən dözümlü modellərdən biri idi. İllərlə ağır istismar şəraitində istifadə olunmalarına baxmayaraq, hələ də yollarda hərəkət edirlər və nisbətən az xərc tələb edirlər. Bu avtomobillərin transmissiyaları və hibrid mühərrikləri özünü yaxşı tərəfdən göstərib. Lakin avtomobil parkı və tələblər dəyişir. Məsələn, bu gün xaricdən gətirilən avtomobillərin yaşına dair məhdudiyyətlər mövcuddur. Buna görə də əvvəlki kimi etibarlı modelləri tapmaq çətinləşir. Alıcılar elektrikli və hibrid avtomobillərə də nəzər salmalı olurlar. Ancaq onların da müxtəlif versiyaları var. Məsələn, Toyota Prius modellərində istifadə olunan planetar quruluşlu CVT transmissiyalı avtomobillər düzgün qulluq edildikdə uzun müddət işləyə bilər. Prius-un 50-ci nəsil kuzovlu və daha yeni modelləri də mövcuddur. Təbii ki, alıcıların seçimləri fərqlidir və bəziləri daha fərqli dizayna üstünlük verirlər. Bu gün avtomobilləri yalnız marka və model üzrə qiymətləndirmək düzgün deyil. İlk növbədə, benzin, dizel, hibrid, qoşulan hibrid (plug-in hibrid) və elektrikli avtomobilləri ayrı-ayrılıqda nəzərdən keçirmək lazımdır. Bu kateqoriyaların hər birində müəyyən seçimlər etmək mümkündür. Əvvəllər avtomobil istehsalçıları arasında keyfiyyət uğrunda rəqabət gedirdi. Təəssüf ki, bu gün yanaşma dəyişib. İstehsalçılar müştəriləri öz markalarına bağlamağa çalışırlar. Avtomobil getdikcə smartfona bənzəyir. İnsanlar onu alır, beş-yeddi il istifadə edir, sonra isə yenisi ilə əvəz etməyi düşünürlər. Çünki avtomobilin bazar dəyəri zaman keçdikcə xeyli azalır, eyni zamanda daha yeni texnologiyalara malik modellər bazara çıxır. Artıq insanlar avtomobil alarkən onu 20 il istifadə etmək üçün deyil, bir neçə ildən sonra daha yeni modellə əvəzləmək üçün də seçim edirlər". Müəllif: Nuray Paşşanlı

Bugün 08:30
Türkiyəli general Ərdoğanın Azərbaycana qarşı olan baş müşavirindən danışdı
Özəl

Türkiyəli general Ərdoğanın Azərbaycana qarşı olan baş müşavirindən danışdı

"Qardaşlıq heç bir şərt və vəziyyətdə dəyişməz. Azərbaycanla Türkiyə arasında bu cür ifadələrin işlədilməsi, bu cür açıqlamaların səsləndirilməsi heç də xoş deyil. İki ölkə arasında münasibətlərə kölgə salacaq, qardaşlıq əlaqələrinə xələl gətirəcək hər hansı açıqlamadan uzaq durmaq lazımdır. Bu məsələdə Oqtay Saralın hansı vəzifəni tutmasının fərqi yoxdur. İstər dövlətin yüksək vəzifəli şəxsləri, istərsə də dövlət başçısının müşavirləri və digər nümayəndələri olsun, hər kəs səsləndirdiyi fikirlərə görə məsuliyyət daşımalıdır. Azərbaycan və Türkiyə, bir millət, iki dövlət prinsipi əsasında münasibətlər quran iki qardaş ölkə arasında qarşılıqlı hörmətə zidd olan, münasibətləri gərginləşdirə biləcək açıqlamalar yolverilməzdir". Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyəli general Kürşat Atılqan deyib. Onun sözlərinə görə, bu cür açıqlamaları müsbət hal kimi qiymətləndirmək olmaz: "Eyni zamanda, həmin fikirləri səsləndirən şəxslərin mövqeyini bütövlükdə dövlətin və hökumətin mövqeyi kimi qəbul etmək düzgün deyil. Bunu həmin şəxslərin öz fikirləri olduğu və hökumətin bu istiqamətdə belə bir mövqeyinin olmadığı mesajı kimi dəyərləndirmək lazımdır. Hər kəs Azərbaycanla Türkiyə arasındakı münasibətlərin əhəmiyyətini nəzərə almalı, iki ölkənin əlaqələrinə zərər verə biləcək ifadələrdən və davranışlardan çəkinməlidir. Çünki Azərbaycanla Türkiyə arasında münasibətlər sadəcə iki dövlət arasındakı siyasi əlaqələrdən ibarət deyil. Bu münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil və xalqlarımızın bir-birinə olan qardaşlıq sevgisi dayanır. Buna görə də həmin münasibətlərə kölgə salacaq hər hansı açıqlamaya yol vermək olmaz. İki ölkənin bir-birinə olan hörməti və etimadı qorunmalı, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün hər kəs məsuliyyətli davranmalıdır". Nuray Paşşanlı

26 oktyabr 2026 17:25
Xəzərdəki köpüklər ekoloji təhlükənin siqnalıdır? — Açıqlama
Özəl

