"Azərbaycan dövləti, xüsusilə Daxili İşlər Nazirliyi kriminal aləmə qarşı həm maarifləndirmə işi aparır, həm də sərt mübarizə tədbirləri həyata keçirir. Azərbaycanda kriminal aləmə meyilli şəxslər var, bu, zaman-zaman olub və bundan sonra da olacaq. Sadəcə, orta məktəbin yuxarı siniflərində oxuyan şagirdlər arasında da belə təbliğata meyil göstərənlərə rast gəlinir. Bu isə, əsasən, orta məktəblərdə maarifləndirmə işinin zəif aparılması ilə bağlıdır.
Orta məktəbin yuxarı siniflərində, məsələn, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət qanunvericiliyi şagirdlərə ümumi şəkildə də olsa, öyrədilməli, onlara izah olunmalıdır ki, Azərbaycan hüquqi dövlətdir və burada heç kim özbaşına qayda-qanun müəyyən edə bilməz. Qanunları dövlət müəyyən edir və istər kriminal aləmin nümayəndələri, istərsə də sadə vətəndaşlar olsun, hər kəs həmin qanunlara riayət etməlidir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında hüquqşünas və detektiv yazıçısı Müşfiq Abbasov deyib.
Onun sözlərinə görə, heç kim özündən qanun çıxara və hansısa məsələnin ədalətlə yalnız öz bildiyi şəkildə həll olunmalı olduğunu iddia edə bilməz:
"Kriminal aləmdə ədalətdən söhbət gedə bilməz. Ədaləti təmin edən dövlət orqanları, hüquq-mühafizə orqanları və məhkəmələrdir. Təəssüf ki, Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfərin həbs edildiyi hadisədə iştirak edən şəxslərin əksəriyyəti əvvəllər məhkum olunmuş insanlardır. Yəni onlar vaxtilə cəza çəkiblər. Bu da göstərir ki, Azərbaycanda bəzi hallarda cəza çəkmiş şəxslərin cəmiyyətə reinteqrasiyası lazımi səviyyədə həyata keçirilmir və həmin şəxslər yenidən cinayət törədirlər.
İlk növbədə, maarifləndirmə işini gücləndirmək lazımdır. Bununla yanaşı, cəzaçəkmə müəssisələrindən azadlığa çıxan şəxslərin sosial təminatı, işlə təmin olunması və digər məsələlər də müvafiq qurumlar tərəfindən həll edilməlidir. Hazırda hadisə ilə bağlı cinayət işi başlanıb və istintaq aparılır. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlamalar veriblər. İki nəfər qəsdən adam öldürmə cinayətinə görə məsuliyyətə cəlb olunub. Digər şəxslərin də əməllərində cinayət tərkibi müəyyən edilərsə, onlara, ehtimal ki, qrup halında xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyaların tətbiqi ilə xuliqanlıq və digər maddələrlə ittiham verilə bilər. İstintaqın nəticəsində hər kəsin əməlinə hüquqi qiymət veriləcək.
Əslində, bəzi media orqanlarının bu mövzuda təbliğat üsulu da düzgün deyil. Məsələn, bəzi saytların xəbər başlıqlarına baxanda "Sabunçu Emini", "Xırdalanlı filankəs" kimi ifadələrə rast gəlirik. Həmin şəxslərin ləqəblərlə təqdim olunması medianın düzgün yanaşması deyil. Xəbərlərdə şəxslərin adı və soyadı göstərilməlidir. Onların özlərinə götürdükləri ləqəbləri niyə mediada xüsusi şəkildə qabardırıq?
Belə təqdimat bəzi gənclərdə maraq yarada bilər: "Bu, Sabunçu Emin kimdir? Niyə ona belə deyirlər?" Buna görə də media xəbər başlıqlarını seçərkən və ifadələrdən istifadə edərkən xüsusilə ehtiyatlı olmalıdır. Xəbərlər maarifləndirməyə yönəlməli, cinayət əməlləri isə pislənməlidir.
Media orqanları "qanun oğruları", "kriminal aləm" kimi ifadələrin istifadəsinə də yenidən baxmalı, bu şəxsləri cinayətkar qrupların üzvləri kimi təqdim etməlidirlər. Bunlar cinayət törətməkdə ittiham olunan və ya müvafiq qaydada təqsiri müəyyən edilmiş şəxslərdir. Hər bir halda hüquqi status düzgün göstərilməlidir.
Həmin hadisəyə baxanda insan təəssüflənir. Orada kənar şəxslər, uşaqlar, qadınlar və digər insanlar ola bilərdi. Onlar xəsarət ala bilərdilər. Belə qruplaşmalara qarşı Daxili İşlər Nazirliyi mübarizəni davam etdirməlidir. Hadisədən sonra hüquq-mühafizə orqanlarının operativ reaksiyası və şübhəli şəxslərin qısa müddətdə müəyyən edilməsi bunu göstərir.
Qısa müddətdə 11 nəfərin saxlanılması dövlətin bu məsələyə ciddi yanaşdığını göstərir. Dövlət, xüsusilə Daxili İşlər Nazirliyi, bu mübarizədə geri çəkilməyəcək və həmin şəxslərə qarşı qanun çərçivəsində ciddi tədbirlər görəcək.
Həmin şəxslərin saxlanılması və məhkəməyə gətirilməsi görüntülərinin ictimaiyyətə təqdim olunması da gənclərə müəyyən mesaj verir, yəni cinayətkar həyat tərzinin sonu belə ola bilər, məhkəmə qarşısında cavab verməli olurlar.
Ümumiyyətlə, media da bu məsələlərə tənqidi yanaşmalı, cinayət əməllərinin nəticələrini cəmiyyətə düzgün çatdırmalıdır".