Xəzərdəki köpüklər ekoloji təhlükənin siqnalıdır? — Açıqlama

Xəzər dənizində sahilə yaxın ərazilərdə suyun köpüklənməsi ictimaiyyətin diqqətini çəkib və dənizin ekoloji vəziyyəti ilə bağlı narahatlıqları artırıb. Bu halın hansı səbəblərdən yarandığı, suyun çirklənməsi ilə əlaqəli olub-olmadığı maraq doğurur. Bəs Xəzərdə yaranan köpüklər hansı təhlükələrdən xəbər verə bilər və bu, dəniz ekosisteminə nə dərəcədə təsir göstərir? Ekoloq Qorxmaz İbrahimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında söyləyib ki, dənizlərdə köpüklənmə müxtəlif səbəblərdən yarana bilər. Onun sözlərinə görə, bu səbəblərdən biri suyun çirklənməsidir: "Xüsusilə həddindən artıq çirklənmiş dənizlərdə müşahidə olunan köpüklənmə ətraf mühitin qorunmasının və su hövzələrinin təmiz saxlanılmasının vacibliyini göstərir. Xəzər dənizində sahilə yaxın ərazilərdə müşahidə olunan köpüklənməyə gəlincə, bu halın çirklənmə ilə əlaqəli olması ehtimalı var. Hazırda mövzu sosial şəbəkələrdə geniş müzakirə olunsa da, yayılan görüntülər və şərhlər əsasında qəti nəticəyə gəlmək düzgün deyil. Çünki dənizdə köpüklənmə yalnız çirklənmə nəticəsində deyil, sualtı axınların təsiri ilə də yarana bilər. Bu zaman köpüklənmə müvəqqəti xarakter daşıyır. Xəzər dənizində çirklənmə səviyyəsi kifayət qədər yüksəkdir və müşahidə olunan köpüklənmənin bununla bağlı olması mümkündür. Çirklənmə nəticəsində yaranan köpüklənmə isə dəniz canlılarına və ümumilikdə ekosistemə ciddi zərər vura bilər. Buna görə də dənizin çirklənməsinin qarşısının alınması, su hövzələrinin təmiz saxlanılması və ekoloji vəziyyətin qorunması xüsusi əhəmiyyət daşıyır". Mövzu ilə bağlı sayıtmıza açıqlama verən ekoloq Ənvər Əliyev isə bildirib ki, dənizin dayaz hissələrində suyun köpüklənməsi təbii haldır və bu, dənizdə suyun səviyyəsindən, dib relyefindən və sürtünmədən asılı olaraq baş verə bilər. Onun sözlərinə görə, suyun dərinliyi azaldıqca köpüklənmə daha çox müşahidə olunur: "Bu hal dənizin müxtəlif dövrlərində, o cümlədən suyun səviyyəsinin yüksək olduğu vaxtlarda da dayaz ərazilərdə qeydə alına bilər. Suyun köpüklənməsini hər zaman təhlükəli vəziyyət kimi qiymətləndirmək düzgün deyil. Bu məsələ ilə bağlı narahatlığın bir hissəsi psixoloji xarakter daşıyır və köpüklənmənin özü mütləq təhlükənin göstəricisi deyil. Bununla belə, suyun köpüklənməsinin səbəbini yalnız xarici görünüşə əsasən müəyyən etmək mümkün deyil". Nuray Paşşanlı

26 oktyabr 2026 17:00
Müşfiq Abbasov: Kriminal aləmdə ədalətdən söhbət gedə bilməz
Özəl

Müşfiq Abbasov: Kriminal aləmdə ədalətdən söhbət gedə bilməz

"Azərbaycan dövləti, xüsusilə Daxili İşlər Nazirliyi kriminal aləmə qarşı həm maarifləndirmə işi aparır, həm də sərt mübarizə tədbirləri həyata keçirir. Azərbaycanda kriminal aləmə meyilli şəxslər var, bu, zaman-zaman olub və bundan sonra da olacaq. Sadəcə, orta məktəbin yuxarı siniflərində oxuyan şagirdlər arasında da belə təbliğata meyil göstərənlərə rast gəlinir. Bu isə, əsasən, orta məktəblərdə maarifləndirmə işinin zəif aparılması ilə bağlıdır. Orta məktəbin yuxarı siniflərində, məsələn, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət qanunvericiliyi şagirdlərə ümumi şəkildə də olsa, öyrədilməli, onlara izah olunmalıdır ki, Azərbaycan hüquqi dövlətdir və burada heç kim özbaşına qayda-qanun müəyyən edə bilməz. Qanunları dövlət müəyyən edir və istər kriminal aləmin nümayəndələri, istərsə də sadə vətəndaşlar olsun, hər kəs həmin qanunlara riayət etməlidir". Bu fikirləri Demokrat.az-a açıqlamasında hüquqşünas və detektiv yazıçısı Müşfiq Abbasov deyib. Onun sözlərinə görə, heç kim özündən qanun çıxara və hansısa məsələnin ədalətlə yalnız öz bildiyi şəkildə həll olunmalı olduğunu iddia edə bilməz: "Kriminal aləmdə ədalətdən söhbət gedə bilməz. Ədaləti təmin edən dövlət orqanları, hüquq-mühafizə orqanları və məhkəmələrdir. Təəssüf ki, Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfərin həbs edildiyi hadisədə iştirak edən şəxslərin əksəriyyəti əvvəllər məhkum olunmuş insanlardır. Yəni onlar vaxtilə cəza çəkiblər. Bu da göstərir ki, Azərbaycanda bəzi hallarda cəza çəkmiş şəxslərin cəmiyyətə reinteqrasiyası lazımi səviyyədə həyata keçirilmir və həmin şəxslər yenidən cinayət törədirlər. İlk növbədə, maarifləndirmə işini gücləndirmək lazımdır. Bununla yanaşı, cəzaçəkmə müəssisələrindən azadlığa çıxan şəxslərin sosial təminatı, işlə təmin olunması və digər məsələlər də müvafiq qurumlar tərəfindən həll edilməlidir. Hazırda hadisə ilə bağlı cinayət işi başlanıb və istintaq aparılır. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlamalar veriblər. İki nəfər qəsdən adam öldürmə cinayətinə görə məsuliyyətə cəlb olunub. Digər şəxslərin də əməllərində cinayət tərkibi müəyyən edilərsə, onlara, ehtimal ki, qrup halında xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyaların tətbiqi ilə xuliqanlıq və digər maddələrlə ittiham verilə bilər. İstintaqın nəticəsində hər kəsin əməlinə hüquqi qiymət veriləcək. Əslində, bəzi media orqanlarının bu mövzuda təbliğat üsulu da düzgün deyil. Məsələn, bəzi saytların xəbər başlıqlarına baxanda "Sabunçu Emini", "Xırdalanlı filankəs" kimi ifadələrə rast gəlirik. Həmin şəxslərin ləqəblərlə təqdim olunması medianın düzgün yanaşması deyil. Xəbərlərdə şəxslərin adı və soyadı göstərilməlidir. Onların özlərinə götürdükləri ləqəbləri niyə mediada xüsusi şəkildə qabardırıq? Belə təqdimat bəzi gənclərdə maraq yarada bilər: "Bu, Sabunçu Emin kimdir? Niyə ona belə deyirlər?" Buna görə də media xəbər başlıqlarını seçərkən və ifadələrdən istifadə edərkən xüsusilə ehtiyatlı olmalıdır. Xəbərlər maarifləndirməyə yönəlməli, cinayət əməlləri isə pislənməlidir. Media orqanları "qanun oğruları", "kriminal aləm" kimi ifadələrin istifadəsinə də yenidən baxmalı, bu şəxsləri cinayətkar qrupların üzvləri kimi təqdim etməlidirlər. Bunlar cinayət törətməkdə ittiham olunan və ya müvafiq qaydada təqsiri müəyyən edilmiş şəxslərdir. Hər bir halda hüquqi status düzgün göstərilməlidir. Həmin hadisəyə baxanda insan təəssüflənir. Orada kənar şəxslər, uşaqlar, qadınlar və digər insanlar ola bilərdi. Onlar xəsarət ala bilərdilər. Belə qruplaşmalara qarşı Daxili İşlər Nazirliyi mübarizəni davam etdirməlidir. Hadisədən sonra hüquq-mühafizə orqanlarının operativ reaksiyası və şübhəli şəxslərin qısa müddətdə müəyyən edilməsi bunu göstərir. Qısa müddətdə 11 nəfərin saxlanılması dövlətin bu məsələyə ciddi yanaşdığını göstərir. Dövlət, xüsusilə Daxili İşlər Nazirliyi, bu mübarizədə geri çəkilməyəcək və həmin şəxslərə qarşı qanun çərçivəsində ciddi tədbirlər görəcək. Həmin şəxslərin saxlanılması və məhkəməyə gətirilməsi görüntülərinin ictimaiyyətə təqdim olunması da gənclərə müəyyən mesaj verir, yəni cinayətkar həyat tərzinin sonu belə ola bilər, məhkəmə qarşısında cavab verməli olurlar. Ümumiyyətlə, media da bu məsələlərə tənqidi yanaşmalı, cinayət əməllərinin nəticələrini cəmiyyətə düzgün çatdırmalıdır". Nuray Paşşanlı

26 oktyabr 2026 15:35
Dəfn müavinəti: Kimə 600, kimə 960 manat verilir? — Rəsmi
Özəl

Dəfn müavinəti: Kimə 600, kimə 960 manat verilir? — Rəsmi

Azərbaycanda vəfat edən şəxsin dəfni ilə bağlı xərcləri qarşılamaq üçün birdəfəlik müavinət nəzərdə tutulub. Lakin bu ödəniş hər vəfat edən şəxsin ailəsinə verilmir və müəyyən şərtlər əsasında təyin olunur. Bəs dəfn müavinəti kimlərə düşür, hansı hallarda ödənişdən imtina edilə bilər və bu hüquqdan yararlanmaq üçün hansı tələblər yerinə yetirilməlidir? Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, qanunvericiliyin tələblərinə görə dəfn üçün birədəfəlik müavinət Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Onun sözlərinə görə, dövlət qulluqçularından ömürlük müavinət təyin edilmişlər şəxslər, yaşa görə müavinət alanlar, əlilliyə görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, işsizlikdən sığorta ödənişini alan şəxslər, hazırda işləyən şəxslər sığortaolunanlar vəfat etdikdə onların dəfn xərcini çəkmiş şəxslərə 600 manat məbləğində dəfn üçün birdəfəlik müavinət ödənilir: "Əmək pensiyaçıları isə vəfat etdikdə onun dəfn xərcini çəkmiş şəxsə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin (hazırda 320 manat) üç misli məbləğində (hazırda 960 manat) dəfn üçün müavinət verilir. Dəfn üçün birdəfəlik müavinət müraciət tarixindən asılı olmayaraq, vəfat etmiş şəxsin vəfat etdiyi tarixdə həmin sosial ödəniş üzrə müəyyən edilmiş məbləğlərə uyğun olaraq ödənilir". Nuray Paşşanlı

26 oktyabr 2026 15:30
Qonşu ölkələrlə müqayisədə Azərbaycanda bu məsələ nəzarət altındadır
Özəl

"Qonşu ölkələrlə müqayisədə Azərbaycanda bu məsələ nəzarət altındadır"

"Ölkəmizdə kriminogen vəziyyətin ürəkaçan olmadığını düşünmürəm. Azərbaycanın hüquq-mühafizə orqanları istər Daxili İşlər Nazirliyi, istər Dövlət Təhlükəsizliyi Xidməti, istərsə də prokurorluq orqanları qanunçuluğun keşiyində dururlar. Baş verən hadisələrə dərhal operativ reaksiya verərək cinayətkarları ifşa edir və istintaq orqanlarına təhvil verirlər. Bu halda da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində iki nəfər həbs edildi. Digər şəxslər isə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal saxlanılaraq istintaq orqanlarına təhvil verildilər. Bu, hüquq-mühafizə orqanlarının operativ işlədiyini, cinayətkarlığın qarşısının alınması və cinayətkarların vaxtında aşkar edilərək tapılması istiqamətində kifayət qədər peşəkar fəaliyyət göstərdiyini göstərir". Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. Onun sözlərinə görə, ölkədə kriminogen durumun, kriminal aləmlə əlaqəli şəxslərin və onların ləqəblərinin çoxluğu məsələsinə gəlincə, 20-30 il əvvəllə müqayisədə hazırda iki-üç nəfərdən ibarət dəstələrin və ya mütəşəkkil qrupların sayı xeyli azdır: "Bu da təbiidir, çünki belə hallar hər bir cəmiyyətdə mövcuddur. Qonşu ölkələrlə, xüsusilə Rusiya ilə müqayisə aparsaq, Azərbaycanda bu məsələ kifayət qədər normal tənzimlənir və nəzarət altındadır. Kriminal dəstələrin sayı da nisbətən azdır.Amma belə dəstələr yenə də var. Çünki burada insan amili və müxtəlif səbəblər rol oynayır. İşləmək istəməyən, asan yolla pul qazanmağa çalışan, mübahisələri həll etmək adı ilə tərəflərdən müəyyən məbləğdə pul əldə etməyə cəhd göstərən şəxslər və kriminal qruplar var. Kriminal aləmdəki şəxslərin liderlərinə müəyyən titulların verilməsi, adlarının dillərə düşməsi və onların obrazlarının guya gənclər tərəfindən rəğbətlə qarşılanmasına gəlincə, vəziyyət heç də belə deyil. Bugünkü gənclərimiz tamamilə fərqlidirlər. Xüsusilə 44 günlük müharibədən sonra gənclərimizin Vətənə sevgisinin bir daha şahidi olduq. Onların gündəlik həyatda fəaliyyətlərini də izləyir və görürük. Bununla belə, ayrı-ayrı hallarda bəzi gənclərin kriminal aləmin təsiri altına düşməsi də mümkündür. Ona görə də hesab edirəm ki, müəyyən hüquqi və sosial boşluqları müəyyənləşdirmək lazımdır. Hüquqi baxımdan boşluq görmürəm, amma sosial boşluqlar var. Məsələn, işsizlik səbəbindən bəzi insanlar avara həyat tərzi keçirən şəxslərin, cinayətkar qrupların və ya narkotik vasitələrdən istifadə edən dəstələrin təsiri altına düşə bilirlər. Sosial problemlər, xüsusilə işsizlik həm ali təhsilli, həm də ali təhsili olmayan şəxslər arasında özünü göstərir. İnsanlar ailələrini dolandırmaq üçün çalışsalar da, normal iş tapa bilmədikdə və istədikləri nəticəni əldə edə bilmədikdə, bəziləri bu boşluğun təsiri altına düşərək müəyyən dəstələrin və qrupların əhatəsinə daxil olurlar. Nəticədə onların sonrakı davranışlarında qanun pozuntuları müşahidə oluna bilər. İdeoloji təbliğat da mühüm məsələdir. Azərbaycanda Gənclər Günü qeyd olunur, gənclərə dəstək göstərilir. Lakin hesab edirəm ki, bu dəstək kifayət qədər deyil. Televiziyalarda milli-mənəvi dəyərlərə zidd olan, əxlaqi baxımdan mənfi nümunə hesab edilən şəxslərin müəyyən verilişlər aparmasının qarşısının alınmasını arzulayıram. Belə verilişlərin bir qismi artıq bağlanıb. Qalanlarına da nəzarət edilməli və zərurət yarandıqda onların yayımı dayandırılmalıdır. Geyimləri, davranışları və savadsızlıqları ilə telekanallarda insanlara nümunə olmağa çalışan şəxslər gənclərin tərbiyəsinə mənfi təsir göstərə bilərlər. Bu cür verilişlərin əvəzinə televiziyalarda gənclərin ideoloji cəhətdən maariflənməsinə, milli adət-ənənələri mənimsəməsinə və əxlaqi dəyərlərə üstünlük verməsinə xidmət edən proqramların sayı artırılmalıdır. Vətəndaş cəmiyyəti nümayəndələri olaraq biz də gənclərin davranışlarına və gələcəyinə yönəlmiş layihələr həyata keçirməli, müxtəlif tədbirlər təşkil etməliyik. Kriminal həyatın ağır nəticələrini, bu həyat tərzinin həm həmin şəxslərin özləri, həm də ailələri və valideynləri üçün hansı fəsadlara səbəb ola biləcəyini göstərən sosial çarxlar, filmlər və verilişlər hazırlanmalı, tədbirlər təşkil edilməli və bunlar gənclər arasında yayılmalıdır. Təbii ki, bu məsələdə dövlətin dəstəyinə ehtiyac var. Dövlət həm qeyri-hökumət təşkilatlarının, həm də bu cür layihə və ideyaların müəlliflərinin yanında olmalı, onlara dəstək verməlidir. Mediaya gəlincə, sağlam media hər zaman müsbət nümunələri təbliğ etməlidir. Bununla belə, hesab edirəm ki, mediada da müəyyən boşluqlar var. Məsələn, hadisəni kimin törətdiyi hələ məlum olmadan onun dərhal millət vəkili Arzuxanın oğlu tərəfindən törədildiyi və ya "Arzuxan Əlizadənin oğlu qətl törətdi" kimi başlıqlarla təqdim edilməsi yolverilməz idi. Hadisə baş verib və hər kəs öz əməlinə görə cavab verməlidir. Lakin qısa müddət sonra məlum oldu ki, qətli törədən şəxslər başqalarıdır. Qətldə iştiraklarına görə iki nəfər həbs edildi, digər şəxslər də hadisədə iştirak etdiklərinə görə saxlanıldılar.Media da saf və sağlam olmalı, həqiqəti olduğu kimi təqdim etməli, düzgün məlumat yaymalı, sifarişli və qərəzli yazılardan uzaq durmalıdır. Bununla belə, ümumilikdə medianın Azərbaycan gəncliyinin formalaşmasında və sağlam böyüməsində rolunu müsbət qiymətləndirirəm". Nuray Paşşanlı

26 oktyabr 2026 14:00
Bir iki-aya bu məhsulların qiyməti cib yandıracaq — Açıqlama
Özəl

Bir iki-aya bu məhsulların qiyməti "cib yandıracaq" — Açıqlama

Qış aylarında ərzaq məhsullarının qiymətində baş verən dəyişikliklər alıcıların xərclərinə birbaşa təsir edir. Xüsusilə mövsümi məhsulların bahalaşması, bəzi ərzaqların idxaldan asılılığı və tədarük xərclərinin artması bazar və marketlərdə qiymət artımına səbəb ola bilər. Bəs bu qış hansı ərzaq məhsulları daha çox bahalaşa bilər və qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, qış mövsümündə ərzaq bazarında qiymət dəyişiklikləri əsasən istehsal xərcləri, məhsul təklifi və idxal amilləri ilə bağlı olacaq. Onun sözlərinə görə, soyuq havaların təsiri ilə bəzi kənd təsərrüfatı məhsullarının istehsal həcminin azalması, istixanalarda xərclərin yüksəlməsi və daşınma məsrəflərinin artması ayrı-ayrı ərzaq məhsullarının bahalaşmasına zəmin yarada bilər: "Bununla belə, qiymətlərin hansı səviyyədə dəyişəcəyini yalnız mövsümlə əlaqələndirmək düzgün deyil. Burada bazarın mövcud vəziyyəti, məhsul ehtiyatları və istehlakçı tələbi də mühüm rol oynayır. İqtisadi baxımdan qış aylarında qiymət artımı riski daha çox təzə tərəvəz məhsulları üzrə müşahidə oluna bilər. Pomidor, xiyar, bibər və digər tərəvəzlərin açıq sahələrdə istehsalı məhdudlaşdıqca bazarın istixana məhsullarından və idxaldan asılılığı arta bilər. İstixanalarda istilik və elektrik enerjisi xərclərinin yüksək olması isə məhsulun maya dəyərinə birbaşa təsir göstərir. İstehsalçının üzləşdiyi əlavə xərclər satış qiymətlərində əks olunduqda bu, istehlakçının gündəlik ərzaq xərclərinin artmasına səbəb ola bilər. Meyvə bazarında vəziyyət məhsulun növündən və mövcud ehtiyatlardan asılı olacaq. Mövsümi yığım başa çatdıqdan sonra bazara daxil olan məhsulun həcmi azalarsa, xüsusilə saxlanma müddəti məhdud olan meyvələrdə qiymət artımı mümkündür. Digər tərəfdən, əvvəlki mövsümdən kifayət qədər ehtiyatın yaradılması və məhsulların düzgün şəraitdə saxlanılması bahalaşmanın qarşısını qismən ala bilər. Bu səbəbdən qiymət dinamikasını qiymətləndirərkən yalnız istehsal həcminə deyil, məhsulun nə qədərinin itkisiz saxlanılaraq satışa çıxarıldığına da diqqət yetirilməlidir. Ət və süd məhsulları üzrə qiymət dəyişikliklərini isə fərqli amillər müəyyən edir. Heyvandarlıqda yem, baytarlıq xidməti, əmək, enerji və daşınma xərcləri istehsalın maya dəyərinin əsas hissəsini təşkil edir. Qışda yem tədarükü ilə bağlı xərclərin yüksəlməsi istehsalçılar üzərində əlavə maliyyə yükü yarada bilər. Lakin bu xərclərin artmasının satış qiymətlərinə nə dərəcədə təsir edəcəyi bazardakı rəqabətdən, məhsul təklifindən və alıcılıq qabiliyyətindən asılıdır. Buna görə də bütün heyvandarlıq məhsulları üzrə eyni səviyyədə bahalaşma gözləmək üçün əsas yoxdur. Qiymətlərin formalaşmasında idxal amilinin də xüsusi əhəmiyyəti var. Yerli istehsalın bazar tələbatını tam ödəmədiyi dövrlərdə xaricdən gətirilən məhsulların payı artır. Belə şəraitdə beynəlxalq bazarlarda qiymətlərin dəyişməsi, nəqliyyat və logistika xərcləri, eləcə də tədarükçü ölkələrdə yaranan problemlər daxili bazara təsir göstərə bilər. İdxal mənbələrinin müxtəlifliyi isə təchizatda fasilələrin yaranması riskini azaldaraq bazarda məhsul qıtlığının qarşısını almağa kömək edə bilər. Düşünürəm ki, ərzaq qiymətlərinin sabitləşdirilməsi məsələsinə yalnız bahalaşma baş verdikdən sonra müdaxilə etmək prizmasından yanaşmaq düzgün deyil. Əsas məqsəd qiymət artımına səbəb olan struktur problemlərini əvvəlcədən aradan qaldırmaq olmalıdır. Bunun üçün yerli istehsalın mövsümlər üzrə planlaşdırılması, fermerlərin maliyyə və texniki imkanlarının genişləndirilməsi, məhsul itkilərinin azaldılması və saxlama infrastrukturunun inkişafı vacibdir. Xüsusilə kənd təsərrüfatı məhsullarının saxlanması üçün müasir anbarların imkanlarının artırılması mühüm iqtisadi nəticələr verə bilər. Məhsulun yığım dövründə bazara həddindən artıq həcmdə daxil olması qiymətlərin aşağı düşməsinə, sonrakı aylarda təklifin azalması isə əks istiqamətdə dəyişikliklərə səbəb ola bilər. Saxlama imkanlarının genişləndirilməsi məhsulun bazara çıxarılmasını zamana görə daha düzgün bölüşdürməyə və mövsümi qiymət dalğalanmalarını yumşaltmağa şərait yaradır. Bununla yanaşı, kənd təsərrüfatında istehsal xərclərinin azaldılması istiqamətində tədbirlər də əhəmiyyətlidir. İstixanalarda enerji səmərəliliyinin yüksəldilməsi, suvarma sistemlərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və məhsuldarlığın artırılması istehsalın maya dəyərinə müsbət təsir göstərə bilər. Eyni zamanda, fermerlərin bazara birbaşa çıxış imkanlarının genişləndirilməsi vasitəçilik və əlavə logistika xərclərinin azaldılmasına kömək edə bilər. Digər mühüm məsələ bazarda qiymətlərin formalaşmasına nəzarət və rəqabət mühitinin qorunmasıdır. Qiymət artımlarının səbəbləri araşdırılarkən istehsalçı, topdansatış və pərakəndə satış mərhələləri ayrı-ayrılıqda qiymətləndirilməlidir. Çünki bəzi hallarda qiymət artımı məhsul qıtlığından, digər hallarda isə daşınma, saxlanma və satış xərclərindən qaynaqlana bilər. Səbəblər düzgün müəyyənləşdirildikdə daha məqsədyönlü iqtisadi tədbirlər həyata keçirmək mümkün olur. Ümumilikdə, qarşıdakı qış mövsümündə qiymət artımı riski daha çox istehsalı mövsümi şəraitdən asılı olan tərəvəzlərdə və təklifi azalan bəzi meyvələrdə yarana bilər. Ət və süd məhsullarında isə qiymətlərin istiqaməti əsasən istehsal xərclərinin, yem təminatının və bazar təklifinin dəyişməsindən asılı olacaq. Bununla belə, konkret məhsullar üzrə mütləq bahalaşma proqnozu vermək düzgün olmaz. Dəqiq qiymətləndirmə üçün məhsul ehtiyatları, istehsal göstəriciləri və bazardakı cari qiymətlər birlikdə təhlil edilməlidir. Əsas məsələ ondan ibarətdir ki, ərzaq bazarında sabitlik yalnız qiymətləri inzibati üsullarla məhdudlaşdırmaqla təmin edilə bilməz. Davamlı nəticə əldə etmək üçün istehsalın artırılması, rəqabətin gücləndirilməsi, itkilərin azaldılması və təchizat zəncirinin səmərəliliyinin yüksəldilməsi vacibdir. Bu istiqamətdə ardıcıl addımlar atılarsa, həm mövsümi bahalaşmanın təsirini azaltmaq, həm də əhalinin ərzaq məhsullarına əlçatanlığını qorumaq mümkün olar". Nuray Paşşanlı

26 oktyabr 2026 13:00
Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
Siyasət

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesablarında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovu 80 illiyi münasibətilə təbrik edib. Demokrat.az xəbər verir ki, mətndə deyilir: "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur. Hörmətli Fərhad müəllim! Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun! Dərin hörmət və sevgilərlə, MEHRİBAN" Nuray Paşşanlı

26 oktyabr 2026 12:36
ATTA-nın İdarə Heyətinin iclası macəra turizmi üzrə dünya liderlərini Kapadokiyada bir araya gətirdi – FOTOLAR
Turizm

ATTA-nın İdarə Heyətinin iclası macəra turizmi üzrə dünya liderlərini Kapadokiyada bir araya gətirdi – FOTOLAR

Füsunkar mənzərələri, zəngin mədəni irsi və özünəməxsus səyahət imkanları ilə Türkiyənin müxtəlif bölgələri beynəlxalq təşkilatların illik toplantıları və görüşləri üçün cəlbedici məkanlar kimi seçilir. Fərqli tədbir məkanları və yüksək qonaqpərvərlik ənənələri bu təcrübəni daha da zənginləşdirir. Məhz bu üstünlüklər dünyanın ən böyük macəra turizmi şəbəkəsi olan Adventure Travel Trade Association (ATTA) – Macəra Turizmi üzrə Ticarət Assosiasiyasının 16–19 oktyabr tarixlərində İdarə Heyətinin iclasını keçirmək üçün dünyaca məşhur Kapadokiya bölgəsini seçməsinə səbəb olub. Demokrat.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, Türkiyə Turizmin Təşviqi və İnkişafı Agentliyinin (TGA) ev sahibliyi və Türk Hava Yollarının dəstəyi ilə təşkil olunan yüksək səviyyəli tədbirdə ATTA-nın İdarə Heyətinin üzvləri, rəhbər şəxslər və beynəlxalq turizm sənayesinin aparıcı nümayəndələri bir araya gəlib. Möhtəşəm təbiət mənzərələri və müxtəlif açıq hava fəaliyyətləri ilə seçilən Kapadokiya macəra turizminin ruhunu əks etdirən ideal məkan kimi diqqət çəkib. Kapadokiya yalnız füsunkar pəri bacaları ilə deyil, həm də bölgəni kəşf etmək üçün təqdim etdiyi rəngarəng imkanlarla seçilir. Vulkanik vadilərin üzərində isti hava şarı ilə uçuşlardan velosiped turlarına, mənzərəli yürüşlərdən ənənəvi at gəzintilərinə qədər müxtəlif təcrübələr ziyarətçilərə unudulmaz anlar yaşadır. Qaya içərisində yaradılmış, özünəməxsus atmosferə malik mağara otelləri və geniş vadi mənzərələrinə açılan fərqli tədbir məkanları isə bölgənin cəlbediciliyini daha da artırır. Bütün bunlar Kapadokiyanı rəhbər şəxslərin işgüzar görüşləri və korporativ istirahət proqramları üçün də ilhamverici məkana çevirir. 1990-cı ildə fəaliyyətə başlayan Macəra Turizmi üzrə Ticarət Assosiasiyası bu gün macəra turizmi sahəsində dünyanın aparıcı beynəlxalq şəbəkəsinə çevrilib. Hazırda təşkilatın qlobal ekosistemi turoperatorlar, mehmanxana və istirahət məkanları, səyahət məsləhətçiləri, turizm qurumları, destinasiyaların marketinqi və idarə olunması ilə məşğul olan təşkilatlar, turizm mütəxəssisləri, avadanlıq və texnologiya şirkətləri, sığorta şirkətləri və turizm mediası da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən 100 mindən çox mütəxəssisi birləşdirir. Assosiasiya macəra turizminin dayanıqlı və məsuliyyətli inkişafının təşviqində, müxtəlif sahələr arasında əməkdaşlığın gücləndirilməsində və turizm istiqamətlərinin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayır. ATTA-nın qlobal rəhbərlik görüşü üçün Kapadokiyanı seçməsi Türkiyənin macəra turizmi sahəsində beynəlxalq nüfuzunun artdığını göstərir. Bu il illik İdarə Heyətinin iclası üçün Kapadokiyaya gələn nümayəndə heyəti, eyni zamanda, bölgənin zəngin macəra turizmi imkanları ilə yaxından tanış olub. Proqram çərçivəsində mənzərəli vadilərin cığırları boyunca xüsusi e-velosiped turu təşkil edilib, həmçinin Salomon Cappadocia Ultra Trail marşrutu ilə tanışlıq səfəri keçirilib. ATTA-nın İdarə Heyətinin sədri Erik Blachford da bölgəyə şəxsi marağını nümayiş etdirərək 16–18 oktyabr tarixlərində keçirilən və Türkiyənin cığır qaçışı təqvimində mühüm yer tutan Salomon Cappadocia Ultra Trail yarışında şəxsən iştirak edib. Proqramın diqqətçəkən məqamlarından biri isə 18 oktyabr 2026-cı il tarixində təşkil olunan xüsusi B2B işgüzar əlaqələr kokteyli olub. Strateji əməkdaşlıq və əlaqələrin qurulması platforması kimi nəzərdə tutulan tədbir yerli macəra turizmi operatorlarını, hotel nümayəndələrini və bölgənin digər maraqlı tərəflərini ATTA-nın İdarə Heyətinin üzvləri ilə bir araya gətirib. Görüşün əsas məqsədi qarşılıqlı fayda verən əməkdaşlıq imkanlarını araşdırmaq və yeni işgüzar əlaqələrin qurulmasına şərait yaratmaq olub. ATTA-nın Türkiyəni böyük potensiala malik, perspektivli macəra turizmi istiqaməti kimi dəyərləndirməsi təşkilata olan etimadın göstəricisidir. İdarə Heyətinin üzvlərinin görüşü ATTA ilə Türkiyə arasında əməkdaşlığın inkişafı və ölkənin macəra turizmi imkanlarının beynəlxalq turizm sənayesinin aparıcı nümayəndələrinə tanıdılması baxımından əhəmiyyət daşıyıb. Görüşün, həmçinin gələcəkdə Elevate Europe və World Summit daxil olmaqla, ATTA-nın irimiqyaslı beynəlxalq tədbirlərinin Türkiyədə keçirilməsi üçün strateji tərəfdaşlıqların qurulmasına zəmin yaradacağı gözlənilir. Türkiyənin ən sevilən turizm istiqamətlərindən biri olan Kapadokiya möhtəşəm təbiət mənzərələrini, minillik tarixi və zəngin macəra imkanlarını bir araya gətirir. Minilliklər ərzində külək və suyun təsiri ilə formalaşan vulkanik vadilər və məşhur pəri bacaları ilin bütün fəsillərində kəşf üçün heyrətamiz mənzərə yaradır. Mənzərəli vadi cığırlarında yürüşlərdən çətin e-velosiped və dağ velosipedi marşrutlarına, at belində safarilərdən isti hava şarı ilə uçuşlara qədər hər bir təcrübə bölgənin özünəməxsus relyefini fərqli tərəfdən kəşf etməyə imkan verir. Kapadokiya açıq hava macəraları ilə yanaşı, yüksək səviyyəli qonaqpərvərlik təcrübələri də təqdim edir. Özünəməxsus atmosferə malik mağara otelləri, MICHELIN Bələdçisində yer alan zəngin kulinariya məkanı və əsrlərdən bəri şərabçılıq ənənələrini qoruyub saxlayan üzüm bağları bölgədə istirahəti daha da yaddaqalan edir. Yerli dadları və mədəni irsi səyahət təcrübəsinə qatan bu məkanlar macəra dolu günləri xoş istirahətlə tamamlamağa imkan yaradır. Nuray Paşşanlı

26 oktyabr 2026 10:52
Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib - FOTOLAR
Maliyyə

Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib - FOTOLAR

Bank Respublika və Asiya İnkişaf Bankı sahibkarlığın dəstəklənməsinə yönəlmiş növbəti kredit müqaviləsini bağlayıb. Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ticarəti sahəsində fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsinə, eləcə də qadın sahibkarlığının dəstəklənməsinə yönəldiləcək. Maliyyələşmə həmçinin müasir damcı suvarma sistemlərinin tətbiqinə və müxtəlif hava şəraitinə uyğunlaşan bitki və meyvələrin yetişdirilməsini də dəstəkləyəcək. Ölkə üzrə geniş filial şəbəkəsi sayəsində Bank Respublika Azərbaycanın bütün regionlarında sahibkarlar üçün maliyyələşmənin əlçatanlığını təmin edəcək. "Bu maliyyələşdirmə özəl sektorun aparıcı rol oynadığı iqtisadi artımı təşviq etdiyinə, ərzaq təhlükəsizliyini gücləndirdiyinə, dayanıqlığı artırdığına və paytaxtdan kənar regionlarda qadınların rəhbərlik etdiyi bizneslərin maliyyəyə çıxış imkanlarını genişləndirdiyinə görə AİB-in 2025–2029-cu illər üzrə Azərbaycana dair Ölkə Tərəfdaşlıq Strategiyasına tam uyğundur. Bu layihə AİB-in "Bank Respublika" ilə mövcud əməkdaşlığına təkan verir və biz qeyd olunan məqsədlərə nail olmaq üçün tərəfdaşlığımızı daha da dərinləşdirməkdən məmnunuq", – ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Jamal bildirib. "Azərbaycanın regionlarında sahibkarlığın dəstəklənməsi Bank Respublikanın strateji prioritetlərindən biridir. Asiya İnkişaf Bankı ilə yeni saziş kiçik və orta biznesin, xüsusilə kənd təsərrüfatı, müasir aqrotexnologiyalar və qadın sahibkarlığı sahələrində maliyyələşdirilməsini genişləndirməyə imkan verəcək. Biz ADB ilə uzunmüddətli əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bizim üçün bu saziş yalnız uzunmüddətli maliyyələşmə mənbəyi deyil, həm də beynəlxalq maliyyə institutlarının bankımızın dayanıqlılığına, strategiyasına və fəaliyyətinin nəticələrinə etimadının növbəti təsdiqidir" deyə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib ADB. Asiya və Sakit okean regionunda davamlı, inklüziv və dayanıqlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. 1966-cı ildə yaradılan ADB-nin 69 üzvü var və onlardan 50-si region ölkələridir. Bank Respublika. 1992-ci ildə yaradılmış Bank Respublika fiziki şəxslərə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, eləcə də korporativ müştərilərə geniş çeşiddə maliyyə xidmətləri təqdim edən Azərbaycanın aparıcı banklarından biridir. Sahibkarlığın maliyyələşdirilməsini strateji prioritetlərindən biri kimi müəyyənləşdirən Bank 2026-cı ildə nüfuzlu beynəlxalq "Euromoney" nəşri tərəfindən "Azərbaycanda kiçik və orta biznes üçün ən yaxşı bank" mükafatına layiq görülüb. Daha ətraflı məlumat üçün: Veb sayt: www.bankrespublika.azSosial şəbəkələr: Facebook Instagram LinkedIn TelegramÇağrı Mərkəzi: 144 Nuray Paşşanlı

26 oktyabr 2026 10:03
Maşının üstünə binadan əşya düşərsə zərəri kim ödəyəcək? — Qanun
Özəl

Maşının üstünə binadan əşya düşərsə zərəri kim ödəyəcək? — Qanun

Avtomobilin üzərinə qonşunun həyətindən və ya evindən hər hansı əşyanın düşməsi nəqliyyat vasitəsinə ciddi maddi ziyan vura bilər. Belə hallarda sürücülər dəymiş zərərin kim tərəfindən qarşılanmalı olduğu və kompensasiyanın hansı qaydada tələb edilə biləcəyi ilə bağlı suallarla üzləşirlər. Bəs bu cür hadisələrdə məsuliyyət kimin üzərinə düşür və zərərçəkən sürücü hüquqlarını necə qoruya bilər? Vəkil Vüsalə Muradxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, qonşunun həyətindən, balkonundan, damından və ya evindən hər hansı əşyanın avtomobilin üzərinə düşərək zərər vurması halında məsuliyyət Mülki Məcəllənin zərərvurma nəticəsində yaranan öhdəliklərlə bağlı normaları əsasında müəyyən edilir. Onun sözlərinə görə, ümumi prinsip ondan ibarətdir ki, mülki hüquq pozuntusu nəticəsində şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran şəxs tərəfindən tam həcmdə ödənilməlidir: "Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə görə, məsuliyyətin yaranması üçün, bir qayda olaraq, hüquqazidd hərəkət və ya hərəkətsizlik, zərər, səbəbli əlaqə və təqsir müəyyən edilməlidir. Ali Məhkəmə də delikt məsuliyyətində əsas qaydanın təqsirli məsuliyyət olduğunu vurğulayır. Mülki Məcəllənin 1096 və 1097-ci maddələri delikt məsuliyyətinin ümumi əsaslarını müəyyən etsə də, binadan əşyanın atılması, düşməsi və ya axıdılması nəticəsində vurulmuş zərərə görə məsuliyyət məsələsi həmin Məcəllənin 1111.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi norma əsasında həll edilməlidir. Bu normaya əsasən, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna olmaqla, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. Birinci hal, əşyanın konkret şəxsin təqsiri nəticəsində avtomobilin üzərinə düşməsidir. Məsələn, qonşu balkonunda ağır əşyanı təhlükəli vəziyyətdə saxlayıbsa, konstruksiyanı bərkitməyibsə və ya əvvəlcədən təhlükə yaratdığı məlum olan predmetlə bağlı tədbir görməyibsə, onun hərəkətsizliyi ilə avtomobilə dəyən zərər arasında səbəbli əlaqə müəyyən edilərsə, zərərin ödənilməsi həmin şəxsdən tələb oluna bilər. İkinci hal zərər binanın ümumi əmlakından qaynaqlanmasıdır. Dam örtüyü, fasad elementi, ümumi konstruksiya və ya digər ümumi hissə avtomobilə düşübsə, məsuliyyət həmin əmlakın saxlanmasına və təhlükəsiz vəziyyətdə qorunmasına cavabdeh olan şəxs və ya qurum baxımından araşdırılır. Paylı ümumi mülkiyyətlə bağlı Mülki Məcəllənin 217-ci maddəsi ümumi əmlakın saxlanması və qorunması xərclərində mülkiyyətçilərin iştirakını nəzərdə tutur. Üçüncü hal zərəri üçüncü şəxs törətməsidir. Əgər əşyanı qonaq, işçi, təmir aparan şəxs və ya başqa üçüncü şəxs atıb və ya düşməsinə səbəb olubsa, ilkin olaraq məsuliyyət həmin şəxsin hərəkətinə görə müəyyən edilə bilər. Əgər bu şəxs əmək vəzifəsini yerinə yetirərkən zərər vurubsa, işəgötürənin məsuliyyəti məsələsi də yarana bilər. Əşyanın qonaq, işçi, təmir aparan şəxs və ya digər üçüncü şəxs tərəfindən atılması, yaxud onun hərəkəti nəticəsində düşməsi halında, həmin şəxsin zərərvuran kimi məsuliyyəti ilə yanaşı, Mülki Məcəllənin 1111.2-ci maddəsində müvafiq otağı tutan şəxs üçün nəzərdə tutulmuş məsuliyyət də nəzərə alınmalıdır. Üçüncü şəxsin zərərin vurulmasında iştirak etməsi həmin maddədə ayrıca məsuliyyətdən azadolma əsası kimi müəyyən edilməmişdir. Zərər əmək vəzifələrinin icrası zamanı vurulduqda isə Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq işəgötürənin məsuliyyəti məsələsi də qiymətləndirilməlidir. Dördüncü hal qarşısıalınmaz qüvvə olmasıdır. Güclü fırtına və ya əvvəlcədən qarşısı alınması mümkün olmayan fövqəladə hadisə baş veribsə, bu, məsuliyyətdən azad etmə üçün əsas ola bilər. Amma cavabdeh göstərməlidir ki, zərərin qarşısının alınması üçün ondan gözlənilən normal təhlükəsizlik tədbirlərini görmüşdü. Ali Məhkəmə də göstərir ki, bəzi hallarda cavabdeh səbəbli əlaqənin kəsilməsini və ya zərərin qarşısıalınmaz qüvvə nəticəsində baş verdiyini sübut etməklə məsuliyyətdən azad ola bilər. Ali Məhkəmə Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci il tarixli 20 nömrəli Qərarının 4.30-cu bəndində təqsirsiz məsuliyyət hallarına münasibətdə izah edilmişdir ki, cavabdeh səbəbli əlaqənin kəsilməsini və ya zərərin qarşısıalınmaz qüvvənin təsiri nəticəsində yaranmasını sübuta yetirməklə məsuliyyətdən azad ola bilər. Beşinci hal zərərçəkənin öz davranışı da zərərə təsir etməsidir. Məsələn, avtomobil təhlükəli zonada, xəbərdarlıq nişanına baxmayaraq və ya aşkar risk olan yerdə saxlanılıbsa, bu hal zərərin yaranmasına və ya artmasına təsir edən amil kimi məhkəmə tərəfindən nəzərə alına bilər. Zərərin ödənilməsi məsələsində sürücünün əsas vəzifəsi sübutları toplamaqdır. Hadisə yeri, avtomobilin zədələnmiş hissələri, düşən əşya, bina və ya həyət foto-video ilə qeydə alınmalı, şahidlər müəyyən edilməli, kamera görüntüləri qorunmalı və zərərin məbləği ekspertiza, servis rəyi və ya təmir smetası ilə təsdiqlənməlidir. Əgər məsul şəxs zərəri könüllü ödəmirsə, avtomobil sahibi məhkəməyə müraciət edərək real zərərin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzi həm naturada məsələn, zədələnmiş əşyanın təmiri yolu ilə, həm də pul şəklində ödənilə bilər. Belə hallarda məsuliyyəti müəyyən etmək üçün əşyanın nədən düşdüyü, kimə məxsus olduğu, hadisənin qarşısının alınıb-alına bilməyəcəyi və avtomobilə dəymiş ziyanın məbləği nəzərə alınır". Nuray Paşşanlı

26 oktyabr 2026 09:00